Mirzə Fətəli Axundov. “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara) I məclis
Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.
Əfradi-əhli-məcalis:
Heydər bəy
Əsgər bəy
Səfər bəy
Sona xanım – Heydər bəyin adaxlısı
Təyyibə xanım – Sona xanımın anası
Hacı Qara – sövdagər
Tükəz – onun arvadı
Bədəl – onun oğlu
Kərəməli – onun nökəri
Xudaverdi – müəzzin
Ohan – qaraulların yüzbaşısı
Sərkis, Qəhrəman, Karapet və başqa altı qaraul
Mkrtıç və Tuğ əkinçiləri
Arakel
Murov
Naçalnik
Xəlil – yüzbaşı, murov yanında
Murovun və naçalnikin əmaləsi
Yasavul
ƏVVƏLİNCİ MƏCLİS
Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə, Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə. Heydər bəy qabağında habelə yaraqlı-əsbablı qıvraq geyinmiş məlal ilə danışır.
Heydər bəy: Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi gərək dustaq alaçığın içində oturasan. Dövlət dəxi haradan olsun, pul haradan olsun!? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur! Nə qızılbaş döyüşü var, nə osmanlı döyüşü var! Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxarsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddır.
Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda kəsb etdiyi gümüş rəxtlərdən satırdılar. Bir belə döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən ollam! Bir hünər göstərrəm ki, Rüstəmi-dastan da göstərməmiş ola! Mənim işim budur! Nə ki, naçalnik məni çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə! Peşman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağib deyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm! Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və gümçü görükməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki, onun oğlu Heydər bəyəm, mən də etməyəcəyəm! Qaş-qabaqlı üzün çevirib atın sürdü.
Səfər bəy: Bu sözlərdən fayda yoxdur. Hər kəs hər nə deyir, desin: oğurluq ət yeməyib, at minməyəndən sonra dünyada gəzməyin nə ləzzəti var? Gecə keçdi, Əsgər bəy bilmirəm niyə yubandı? Ha, odur gəlir!
Bu halda Əsgər bəy yetişir.
Əsgər bəy: Heydər bəy, mən də hazıram. Gedirsiniz, bismillah, yola düşək. Niyə belə qəmgin və fikirli görükürsən?
Heydər bəy: A kişi, bilmirəm hansı ağzı dağınıq naçalnikə məni nişan veribdir. Mahalı gəzməyə çıxmış imiş. Bu gün obanın qırağından ötəndə məni çağırıb deyir ki: Heydər bəy, quldurluq, oğurluq eləmə!
Səfər bəy: Yəni acından öl!
Heydər bəy: Əlbəttə, elə deməkdir! Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir! Əgər o əl çəkə, ölkə farağat olar. Dana-doluq oğurlamaq da bizə çətin olubdur. İndi məəttəl qalmışam: əgər qızı gedib götürsək, qorxuram ata-anası şikayət edə; gərək genə təzədən qaçaq olam.
Əsgər bəy: Heydər bəy, tamam Qarabağ bilir ki, o qızı ata-anası sənə veriblər; bilmirəm götürüb qaçmağına səbəb nədir?
Heydər bəy: Səbəb odur ki, pul tapmıram xarcın çəkib, toyun edib gətirəm. Ondan ötrü Səfər bəy məsləhət görür ki, götürüm qaçım, toy xarcı aralıqda itsin. Amma bu iş mənə ölümdən bədtər görünür ki, deyəcəklər: Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısın götürdü qaçdı. Çün Səfər bəy dedi ki, qorxundan bu bəhanəni gətirirsən, onun üçün acığa düşüb səni çağırtdım ki, sən də mənə yoldaşlıq edəsən.
Səfər bəy: Mənim üçün təfavütü yoxdur! Mənim yanımda uf-uf elədin ki, iki ildir adaxlını toy edib gətirə bilmirsən. Mən də dedim ki, istəyirsən, gəlim, gedək qaçıraq, gətirək. İndi özün bil!
Əsgər bəy: Heydər bəy, bu niyyətdən düş! Mənə bir on beş gün möhlət ver, mən sənə toy xarcı hazır edim; ağıllı-başlı toy elə, adaxlını gətir!
Heydər bəy: Toy xarcını hardan hazır edəcəksən?
Əsgər bəy: On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə bir qazanarıq; onun qazancı ilə toyunu elərsən!
Heydər bəy: Avazın yaxşı gəlir, oxuduğun Quran olsa! Məgər Təbrizdə müftə mal töküblər, gedib yığışdırıb gətirək, gələk?
Əsgər bəy: Əlbəttə, müftə mal harda idi; pul ilə satın allıq.
Heydər bəy: Əcəb danışırsan! Mən pulu hardan alım?
Əsgər bəy: Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı Qara ağcabədilidən ki, sövdagər və dövlətli kişidir, pul götürrük, gedərik mal gətirrik, satarıq, onun pulunu özünə rədd edərik, qazancı bizə qalar.
Heydər bəy: Hacı Qara, deyirlər, çox xəsisdir. O adama pul verər? Əsgər bəy: Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. Tamahkar adamdır; ondan ötrü bizə də pul verər, özü də bizim ilə gedər.
Heydər bəy: Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. Amma gərəkdir əvvəl bir qız ilə görüşüb əhvalatı bildirəm, çünki söz vermişəm bu gecə məni gözlüyür.
Əsgər bəy və Səfər bəy: Çox əcəb, çox gözəl!
Heydər bəy: Di, bəs siz gedin, sonra mən gəlləm, sizinlə görüşərəm, bərabər gedərik Hacı Qaranın yanına!
Əsgər bəy və Heydər bəy: Salamat ol, gedirik. Amma sübh tezdən gəl. (Gedirlər.) Bu halda məclis dəyişilir. Uzaqda bir alaçıq görünür. Alaçıqdan on qədəm kənar, kolun dalısında Sona xanım qəşəng səfər paltarını geyinib, ipək çarşabı başında, o yan-bu yana baxır; qalxır, oturur.
Sona xanım: Allah, görəsən genə nə oldu, gəlmədi! Gecə yarıdan ötübdür, hələ indiyədək görükmür. Dan yeri ağarıb, sabah indicə açılar. Bilmirəm necə edim? Bir azacıq da gözətləyim, əgər gəlməsə, çarə yoxdur, gərək alaçığa qayıdam. (Qalxır ayaqa, o yana-bu yana baxır.) Xeyir, gəlmir! Yəqin ki, dəxi gəlməz. Şəkk yoxdur ki, gəlməyəcək! Görəsən genə hansı dəli qudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi, yoxsa bu vaxtadək gərək idi gələydi. Öhdəsindən gələ bilmirəm. Əgər bu səfər də tanıyalar, gərək genə təzədən qaçaq ola, mənim günümü qara edə. Genə iki il evdə məni dustaq eyliyə. Vallah, dəxi gözləmənəm! Heç vaxt dəxi onun yolunda bu qədər oturmanam, gedərəm özgəsinə! Onun fikri budur ki, atam evində mənim birçəyimi ağarda. (Oturub yerə, sonra). Eh, nə vəsvəsələr gəlir könlümə! İnşallah getməz, mənə and içibdir ki, səni aparanadək heç bir quzu oğurluğuna da getmənəm. Şəksiz, yubanmağına başqa səbəb var. Ax, indi bu kolun dalında qulaq asıb eşidəydi ki, mən deyirəm: gedərəm özgəsinə. Görəsən inanardımı? Əlbəttə inanmayacaqdır, çünki bilir, yalan deyirəm. Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. Bıy, şıqqıltı gəlir.
Bu halda kolun dalısından Heydər bəy atlı üzə çıxır, atdan enir.
Heydər bəy: Sona xanım!
Sona xanım: Heydər, sənsən?
Heydər bəy: Mənəm! Sona xanım: Yalqızsan? Bəs hanı yoldaşların?
Heydər bəy: Yoldaşım yoxdur, yalqız gəlmişəm.
Sona xanım: Bu nə sözdür deyirsən? Yalqız niyə gəlibsən? Atam da, qardaşlarım da alaçıqda yatırlar, belə ki, gec gəlibsən, indicə sabah açılacaq, məni alaçıqda görməyib duyaçaqlar, şəksiz dalımca atlanıb atın izilə gəlib məni əlindən alacaqlar. Sonra dəxi mənim üzumü qiyamətədək görməzsən!
Heydər bəy: Hələ səni aparmağa gəlməmişəm, qorxma!
Sona xanım: (qeyz ilə) Necə aparmağa gəlməmişəm? Nə söylüyürsən?
Heydər bəy: Başqa məsləhət var, qulaq as!
Sona xanım: Heç məsləhət yoxdur! Atı bəri çək, gedəcəyəm! Dəxi mən alaçığa qayıda bilmənəm!
Heydər bəy: Bir dayan, söz deyirəm!
Sona xanım: (atın cilovundan yapışıb) Qulaq asmıram. Hələ üzəngini bas, sözünü yolda deyərsən!
Heydər bəy: (onun qolundan tutub) A qız, bir gör nə deyirəm! Axı tələsmə!
Sona xanım: Sabah açılır. Dayanmaq vaxtı deyil. Sözünü sonra de!
Heydər bəy: A qız, belə pul tapmışam! Ağıllı-başlı, ellər adətincə toy edəcəyəm. Dəxi səni niyə götürüm qaçım? Səni ki, əlimdən alan yoxdur?
Sona xanım: Yalan deyirsən! Pul tapan bu iki ildə tapardı. Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan ölkədə ki, bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. Nə ayıbzaddır? İyirmi qızdan birisinə toy olmur.
Heydər bəy: A canım, o qoşulub qaçanların ata-anası vermir, qızın da çarəsi kəsilir, qoşulub qaçır. Axı sənin atan-anan ki, səni mənə özləri verir. Deməzlərmi, utanmaz, dəxi bu nə hərəkət idi, etdin, bizi rüsvay elədin? Onda nə cavab verərəm?
Sona xanım: (bir az fikir edib) Pulu hardan tapıbsan? Heydər bəy: Di, bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam.
Sona xanım: (yerə oturur) Yaxşı, söylə görüm!
Heydər bəy: Sən bilirsənmi ki, qaçaq mal necə bahadır, necə qazanclıdır?
Sona xanım: Qaçaq mal ilə nə alıb-verəcəyin var? Sövdagər ki, deyilsən, bu hesabları yoxlursan? De görüm, nə qədər pul tapıbsan?
Heydər bəy: Axı, bir qulaq ver, gör nə deyirəm! Rus firəng çitini qadağan edibdir; heç kəs qorxudan gedib gətirə bilmir; məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilir.
Sona xanım: A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir? Allah vara yerlidibli çit geyməyi xalqa qadağan edə! Sözünü de görüm: pulu kimdən aldın?
Heydər bəy: A qız, qoymazsan bir sözümü tamam edəm? Amma buranın xalqı belə firəng çitinə hərisdir ki, onu görəndə al-yaşılın üzünə baxmırlar! Əsgər bəy deyir ki, həm ucuzdur və həm göyçəkdir, həm də rəngi solmur. Arvadlar belə çitlərdən ötrü biixtiyardırlar. Heç rus çitini tanımırlar.
Sona xanım: Axır mənə nə, firəng çiti, ya rus çiti? İkisi də cəhənnəm olsun, sözünü de!
Heydər bəy: Belə, naçalnikin arvadı da, deyirlər, ərindən xəlvət həmişə firəng çiti alır, geyir. Hacı Əzim bu yaxında iyirmi tümənlik ona firəng çiti satıbdır.
Sona xanım: Cəhənnəmə satsın, gora satsın! Bilmirəm çit sözü haradan bunun beyninə düşübdür! Heydər, ağlın çaşıb? Nələr söylürsən?
Heydər bəy: Hər nə isə, başa düşürsənmi ki, burada firəng çiti necə əzizdir?
Sona xanım: Nəyimə gərəkdir ki, başa düşüm?! Firəng çiti alıb-satanam?
Heydər bəy: Çox yaxşı, di indi qulaq as. Mən bir yol gedib firəng çiti gətirib sövdagərlərə versəm, iki toyun xarcı çıxar!
Sona xanım: Elə bayaqdan bəri hıqqana-hıqqana bunu deyəcəkdin? Barakallah! Mən də deyirəm ki, bəs oğlan doğrudan pul tapıbdır. Firəng malı deyəsən çöldə imiş, bu gedib yığışdırıb gətirə! Dur ayağa gedək, bəsdir, indicə sabah açılar!
Heydər bəy: Pul tapmışam, yalan demirəm!
Sona xanım: Pul tapıbsan, toyunu elə! Dəxi firəng malına niyə verirsən?
Heydər bəy: Axır borc almışam. Yiyəsi bu şərt ilə mənə verir ki, firəng malı gətirəm, qazancını yarıya bölək, yoxsa verməz ki, toy edim!
Sona xanım: Mən elə qazanc ilə toy istəmirəm, dur gedək! Əgər firəng malında belə qazanc var, dəxi pul yiyəsi səninlə niyə bölür? Gedib özü gətirib hamı xeyrini özü görsün.
Heydər bəy: Özü sövdagər, tacir kişidir; ta mənim kimi adama yanaşmasa, nəkarədir ki, Arazın o tayına ayaq basa bilə? Kazaklar onun tükün didərlər.
Sona xanım: Kazaklar sənin də tükünü didə bilməzlərmi?
Heydər bəy: Mən oğurluğa, quldurluğa getmiş adamam. Yüz tülkü fənni bilirəm. Kazakların gözünə görükərəmmi ki, mənim tükümü didələr?!
Sona xanım: Sən ələ oğurluğa, quldurluğa da gedəndə deyirdin ki, məni görən, tanıyan olmaz; amma genə görürdülər, tanıyırdılar. İki il qaçaq gəzib ev üzü görmədin. İndi üzə çıxıbsan, istəyirsən yenə bir iş tutasan, qaçaq olasan, məni ağlıya-ağlıya qoyasan? Mən razı deyiləm! Dur gedək, mən toy istəmirəm!
Heydər bəy: Deyək ki, toy istəmədin, axır gərəkməz ki, mənim bir qazanc yolum ola? Çörək istəməzsənmi?
Sona xanım: Allah kərimdir, ac ki, qalmayacayıq?
Heydər bəy: Necə ac qalmanıq? Deyirsən, oğurluğa getmə, quldurluğa getmə, qaçaq mala getmə, çörək bacadan ki, düşməz!
Sona xanım: Sabah açılır. Hələ dur gedək! Məni apar evinə qoy, iki həftədən sonra istəyirsən get qaçaq mala!
Heydər bəy: Çünki rüxsət verirsən, iki həftə atan evində otur, əgər sonra sənə toy edib aparmasam, məndən əksik adam yoxdur!
Sona xanım: İstəmirəm! İstəmirəm! Mən indi gedəcəyəm! Dur gedək! (Qalxır ayağa.)
Heydər bəy: Belə başına dönüm, qadan alım, ayağından öpüm, yalvarıram, iki həftə səbr et! İki həftədən sonra, vallah, toy ilə səni aparram. Səni toysuz aparmaq mənə ölümdən bədtər görünür. Atan, anan yanında məni xəcil eləmə!
Sona xanım – İki həftə səbr eləmək cəhənnəm əzabından artıqdır. Dəxi dayana bilmənəm, dur gedək!
Heydər bəy: Allahı sevirsən, sözümə qulaq as!
Sona xanım: (başlayır ağlamağa) Heydər, görükür ki, məndən soyumusan?
Heydər bəy: Sona xanım, ürəyimi dağlama! Çünki tablaşa bilmirsən, atı min, gedək. Sona xanım istəyir ayağın üzəngiyə qoya, bu halda dan yeri ağarıb Sona xanımın anası Təyyibə xanım alaçıqdan çıxır, çağırır.
Təyyibə xanım: Sona, Sona, Sona huy!
Sona xanım: Vay dədəm vay, anam çağırır, dəxi gedə bilmənəm! (Tez qısılır yerə.)
Heydər bəy: A qız, bəs mən necə edim?
Sona xanım: Dəxi burda durma, get! Anam indicə bu tərəfə gəlir!
Heydər bəy: Ha vaxt bəs gəlim?
Sona xanım: Heç vaxt, get dəxi məni görməzsən!
Heydər bəy: Sona, sözünü dəyiş, yoxsa bu xəncəri çaxaram ürəyimin başına, özümü öldürrəm!
Sona xanım: Yox, yox, allahı sevirsən! Get qaçaq mala, sonra gəl, toyunu elə! Get, get, anam səni görməsin!
Heydər bəy: (onun boynun qucaqlayıb üzündən öpür) Bu saatda gedirəm, qadan alım, dərd eləmə, bax, özün izn verdin!
Təyyibə xanım: Ay qız, Sona, hardasan? (Heydər bəy tez atı minib tələsik uzaqlaşır.)
Sona xanım: Ay ana, burdayam, gəlirəm.
Təyyibə xanım: (yaxınlaşıb) A qız, çöldə nə qayrırsan bu qədər vaxt?
Sona xanım: Ay ana, gündüz burda xalça salıb oturmuşdum. Gecə yadıma düşdü ki, xalça burda qalıbdır. Yerdən qalxıb gəldim götürüm ki, tezdən sıqırçıya, buzovçuya rast gəlib aparmasın. Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda axtarıram, tapmıram. (Əyilib başmağın axtarır.)
Təyyibə xanım: Ayağını düz yerə basa bilmirsən? Hansı tərəfdə düşdü?
Sona xanım: Elə burda düşdü ey! (Əlin yerə sürtür.)
Təyyibə xanım: (yerə əyilib) Bəs hanı, əgər burda düşübdür?
Sona xanım: Bax, budur, tapdım! (Başmağın tayın əlində göstərir.)
Təyyibə xanım: Di gey ayağına, gedək! (Sona xanım başmağı geyib anası ilə gedir.)
Pərdə salınır.
26.01.2019