Elektron kitab
Azərgil yay tətili günlərində Gəncəyə gedəcəkdilər. Bir ay orada qalmalı idilər. Çoxlu kitab oxumağı planlaşdıran Azər əvvəlcədən həmin kitabları seçib yığmışdı. Atası maşının yük yerini açdı. Anası oraya ailənin istifadə edəcəyi əşyaları yığmağa başladı. Azər kitablarının hamısını yerləşdirə bilmədi.
Yolboyu Azərin fikri götürə bilmədiyi kitabların yanında qalmışdı. Amma nə etmək olar? Axı əşyaları da götürmək vacib idi. Yadına düşdü ki, informatika müəllimləri onlara elektron kitablardan danışmışdı. Demişdi ki, bəzi saytlarda kitabların hazır elektron variantları olur. Hətta onların nümunələrini də nümayiş etdirmişdi. Bu fikir onda bir az toxtaqlıq yaratdı. Çox güman ki, qalacaqları yerdə internet olacaq. Həmin saytlara daxil olub lazım olan kitabları tapa bilsə, əla olar!
Elə də oldu. Bilsə idi, gətirdiyi kitabları da evdə qoyar, hamısını saytdan oxuyardı. Azər internetdən tapdığı kitabları kompüterinin yaddaşına yüklədi. Özlüyündə fikirləşdi ki, artıq o, müasir oxucudur. Onun elektron kitabxanası var.
Tətildən sonra Azər, ilk növbədə, informatika müəllimi ilə görüşmək, təəssüratlarını onunla bölüşmək istəyirdi. İnformatika kabinetinin qapısını açanda həmişəki kimi Maqsud müəllimi kompüterin arxasında gördü. Salam laşdıqdan sonra cibindən yaddaş kartını çıxarıb müəllimə göstərdi.
– Maqsud müəllim, mənim artıq elektron kitabxanam var, – dedi.
Maqsud müəllim kartı notbuka taxıb orada yerləşdirilmiş kitabların kataloqunu nəzərdən keçirdi, deyəsən, şagirdindən razı qaldı:
– Afərin, oğlum, sən çox ağıllı bir iş görmüsən! – dedi. – Müasir informasiya texnologiyaları oxucuların işini yüngülləşdirmək üçün xeyli nailiyyət əldə edib. Son vaxtlaradək “elektron kitab” deyiləndə kompüterdə yığılan kitab nəzərdə tutulurdu. İndi isə “elektron mətni oxuyan qurğu” anlayışını da özünə birləşdirib. Elektron kitab, əslində, kitabların elektron formatda saxlanması və oxunması üçün istifadə olunan qurğudur. Xarici görünüşü kitaba oxşayan bu qurğular internetdən kitab yükləyib istənilən vaxt istifadə etməyə imkan yaradır.
– Onda mən bu kitabları oxumaq üçün ayrıca qurğu da almalıyam, eləmi?
– Yox, Azər, sən bu kitabları öz kompüterində də oxuya bilərsən. Amma kompüterdən hər yerdə istifadə edə bilmirsən. Elektron kitablar isə buimkanı yaradır. Onlar planşet kompüterlərin inkişafı və ixtisaslaşması nəticəsində yaranıb. Birekranlı və ikiekranlı olur.
Azəri maraq götürdü:
– Bəs kitabları bu qurğudan oxumaq gözü çox yormur ki, müəllim?
– Elektron kitabların təsvir imkanları müxtəlifdir. Maye-kristal ekranlı e-kitablar planşetə bənzəsə də, onlar kimi çoxfunksiyalı deyil. Belə ekrandan oxuyarkən gözlər planşetlərdə olduğu kimi çox tez yorulur. Amma elektron kitabların elə tipləri var ki, ekranı gözü yormur.
– Bəs bu qurğuların yaddaş imkanı necədir?
– Onlar oxucuya böyük bir kitabxananı heç bir çətinlik çəkmədən özü ilə gəzdirməyə imkan verir. Həmçinin elektron kitablarda axtarış aparmaq, mənasını bilmədiyin sözlərin izahını tapmaq və müəyyən dillərə tərcümə etmək də mümkündür. Axtarış prosesi istifadəçinin verdiyi sorğuya əsasən avtomatik olaraq həyata keçirilir.
– Onda daha kağız kitablara ehtiyac qalmır ki...
– Mən elə deməzdim. Hər zaman köhnə ilə yeni arasında mövqe mübarizəsi gedir. Amma bu mübarizələrin çoxunda tam qələbə heç kimə qismət olmur. Kino və televiziyanın yaranması ilə teatrın tədricən aradan çıxacağı haqqında illərlə gedən mübahisələrin nəticəsi də bunu təsdiq edir. Teatr bu gün də yaşayır, inkişaf edir. Kağız kitabların da öz üstünlükləri var. Məsələn, bədii əsərləri, romanları oxumaq üçün nəfis çap olunmuş kitabların yerini heç nə verə bilməz. Amma sorğu ədəbiyyatı – lüğət və ensiklopediyalar, eləcə də tədris materialları ilə işləyərkən elektron formatın üstünlükləri açıq-aşkar hiss olunur. Çoxcildli qalın sorğu kitablarını hər yerə özünlə daşımaq çətindir. Bundan əlavə, adi lüğətdə və ya ensiklopediyada hər hansı bir sözü axtarmaq da xeyli vaxt aparır. Xüsusi proqramla yığılmış elektron lüğətdə isə istənilən sözün izahını tapmaq üçün o sözü yazmaq kifayət edir. Eyni zamanda elektron informasiya materiallarındamultimedia imkanlarını – audio və videonu da unutmaq olmaz. Onlar məlumatın, biliyin daha dərindən qavranılmasına kömək edir. Bir sözlə, Azər, texnoloji yeniliklərlə ayaqlaşmaq, onları mənimsəmək lazımdır. Bunsuz inkişaf mümkün deyil.
03.12.2018