Nağıllar, hekayələr

A.Şaiq. “Usta Bəxtiyar”

Bir gün zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. O, vəzirindən soruşdu: 
– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?.. 
Saray adamları vəzirin susduğunu görüb yer-yerdən dedilər: 
– Padşahım, yer üzündə sizdən xoşbəxt kim ola bilər? Sizdə olan bu calal, bu dəbdəbə kimdə var? 
Vəzirin susmağından şah qəzəbləndi. Qaşlarını çataraq acıqlı səslə: 
– Vəzir, mənim sualıma niyə cavab vermirsən? – deyə soruşdu. 
Vəzir baş əyib cavab verdi: 
– Padşahım, həqiqəti söyləməkdən qorxuram. Bəxtiyarlıq haqqında mənim fikrim başqadır. Onu calal və dəbdəbə ilə ölçmək olmaz! 
Bu sözlər padşahı daha da qəzəbləndirdi: 
– Qoca, yoxsa məndən daha bəxtiyar adam tanıyırsan? 
Qoca vəzir baş əyib cavab verdi: 
– Bizim bu şəhərdə bir dəmirçi var, adı Əhməddir. Bu adam dünyada dərd nədir, qəm nədir bilməz. O qədər gözəl və xoşbəxt həyat sürür ki, hamı onun adını “Bəxtiyar” çağırır. 
Padşah istehza ilə gülərək soruşdu: 
– Onun bəxtiyarlığı nədən ibarətdir? Dəmirçilik hara, bəxtiyarlıq hara? 
– Yox, padşahım, mən də birinci dəfə eşitdiyim zaman inanmadım. Dükanına getdim, evinə getdim, axırda onun çox bəxtiyar bir adam olduğuna inandım. 
Padşah hövsələdən çıxdı, elə o saatca taxtdan enərək: 
– Yaxşı, qalx gedək, onu mənə göstər, görüm səhərdən axşamacan çəkic vuran bu kasıb dəmirçinin məndən nəyi artıqdır, – dedi.
Vəzir qalxdı, hər ikisi dərviş paltarı geyib yola düşdü. Bazara çatdıqda, vəzir dəmirçi Əhmədin dükanını göstərib özü qayıtdı. Padşah dərviş paltarında gedib Usta Əhmədin dükanı ağzında dayandı. Usta Bəxtiyarın gözü qapıda dayanmış dərvişə sataşdı, çəkici əlindən yerə qoyub: 
– Ağa dərviş, günortanız xeyir olsun, mənə görə qulluq? 
Dərviş gözlərini Usta Bəxtiyarın üzünə dikərək: 
– Mənim səninlə işim yoxdur, – deyə geri çəkildi. 
Usta Bəxtiyarın bütün ailə üzvləri süfrə başına oturub, deyir-gülür, danışırdılar. Bu zaman qapı döyüldü. Qapını açan usta Bəxtiyar bazarda gördüyü dərvişi dərhal tanıdı.
Usta Bəxtiyarın bütün ailə üzvləri süfrə başına oturub, deyir-gülür, danışırdılar. Bu zaman qapı döyüldü. Qapını açan usta Bəxtiyar bazarda gördüyü dərvişi dərhal tanıdı. Usta Bəxtiyar qonağı məşğul etmək üçün şirin-şirin danışırdı. Süfrəyə çay gəldi. Usta Bəxtiyar stəkanı qaldırıb baxdıqdan sonra: 
– Bəh, bəh, nə gözəl dəm çəkib, padşah da ömründə belə çay içməyib, – dedi. Bir az sonra süfrəyə piti gəldi. O, böyük bir iştaha ilə yeməyə başladı. Xörək ona o qədər xoş 
gəldi ki, özünü saxlaya bilməyib: 
– Ağa dərviş, həvəslə ye, belə pitini padşah da ömründə heç yeməyib, – dedi. 
Səhər oldu. Dəmirçi bazara gəldi, dükanı açdı. Bu zaman şahın carçısı bazar başında uca səslə bağırdı: 
– Şahın əmri ilə bütün dəmirçi dükanları bağlanmalıdır. Dəmirçilik qadağandır! 
Bu səs Usta Bəxtiyarın qolunu taqətsiz buraxdı. Əlindəki dəmir parçasını dükanın bir tərəfinə atdı, ocağı söndürdü, dükanı bağlayıb getdi. 
İki gün sonra padşah Usta Bəxtiyarın halını soruşmaq üçün dərviş paltarında saraydan çıxdı. Şəhərin küçələrini gəzə-gəzə yeni tikilməkdə olan bir bina qarşısına yetişdi. 
Gördü ki, bir bənna çox həvəslə işləyir. 
Dərviş ürəyində gülərək: 
– Hərif dəmirçilikdən bənnalığa keçibdir, – dedi. 
Ertəsi gün Usta Bəxtiyarı padşahın hüzuruna gətirdilər. Padşah dedi: 
– Usta Bəxtiyar, eşitmişəm ki, sən çox qoçaq adamsan, ona görə də səni sarayda fərraş təyin edirəm. 
Bu sözləri eşidincə Usta Bəxtiyar padşahın təklifini rədd etmək istədi. Ancaq padşah: 
“Sözüm sözdür”, – deyə inadından dönmədi, onu tövləyə saldırdı, ac-susuz saxladı. Üç gün sonra yenə onu hüzuruna çağırıb soruşdu: 
– Hə, necəsən? Fərraşlığı qəbul edirsən, ya yox? 
Usta Bəxtiyar: 
– Yox, mən öz sənətimi istəyirəm, – dedi. 
Padşah hirsini boğaraq soruşdu: 
– Sən bu dəmirçilikdən niyə əl çəkmək istəmirsən? Burada, yəqin, bir sirr var. O sirri gərək mənə açasan. 
– Məni azad edib öz sənətimi işlətməyə razı olsanız, deyərəm. 
Padşah söz verdi. Usta Bəxtiyar belə başladı: 
– Atam kasıb bir kişi idi. Mən uşaqlıqdan işləməyi sevmirdim. Düz iki il yazıq atam məni hansı sənətə qoydu, hər birinə bir bəhanə gətirib qaçdım. Bizimlə qapı-qapıya bir dəmirçi olurdu. Onun bir qızı vardı, adı Ceyran idi. Hər gün həyətdə bir yerdə oynayırdıq. Tənbəlliyimi görüb o, məni hər gün danlayırdı: “Sən yaxşı oğlansan, hayıf 
ki, tənbəlsən. Tənbəl adam xoşbəxt olmaz, mənim sənə yazığım gəlir”. 
Elə bil, başıma bir qazan qaynar su tökdülər. Bu söz məni çox bərk götürdü. Atam məni qonşumuz Həsən dayının dükanında şagird qoydu. O gündən usta Həsən nə əmr 
elədi, o saat yerinə yetirdim. Beş-altı ayda dəmirçiliyi öyrəndim. Bunun sayəsində dəmirçilikdə şöhrət qazandım. Məni xoşbəxt yaşadan bu iki şeydir: biri sənətim, biri də 
məhəbbətim.