
29.01.2014. “Abşeron” rəsm qalereyasında “Yaponiya müsabiqəsinin qalibləri” mövzusunda sərgi açılıb. Sərgidə üç yeniyetmə rəssamın – Cavidan Əhmədovun, Məhəmməd İsmayılovun və Nərgiz Əmiraslanovanın əsərləri nümayiş olunur. Sərgilənən 57 əsər qrafik kompozisiyalardan və qismən də yağlı boya ilə işlənmiş tablolardan ibarətdir.
Cavidan Əhmədov sənətsevərlərin diqqətinə 22 rəsm və tablosunu təqdim edir. Onun “Nuhun gəmisi”, “Kənd mənzərəsi”, “İki nəfər”, “Bakı haqqında nəğmə” kimi yeni kompozisiyaları yaradıcılıq qabiliyyətinin möhkəmləndiyindən xəbər verir. Gənc rəssam son vaxtlar milli miniatür üslubunda cəlbedici kompozisiyalar yaradır. Elə bu kompozisiyalardan biri Yaponiyadakı beynəlxalq müsabiqədə müəllifinə 15 yaş kateqoriyası üzrə birincilik qazandırıb.
Məhəmməd İsmayılovun “İrəvan qalası”, “İçərişəhər”, “Gil qablar və meyvələrlə natürmort”, “Şüşə qablarla natürmort” kimi yeni rəsmləri müəllifin sürətlə inkişafından xəbər verir. O, 2012-ci ildə Yaponiyada çoxfiqurlu kompozisiyası ilə qələbə qazanıb. Gələcəkdə Məhəmməd İsmayılovun çoxfiqurlu kompozisiya ustası kimi yetişəcəyinə ümid edirik. Tarixi, ictimai, əmək mövzularında iri tabloları yüksək səviyyədə işləyir.
Cəmi 8 yaşı olan Nərgiz Əmiraslanovanın əsl inkişafı hələ irəlidədir. “Tovuzquşu”, “Bahar əhval-ruhiyyəsi”, “Bayquş”, “Vazada meyvələr” rəsmləri isə balaca Nərgizin müxtəlif texnikalara həvəslə yiyələndiyindən xəbər verir. Sərgi fevralın 3-dək davam edəcək.
29.01.2014