Nağıllar, hekayələr

Rəşid bəy Əfəndiyev. Ana

Bir dəfə kübar xanımların ziyafət məclisi idi. Qadınlar gözəl paltarlar geyinib, bahalı daş-qaşlarını taxıb məclisə gəlmişdilər. Birdən məclisə bir xanım da gəldi. Onun geyimi çox sadə idi. Üstündə heç bir qiymətli əşya yox idi. Məclisdəkilər təəccübləndilər.


– Sənin qiymətli heç nəyin yoxdur? – deyə sual verdilər.


– Var, – deyə həmin qadın cavab verdi. – Amma mən elə bildim ki, siz məni bəzək-düzəksiz də tanıyırsınız.


– Bəli, tanıyırıq, – deyə məclisdəkilər dilləndilər. – Amma sənin qiymətli əşyalarını da görmək istəyirik.


– Bu saat qulluqçuya tapşıraram gətirsin, – deyə həmin qadın cavab verdi.


Bir azdan qulluqçu bir oğlan və bir qız uşağını məclisə gətirdi. Qadın dedi:


– Mənim var-dövlətim bunlardır. Hər bir qadın anadır. O, daş-qaşı gəzdirən fəhlə deyil.


Bu cavabı eşidən xanımlar susmaqla qadının haqlı olduğunu təsdiq etdilər.