Nağıllar, hekayələr

Mircəlal. Pul tapmışdım

Başıaşağı məktəbə gedirdim. Bağça-bağa yaxınlaşmışdım ki, gördüm ayağımın altında bir şey işıldayır. Əyilib baxanda bir abbasılığı gördüm və götürdüm. Xəyalıma gəldi ki, bu kiminsə cibindən düşüb. Sağıma-soluma baxdım, gəlib-gedən görmədim. Pulu cibimə qoyub sevincək məktəbə yollandım.


Dərsə getdim. Sinifdə bir neçə dəfə abbasını cibimdən çıxardıb baxdım, yenə cibimə qoydum. Tələsirdim ki, dərsdən sonra evə gəlim. Pul tapmağımı anama danışım. Doğrudur, anam hər gün mənə üç, ya beş qəpik yol pulu, su pulu verirdi. Amma birdən iyirmi qəpik vermirdi. Evə gələn kimi pulu anama göstərdim:


- O nədir?
- İyirmi qəpik!
- Hardan almısan?
- Tapmışam!
Anam pulu alıb baxdı, təkrar mənə qaytardı və soruşdu:
- Hardan tapmısan?
- Küçədən.
- Düzünü de!
- Vallah küçədən.
- Adam çox idi sən tapanda?
- Yox!
- Kiminsə yırtıq cibindən düşüb. Gərək sahibinə verəsən.
- Kimdi sahibi?
- Soruşsan, tapardın.
- Kimi tapacaqsan?
- Özgənin pulunu evə gətirərsən, ev dağılar! Haram pul kibrit kimi şeydir. Düşdüyü yeri yandırar. Anam diqqətlə mənim üzümə baxdı, abbasılığa işarə ilə təkid etdi: - Haram pul ev dağıdar, aparıb sahibinə  qaytar.


Anamın sözləri məni çətin vəziyyətdə qoymuşdu: Sahibini necə tapım?
Gəlib-gedən yox idi. Pul göydən düşməyib. Hansı yazığın cibindən düşüb, onu götürüb xərcləmək olar? Tap, sahibinə qaytar, bala! Bizə haram yapışmaz, atan bilsə, qiyamət qopardar!
Dərsdən qayıdanda necə sevinirdim! İndi anamın sözlərini eşidəndə məni dəhşət götürdü. “Haram pul ev dağıdar”. İndi mən pul tapan, sevinən adam yox, bir xəyanət işləmiş müqəssirə oxşayırdım. “Bu nə iş idi düşdüm, İlahi!”


Bəlkə, bu abbasını aparıb tapdığım küçəyə atım! Nə isə, pulu gətirib anama verdim: - Götür, nə eləyirsən, elə!
Anam əlini pula vurmadı. Siçan ölüsünü götürən kimi, maşa ilə götürüb evin aşağı başında külqabının içinə qoydu: - Qoy orda qalsın, atan gələndə görək nə deyər
Bu söz mənə daha da ağır idi. Bilirdim ki, atam sorğu-suala tutacaqdır. Bəlkə də, bərk danlayacaqdır. “Atama demə, özün neyləyirsən elə!” - demək istədim. Cürətim çatmadı. Bilirdim ki, anam heç nəyi ondan gizlətməz. Bəlkə də, mənim belə bir xahiş elədiyimi də ona deyər, kişi mənə daha da hirslənər.
Axşam yeməyindən sonra anam abbasını ortalığa gətirdi.


- Oğlun, - dedi, - məktəbdən gələndə pul tapıb!
Kişi abbasıya, sonra da mənim üzümə baxdı: - Hardan tapmısan?
- Məktəb yolundan.
- Bəlkə, birinin əlindən düşüb?
- Bilmirəm.
- Adam-zad var idi, ya sən tək idin?
- Heç kəs yox idi.
- Apar, at yerinə, kim itiribsə, gəlib axtaracaq!
Anam söhbətə qarışdı: - Yerə atmaqdansa, bir fağıra ver.
- Nə eləyirsiniz, özünüz eləyin, mən istəmirəm.
- Dayan, mən də çıxıram, göstər görüm hardan tapmısan?
Atam geyinib çıxanda məni də çağırdı.
- Məktəbdəkilər bilir sənin pul tapmağını?
- Məktəbdə deməmişəm.
- Gedək!
Məktəbə bir az qalmış, məhəllə məscidinin qabağına çatanda atam məndən soruşdu: - Burdan tapmısan?
Səkinin yanından, lap qapının ağzından.
- Mənə pulu!
Atam bir abbasını əlimdən aldı, həmin yerə atdı.
- Yeri, qayıt evə, - dedi və iri addımlarını yeyinlətdi.

Böyük bir təhlükədən qurtarmış kimi, sevinə-sevinə evə yollandım.


Odu-budu, qarşıma çıxan heç bir şeyə tamah salmıram. Çünki anam mənə tapşırmışdır ki, bizim ev haram götürməz. Bir damcı murdar su böyük hovuzu korlayar. Atan zəhmətlə pul qazanıb ev dolandırır. Evini alın təri ilə abad eləyən adamdır. Heç kəsin bir qəpiyini də bu halal əmlaka qatma ki, hamısı dağılıb gedər.


Məktəb günlərində tapılan bir abbasının macərası indi də yadımdan çıxmayıb.