Rafiq Ələkbəroğlu. Kitab daha maraqlıdır
Kompüter oyunları içərisində Fəridin ən çox sevdiyi oyun “Hörümçək adam” idi. Bu oyunu o qədər oynamışdı ki, Hörümçək adamı istədiyi kimi hərəkət etdirirdi. Klaviaturanın düymələrini basdıqca Hörümçək adam düz divara dırmaşır, bir bina dan o birinə tullanır, düşmənləri ilə döyüşə girirdi. Fərid özünü Hörümçək adamın yerində təsəvvür edir, gecə yatanda da yuxuda onu görürdü.
Valideynləri Fəridi bu aludəçilikdən çəkindirməyə çalışırdılar. “Bəsdir oynadın, gözün xarab olar”, – deyirdilər. Amma çox dərinə getmirdilər. Çünki Fərid dərslərini hazırladıqdan sonra oynayırdı. Həm də axı o, əlaçı idi. Bildiyiniz kimi, əlaçılara çox şeyi icazə verirlər. Odur ki Fərid fürsət tapan kimi kompüter masasının arxasına keçib sevdiyi oyuna başlayırdı.
Günlərin bir günü kompüterin proqram təminatı sıradan çıxdı. Heç bir proqram açılmırdı. Fəridin atası kompüteri götürüb ustaya apardı. Axşam işdən qayıdanda dedi ki, kompüterə virus düşüb. Usta proqram təminatını təzələyib bir həftəyə kompüteri qaytaracaq. Fəridin qanı qaraldı. O, sevimli əyləncəsindən məhrum olmuşdu. Bir həftə Hörümçək adamsız necə yaşayacaq? Ertəsi gün Fərid ev tapşırıqlarını yerinə yetirdikdən sonra otaqda var-gəl edirdi. Hörümçək adam onun beynindən çıxmırdı. O, sevimli qəhrəmanı üçün çox darıxırdı. Fərid rəfdəki kitablara nəzər saldı. Anası ona çoxlu uşaq kitabı almışdı. Lakin Fərid onlara maraq göstərmirdi. Hərflər, sözlər, cümlələr... Məktəbdə oxu, evdə oxu... Nə qədər olar?! Heyif deyil kompüterdə oynamaq!
Birdən Fəridin gözü bir kitaba sataşdı. Kitabın üzündə Hörümçək adamın şəkli var idi. Özüdür ki var! Bu, “Hörümçək adam” kitabı idi. Fərid əvvəlcə müəllifin adını oxudu: Sten Li. Sonra isə divanda əyləşib kitabı oxumağa başladı. Necə də maraqlı idi! Fərid “Hörümçək adam” oyununu, bəlkə də, yüz dəfə oynamışdı. Amma, sən demə, sevimli qəhrəmanı haqqında heç nə bilmirmiş. Bu adam Piter Parker adında bir yeniyetmə imiş. Təsadüfən bir hörümçək onu sancır və Piterdə hörümçəyə xas olan bacarıqlar yaranır. O, tor qurmağı bacarır, qaranlıqda görür, düz divarla yuxarı dırmaşa, torun köməyi ilə uzaq məsafəyə tullana bilir. Fəridə ən çox maraqlı görünən isə Piterin xarakteri idi. Öz bacarıqlarından istifadə edib Hörümçək adam insanlar üzərində hökmranlıq qazana bilərdi. Lakin o, köməksizləri pis adamlardan müdafiə edir, çətinliyə düşmüş insanlara kömək əlini uzadırdı. Hörümçək adamın doktor Oktopusla mübarizəsi isə kitabın ən maraqlı yeri idi. Nəhayət, o, kitabı oxuyub qurtardı. İndi elə bil içində bir boşluq yaranmışdı. Bu hisləri yenidən yaşamaq istəyirdi.
Fərid yenə də kitab rəfinə nəzər saldı. “Aha, bu nədir? Aleksandr Belyayevin “Amfibiya adam”ı ... Deyəsən, bu haqda nə isə eşitmişəm. Baxaq görək bu necə kitabdır”. İki gündən sonra suyun altında yaşamağı bacaran İxtiandr adlı gənc haqqında kitab da sona çatdı... Beləcə, bir həftə keçdi. Fəridin atası kompüteri gətirib masanın üstünə qoydu və dedi: Proqramçıdan xahiş etdim ki, “Hörümçək adam”ı da yazsın. Fərid oxuduğu kitabdan gözünü çəkmədən dilləndi: – Lap yaxşı. – Oynamayacaqsan? – deyə ata təəccüblə soruşdu. – Yox, kitab oxuyuram. – Nə kitabdır ki? Fərid oxuduğu kitabın üzünü atasına göstərdi: – Herbert Uelsin “Görünməz adam”ı.
05.01.2019