Nağıllar, hekayələr

Azadlıq

Bazar günü idi. Böyük şəhərlərin birində meydanın dörd bir tərəfindən səs-küy eşidilməkdə idi. Həsən kənd uşağı idi. Bu şəhərdə bir tacirə ayda iki manata qulluq edirdi. Bu gün bayram günü olduğuna görə Həsən, ağası verən bayramlığı ovcunda bərk tutub, meydanın quşlar satılan tərəfinə gəldi. Burada çoxlu qəfəslər və qəfəslərin içində cürbəcür, rəngarəng quşlar var idi. Bir çox adamlar bu qəfəslərin ətrafında durub quşlara tamaşa edirdilər. Tamaşaçılardan bəziləri bu quşlardan satın alıb, balaca əsirləri dar və çirkli qəfəslərdən xilas edirdilər. Bülbül, sarıköynək, bildirçin, torağay, qaratoyuq bir-birlərinin dalınca uçub havanın yuxarı qatlarında gözdən itirdilər. Quşların belə azad olmalarını, işıqlı dünyaya çıxmalarını gördükcə Həsənin ürəyi titrəyirdi. Uçub gedən quşların sevindiklərini Həsən bütün varlığı ilə hiss edirdi. Bəlkə də, o, azad olmuş əsirlərin xoşbəxtliyinə onlardan daha artıq şad olurdu.


Bədbəxt quşların bəziləri qaldıqları dar qəfəslərdə bu bucaqdan o bucağa atılıb-düşürdülər. Bəziləri qanadlarını sərərək özlərini günə verirdilər.
Bir çoxu isə qəmgin və məzlumanə bir hal ilə civildəşir, bu biçarələr də azad olub, vətənləriolan çöllərə, meşələrə getməyi arzu edirdilər.

Quşların bu halları yumşaq qəlbli Həsənə çox təsir etdiyindən əlindəki pula bir quş alıb azad etmək fikrinə düşdü. Bu niyyətlə pulu ağsaqqal quşsatan kişiyə verdi. Quşsatan kişi əlini qəfəsə uzadanda sevindiyindən Həsənin ürəyi döyünməyə başladı. Həsən quşu əllərinə alıb meydandan uzaqlaşdı...

Quş çox balaca, arıq və zəif idi. Həsən qorxurdu ki, onu barmaqları arasında əzər. Həsən bir neçə addım gedib dayandı və ovcunu açdı ki, quş uçsun. Quş isə uçmayıb rahatca yerdə oturdu və ətrafa baxdı. Həsən nə qədər “şşş” elədisə də, balaca quş Həsənin üzünə baxıb əsla tərpənmədi. Həsən naçar qaldığından quşu götürüb şəhərdən kənara çıxdı.

Yaz vaxtı idi. Qar ərimişdi. İsti külək ağacların yenicə açılmış yarpaqlarını tərpədirdi. Yerin üzünü göy ot örtmüşdü. Həsən yolun kənarında, bir daşın üstündə oturub bir az dincəlmək istədi. Ətrafda bir kəs yox idi. Çox sakitlik idi. Həsən bir əlini başına qoyub, balaca quşa baxırdı və fikir edirdi. Birdən öz Vətənini, ata və anasını yada salıb çox qəmgin və pərişan oldu. Və dərindən bir ah çəkib öz-özünə dedi: “Ah! Kaş, mən də bu saat öz Vətənimdə olaydım! İndi oralar necə gözəl, necə səfalıdır! Otlar göyərmiş, çiçəklər açılmış, əkinçilər yazlıq əkirlər... Quşlar ötməyə başlamışlar! Hər yerdə təzə həyat başlanır. Qonşularımızın uşaqları hər gün məktəbə dərs oxumağa gedirlər!.. Ax, ay üzüqara kasıblıq! Sən nə yamansanmış?! Əgər mənim də atam dövlətli olsa idi, mən də nökərçilik etməyib, oxumağa gedərdim!”
Həsən belə fikir dəryasına qərq olduğu halda, birdən altında oturduğu ağacın başında bir quş səsləndi. Bu halda ovcundakı quşun da tərpəndiyini hiss elədi. Bu quş boğazını uzadıb ətrafa bir qədər təəccüblə baxdı, sonra uçub bir alçaq budağa qondu. Sonra budaqdan-budağa atılıb dərdli-dərdli oxuyurdu və öz oxumağı ilə guya ki, azadlıq əvəzində Həsənə razı*lıq edirdi. Bir az budaqlarda dayanandan sonra balaca qanadlarını çaldı və gözdən itdi.


Həsən quşa heyran-heyran baxıb öz-özünə deyirdi: “Azadlıq aldı. Hürriyyət aldı!”.