Rafiq Ələkbəroğlu. Bir boşqab sıyıq
Qarabağ müharibəsində atəşkəs elan olunan zaman Elxangilin ailəsi Goranboy rayonunda, qaçqın şəhərciyində məskunlaşmışdı. Onlar bura bir il əvvəl Kəlbəcərdən köçmüşdülər. O zaman Elxanın atası cəbhədə döyüşürdü. Lakin Goranboya köçəndən üç ay sonra Ağdam cəbhəsindən sarsıdıcı xəbər gəldi: Səfər Mahmudov erməni işğalçıları ilə döyüşdə qəhrəmancasına həlak olmuşdu...
Müharibə ölkəyə böyük ziyan vurmuşdu. İqtisadiyyat dağılmışdı, insanların maddi vəziyyəti çox acınacaqlı idi. Çətin dövr idi, dövlət qaçqın ailələri üçün kifayət qədər vəsait ayıra bilmirdi. Elxangilin ailəsi də bir çox ailələr kimi çox çətin vəziyyətdə yaşayırdı. Ana təkbaşına kiçik otaqda bir oğul və iki qız böyüdürdü. O, rayon mərkəzindəki idarələrdən birində xidmətçilik edirdi. Lakin aldığı kiçik maaş uşaqların əyin-başına, yeməyinə çatmırdı. Ona görə də ana gecələr corab, jaket toxuyur, onları satdıraraq uşaqları korluq çəkməyə qoymurdu. Elxan ailənin böyük oğlu idi. Artıq on dörd yaşına çatmışdı. Çox diribaş, bacarıqlı oğlan idi. Dərslərini əla oxuyurdu. Müəllimlər ondan həmişə razılıq edirdilər. Elxan daim döş cibində atasının ona yazdığı son məktubu gəzdirirdi. Tək qalanda çıxarıb onu oxuyur, sanki şəhid atasının ruhu ilə söhbət edirdi. Məktubun son sətirləri ona daha çox çalışmaq üçün güc, qüvvət verirdi:
“Oğlum, sən indi evin kişisisən. Anandan, bacılarından muğayat ol. Yaxşı oxu. Mən istəyirəm, sən oxuyub dünya şöhrətli həkim olasan...”
Bazar günləri Elxan anasının toxuduğu geyim şeylərini bir torbaya doldurub yaxınlıqdakı kəndi əri ev-ev gəzir, satdıqlarının pulunu gətirib anasına verirdi. Artıq bu kəndlərdə onu tanıyır, şəhid oğlu olduğunu bilirdilər. Bəziləri hətta uşaqlarının ölçüsünə uyğun corab və ya əlcək sifariş edirdi.
Dərs ilinin sonu idi. Elxan bazar günü səhər durub torbasını yığanda evdəkilər hələ yatırdı. Elxan baxdı ki, çörək boğçasında cəmi üç dilim çörək qalıb. Bildi ki, anasının çörək belə almağa pulu qalmayıb.
Çörəyə əl vurmayıb anasına və bacılarına saxladı. Öz-özünə düşündü: “Bir şey sataram. Puluna çörək alıb yeyərəm”.
O, həmişəki kimi, ev-ev düşüb qapıları döyürdü. Lakin yundan toxunmuş geyim əşyalarına ehtiyac azalmışdı. Elxan səhərdən bəri heç bir şey sata bilməmişdi. Amma evə pulsuz qayıtmaq istəmirdi. Aclıq bir yandan, işinin gətirməməyi də bir yandan Elxanı taqətdən salmışdı. Ancaq dincini almadan gəzir, “Corab, jaket, şərf” deyə kəndin dar küçələrinə səs salırdı. Qarşıda ikimərtəbəli çəhrayı ev görünürdü. Bu evin yiyəsi gülərüz bir qadın idi. Elxan onu tanıyırdı. Qadın hərdən ondan bir şey alar, almasa da, şirin sözlə dindirər, haləhval tutardı:
“Mehri xalan sənə qurban... Necəsən, qadan alım... Anana Mehri xaladan salam de...”
Elxan qərara gəldi ki, Mehri xalanın qapısını döyüb bir parça çörək istəsin. “Görəsən, bu, dilənçilik olmaz?” - deyə bir anlığa düşündü. Amma çarəsi yox idi, acından başı hərlənirdi. Çəkinə-çəkinə qapını döydü. İçəridən tanış səs gəldi: “Gəldim, gəldim”. Qapı açıldı. Mehri xala, həmişəki kimi, şirin-şirin dilləndi:
- Bıy, başına dönüm. Bu istilər düşən vaxt sən niyə yun şeylər satırsan?
Bu an utandığından Elxanın çörək istəməyə dili gəlmədi:
- Mehri xala, mənə bir stəkan su verə bilərsiniz?
Qadın diqqətlə Elxana baxıb dedi:
- Bir içəri keç görüm. Sonra uşağın tərəddüd etdiyini görüb əlindən tutdu və otağa aparıb stol arxasında əyləşdirdi. Özü mətbəxə keçib tez də qayıtdı. Əlində bir boşqab sıyıq və lavaş var idi. Bunu görən Elxan ayağa qalxmaq istədi:
- Yox, mən eləcə su...
Mehri xala qətiyyətlə onun çiynindən basıb ərklə dedi:
- Az danış! Çörəyini ye! Heç sifətinin rəngindən xəbərin var?!
Bunu deyib o, Elxanın torbasını götürdü və yan otağa keçdi:
- Mən də baxım görüm bizim arşınmalçının boğçasında nə var, nə yox. “Yəqin, sıyığın əvəzində bir şey alacaq”, - deyə Elxan düşündü və bir az rahatlaşıb iştahla sıyığı yedi. Bu vaxt Mehri xala otağa qayıtdı.
O, torbadan bir cüt corab çıxarıb əlində tutmuşdu.
- Bu corabı qardaşım arvadına göndərəcəyəm. Onlar İrkutskda yaşayırlar. Ora həmişə soyuqdur. Bunu deyib qadın Elxanın cibinə nə isə basdı. Elxan pulu götürmək istəmədi:
- Lazım deyil... Bəs sıyıq?..
- Nə?! Utanmırsan?!. Yeri, yeri, yoxsa qulağını elə dartaram ki...
İstedadlı cərrah Elxan Mahmudov gənc olmasına baxmayaraq, dünyanın məşhur tibb mərkəzlərində təcrübə keçmişdi. İndi o, Bakı şəhərində özəl klinikaların birinə baş həkim təyin olunmuşdu. Elxan həkim səhər xəstələrə baş çəkdikdən sonra otağında oturub kompüterdə işləyirdi. Bu zaman köməkçisi otağa daxil olub məlumat verdi:
- Doktor, Goranboy rayonundan ağır vəziyyətdə bir xəstə daxil olub.
- Goranboydan?
- Bəli.
- Adı nədir?
- Mehriban...
- Köməkçi dəqiqləşdirmək üçün əlindəki vərəqə baxdı.
- Mehriban Səmədova. 58 yaşı var. İlkin diaqnoz ürək çatışmazlığıdır. Elxan Mahmudov bir anlığa fikrə getdi. Sonra cəld ayağa qalxıb köməkçisinə dedi:
- Gedək baxaq. Baş həkim çarpayıda huşsuz halda uzanmış qadına yaxınlaşıb diqqətlə ona baxdı. Əlindən tutub nəbzini yoxladı. Nəzərlərini qadının nurani çöhrəsindən çəkmədən köməkçisinə dedi:
- Həkimləri yığın. Xəstəni hərtərəfli müayinə edib dəqiq diaqnoz qoymaq lazımdır. Bir saatdan sonra diaqnoz hazır idi. Bundan sonra doktor Mahmudov qətiyyətlə ayağa qalxdı:
- Əməliyyat otağını hazırlayın. Mənim xalatımı gətirin. Əməliyyatı mən özüm aparacağam. Bu zaman köməkçi baş həkimə yaxınlaşıb pıçıldadı:
Doktor, bu çox bahalı əməliyyatdır. Biz xəstənin qohumları ilə əlaqə yarada bilməmişik. Bilmirik, onun əməliyyat xərclərini ödəməyə imkanı olacaqmı? Doktor Mahmudov köməkçisinə baxıb gülümsündü:
- Bu pasiyent artıq bütün xərcləri ödəyib.
- Nə vaxt? Nə qədər? - köməkçi təəccübləndi.
- Çox illər bundan qabaq. Bir boşqab sıyıqla...