
18.03.2014. Martın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin (İB) təşkilatçılığı və “Təkamül və İnteqrasiya” Beynəlxalq İB-nin dəstəyi ilə “Bir uşağa həyat verək” devizi altında balaca rəssamların xeyriyyə sərgisi açılıb.
Açılış mərasimində “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İB-nin sədri Kəmalə Əliyeva çıxış edərək sərgidə uşaqların müxtəlif mövzularda çəkdikləri rəsmlərin nümayişinin və satışının təşkil olunduğunu bildirib.
“Təkamül və İnteqrasiya” İB-nin sədri Arzu Qədirova vurğulayıb ki, sərgidə nümayiş olunan hər bir əsər uşaqların Azərbaycan haqqında təsəvvürlərini əks etdirir. Bu tədbirin keçirilməsi həm şagirdlər, həm sağlamlıq problemləri olan körpələr üçün bahar hədiyyəsidir.
Sərgidə məktəb şagirdlərinin əl işi olan 51 tablo nümayiş olunur. Bu əsərlərin satışından əldə edilən vəsait müxtəlif xəstəlikləri olan dörd uşağın müalicəsinə sərf olunacaqdır.
18.03.2014