Nağıllar, hekayələr

Nizami Gəncəvi. “ Fitnə”

Bəhram şahın ayüzlü, çöhrəsindən minbir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi. Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən, gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi. Çalğı və içki məclisində, ovda şah Fitnəni dinləməkdən ləzzət alar, rahatlanardı. Fitnənin çalğısı çəng, şahın çalğısı ox idi. Fitnə çəng vurardı, şah ov vurardı.

Bir gün şah çöldə, dağ-dərədə ov etmək istədi. Fitnəni də özü ilə götürdü, maral dırnaqlı qara atını çölə çapdı. Şah ov gördükcə nərə çəkib dağa-daşa səs salır, ox ilə ceyranları vurub yıxırdı. Şahın atlıları da hər tərəfdən çölü əhatə etmişdilər, ceyranları şah olan səmtə qovurdular. Bəhram şah şir kimi pusquda durmuşdu. Atı altında oynaqlayırdı, əli isə ceyranların başına ox yağdırırdı. Tez-tez kirişi boşaldıb, kamanını doldururdu. Oxun polad ucu gah ceyranları yerə sərirdi, gah daşa dəyib od qoparırdı. Sanki bu od ceyran ətini kabab bişirmək üçün lazım idi. Doğrudan da, şah oxu dəyən ovu kabab edirdi. Şah qabağına çıxan heç bir ovu buraxmırdı: ya vurur, ya tuturdu. Birdən çöldən ceyran qalxdı. Şah qızmış şir kimi kamanı əlinə aldı, atın başın buraxdı, ceyranlara çatdıqda hədəfi tuşlayıb atdı, ox ceyranın buduna sancıldı, ceyran ağzı üstə yıxılıb torpağı öpdü. Beləliklə şah ceyranların bir neçəsini öldürdü, bir neçəsini tutdu. Onun bu şücaəti aləmi heyrətə salır, bədnəzərlərin isə gözünü tökürdü. Fitnə şahın bu igidlik və qoçaqlığına susurdu, nazındanmı, hiyləsindənmi, nədənsə şaha tərif demirdi. Şah bunu hiss edirdisə də, gözləyirdi. Birdən uzaqdan bir ceyran qaçmağa başladı.

Şah qıza dedi: - Deyəsən bizim ovçuluq şücaətimizi görmürsən. Elə olar, bizim məharətimiz tərifdən yüksəkdir. Dar gözlər onu seçməz... Budur bir ceyran gəlir, təpədəndırnağa qədər – harasını deyirsən nişan alım.

Fitnənin incə dodaqları tərpəndi: - Gərək, - dedi, - məharət göstərəsən, bu ceyranın dırnağını başına tikəsən.

Şah onun dediyini yerinə yetirmək istədi, tez kaman tələb etdi, ağır və yuvarlaq mazını kamana qoydu, atdı. Mazı ceyranın beynini qızışdırdı. Yazıq ceyrann dırnağını başına qaldırdı ki, ağrıyan yerini qaşısın, bu zaman şahın ildırım kimi aləmi işıqlandıran oxu ceyranın dırnağını başına tikdi. Ceyran üzü üstə yıxıldı.

Şah Fitnəyə tərəf döndü: - Necə atıram?

Qız dedi: - Şah bunu vərdiş etmişdir. Adət edilən heç şey çətin olmaz. Adam vərdiş ilə hər bir işi edə bilər. Şahın düz vurması güc və məharətdən deyil, ancaq vərdişdəndir.

Fitnənin cavabı şaha çox ağır gəldi, iti balta ağacı kəsən kimi onu kəsdi və qəzəbləndirdi. Şahın ürəyində Fitnəyə qarşı dərin bir kin doğdu. Şahlar ürəklərindəki intiqam hissini qan ilə söndürürlər, ova acıqlandıqda atın üzəngisini qoparar və itin dərisini soymaq istərlər.

Bəhram şah ürəyində deyirdi: “Bu hayıfı kənizdə qoymaq olmaz, onu cəzalandırmaq lazımdır”. Ancaq kənizi öldürməyə şahın əli gəlmirdi, çünki qadın öldürməyi özü üçün əskiklik sayırdı. Onun fikrincə qadın kişiyə tay deyil. Şahın böyük sərkərdəsi var idi.

Şah onu yanına çağırdı. - Get, - dedi, - bu kənizin başını bədənindən üz. Bu bizim dövlət sarayımızın fitnəsidir. Fitnəni dəf eləmək ağıllı işdir. Sadə və adil xasiyyətli sərkərdə Fitnəni qabağına salıb öz evinə apardı, onun başını bədənindən ayırmaq istədi.

Qız ağladı və dedi: - Ey sərkərdə, belə çirkin işi özünə layiq bilmə. Öz şərəfinə düşmən deyilsənsə, mənim kimi günahsız bir qızın nahaq qanını boynuna götürmə. Mən şahın ən yaxın adamı, müsahibi, kənizlərin seçilmişiyəm. O, məclislərində məndən başqası ilə maraqlanmazdı. Ərköyünlük məni aldatdı, şeytan məni yoldan çıxartdı. Kiçik bir hərəkətim şaha xoş gəlmədi. O, mənə qəzəbləndi və ölümümə hökm verdi. Sən gəl məni öldürməyə bu qədər tələsmə. Bir neçə gün səbr et, döz. Şaha de ki, onu öldürdüm. Şah bu xəbərdən sevinsə qayıt məni öldür, qanımı sənə halal edirəm, əgər mənim ölüm xəbərimdən şah qüssələnsə sən məni öldürmədiyindən qorxma, sənə heç nə olmaz. Sən şahın qəzəbindən qurtararsan, mən də ölümdən xilas olaram. Doğrudur, layiqli bir adam deyiləm, lakin bir gün gələr ki, bu yaxşılığının əvəzini verərəm. Sənin yanında xəcalətli olmaram.

Qız bunu deyib balaca düyünçə açdı. Sərkərdənin qabağına yeddi ləl qoydu. Bu daşların hər birinin qiyməti bir ölkənin gəlirinə bərabər idi. Ümman dənizinin bütün gəliri o daşların yarı qiyməti qədər olmazdı.

Sərkərdə o gözəlin ağıllı məsləhətini dinləyib qanından keçdi və dedi: - Amandır, söz burada qalsın. Heç kəsin yanında şahın adını çəkmə. Qoy səni mənim evimdə qulluqçu bilsinlər. Öz işində ol, bəxtim kömək eləsə, mən hər şeyi düzəldəcəyəm.

Onlar bu şərtləşməyə söz verib and içdilər. Sərkərdə zülm əməlindən, qız isə zəncirdən qurtardı.

Bir həftə sonra şah sərkərdəni gördü, ondan Fitnənin işini soruşdu: - Ay necə oldu?

Sərkərdə cavab verdi: - Ayı əjdahaya tapşırdım, ancaq qan bahasını göz yaşımla verdim.

Şah Fitnənin ölüm xəbərindən qüssələndi, gözü yaşardı. Sərkərdə şahın bu halını görüb sevindi, qızı öldürmədiyi üçün ürəyi sakit oldu. Şəhərdən uzaq, kənar yerdə sərkərdənin abad bir kəndi və göyün bir qatına yüksəlmiş köşkü var idi. Sərkərdə altmış pilləli sarayın eyvanında Fitnəyə yer eləmişdi. Fitnə həmişə orada yaşardı. Həmin günlərdə sərkərdənin inəyi qəşəng bir buzov doğmuşdu. Fitnənin buzovdan xoşu gəlirdi. Hər gün onu boynuna alıb ayaqları döşünə sıxar, pilləkənlərdən qaldırıb, eyvana aparardı. Buzov isə get-gedə böyüyürdü, kökəlirdi. Fitnə də öz adətindən əl çəkmirdi. Gün o gün oldu ki, buzov altı yaşlı böyük bir öküz oldu. Fitnə yenə onu yerdən dama qaldırardı, buna adət etdiyi üçün əziyyət çəkmir, ağırlıq hiss etmirdi. Öküz kökəlib ağırlaşdıqca, Fitnənin də qüvvəti artırdı. Günlərin birində Fitnə ilə sərkərdə əyləşib dərdləşirdilər.

Qız qulağındakı cavahirlərdən dörd dənəsini açıb sərkərdəyə verdi. - Apar, - dedi, - bunları sat, puluna gülab ilə suvarılan kök qoyunlar al. Dünyanın naz-nemətindən ürəyin nə istəyirsə al: şam, şərab, şirni, noğul. Cənnət bağı kimi gözəl və böyük bir qonaqlıq məclisi düzəlt. Şahın bu tərəflərə yolu düşəndə üzəngisindən asıl, onu qonaq çağır. O, mehriban və nəcib adamdır. Sənin xahişini yerə salmaz, bizə gələr və başımızı ucaldar. Bu yüksək, qonaq sarayımızda qonaqpərəstlik edib şaha süd və şərbət içirdərik. Belə tədbir baş tutsa, hər iş düzələr. Sərkərdə Fitnənin məsləhətini bəyəndi. Ancaq cavahirləri götürmədi, çünki onun min o qədər dövləti var idi. O, gizli xəzinəsinin ağzını açdı, qonaqlıq dəstgahının hamısını düzəltdi – özü də şaha layiq şeylər düzəltdi: quş, balıq, erkək, quzu ətindən bişirilmiş növbənöv ləzzətli xörəklər, şərbətlər, ətirli şirnilər, məclis bəzəyən gül və çiçəklər... Bəhram şah adəti üzrə ova çıxmışdı. Çox gəzdi, çox ov vurdu, ancaq görün Fitnə qız onun özün necə ovladı. Şah sərkərdənin sarayı olan kənddən ötəndə çox münasib bir istirahət yeri gördü. Hər yan başdan-başa yaşıllıq və kölgəlikdi. Şah soruşdu ki, bu yer kimindir. Sərkərdə baş əyib şahın üzəngisindən tutdu və dedi: - Şahım sağ olsun, qulunuz bağışladığınız kənddir. Şahın o kəndi xoşlasa qulunun başını ucaldar, uğurlu qədəmini bu qulun evinə bassa məni dünyanın başı ucalarından edər. Sayənizdə başı göylərə dəyən bir köşküm var. Ətrafı sıx bağlar, gülər, çiçəklər və meyvə ağacları ilə örtülmüşdür. Sarayımın yanında cənnət bağları və behişt otaqları yalandır. Şah bu sarayda şərab buyurarsa, ulduzlar mənim astanamı öpər. Şahın qədəmi evimə ənbər iyi səpər, bəxtim açılar, milçəyim bal, öküzüm süd verər.

Şah sərkərdənin xahişini qəbul edib dedi: - Get hazırlaş, ovdan qayıdanda sənin sarayına düşəcəyəm. Sərkərdə baş əyib sevincək qayıtdı. Sarayını qiymətli fərşlərlə döşətdirdi, rum parçaları, çin qumaşları ilə bəzədi. Sarayın hər tərəfi par-par parıldayırdı. Ev sahibi şahın qədəmlərinə cavahirat səpdi. Şah altmış pilləli eyvana çıxanda başı göylərə dəyən, kainata şəfəq salan, xəvərnəqin bütün gözəlliklərini əks edən bir eyvan gördü. Sarayda şadlıq məclisi quruldu. Yemək-içməklə məşğul oldular.

Şah bir-iki qədəh içəndən sonra qəmi dağıldı, kefi açıldı, üzünü ev sahibinə tutub dedi: - Ey mənim qızıl eyvanlı, qonaqcıl sərkərdəm! Sarayın genişdir və yeri çox xoşdur. Lakin de görüm, göylərin bir qatına qalxan bu eyvana necə çıxıb düşə bilirsən? Sənin ki, yaşın altmışı keçmişdir.

Sərkərdə dedi: - Şahın ömrü uzun olsun, mənim çıxıb düşməyim təəccüblü deyildir. Mən kişiyəm, bu pillələrdə yorulmuram. Təəccüblü mənim ayüzlü qızımdır ki, özü qumaş kimi zərif və incə ola-ola, hər gün dağ boyda öküzü başına götürüb yemləmək üçün bu eyvana çıxarır. Öküz nə öküz, fil kimi! And içə bilərəm ki, bu qoşundan heç kəs onu birnəfəsə yerdən qaldıra bilməz. Qız isə bu altmış pilləni yaydan qurtarmış ox kimi çıxır, pillələrin birində dayanıb nəfəsini dərmir. Əsil təəccüblü iş budur!

Sərkərdənin sözündən şah heyrətə gəldi: - Bu necə ola bilər, gözümlə görməsəm buna inanmaram. Şah sərkərdədən tələb etdi ki, dediyini isbat eləsin. Sərkərdə aşağı enib əhvalatı Fitnəyə söylədi. Ayüzlü qız fürsətdən istifadə edib qabaqcadan hazırlanmışdı. Çinli qızlara məxsus bəzək-düzəyini taxdı, üzünə seyqəl verdi, gözünə sürmə çəkdi, müşk iyli tellərini ay üzünə haşiyə çəkdi, sərv boyuna qırmızı don geydi, lalə kimi göründü, ay kimi gümüş gərdəninə dürdən boyunbağı taxdı, xoş bir vəziyyət aldı, dodaqlarında təbəssüm oynatdı, sədəf dişləri göründü. Ənbər saçlarını çiyninə tökdü, zənci rəngli saçı hindi xalı ilə sanki vuruşmaq üçün qarşı-qarşıya dayandı. Fitnənin xurma dodağının üstündəki qara xal gözəlliyini bir qat daha artırdı. Başındakı daş-qaş ulduz kimi parıldayırdı. Qulağının gövhər sırğası aşiqlər bazarının ən qiymətli matahı idi. Ay üzünü yasəmən arasındakı gül kimi ağ örtüdə gizlətdi. Yeddi bəzəklə yaraşığını tamamlayandan sonra nazla hərəkət edərək öküzə doğru getdi. Başını əyib öküzü boynuna götürdü. Fitnə ildırım kimi pillələri çıxdı. Bəhram şahın taxtı qarşısına yeridi, ayaq üstə ədəblə dayandı. Bəhram şah öküzü görüb heyrətindən ayağa qalxdı. O, öz kənizini tanımadı.

Fitnə öküzü boynundan yerə qoydu və dedi: - Mən sənin və bütün məclisin hüzurunda bu hünəri göstərdim. Əgər bacarırsınızsa dünyada bir güclü igid tapın ki, bu öküzü eyvandan aşağıya apara bilsin.

Şah dedi: - Bu sənin güclü olduğunu göstərmir, əvvəldən adət etdiyin üçün bacarırsan. Bu hünər deyil, uzun illər yavaş-yavaş vərdiş etmisən, odur ki, bir əziyyət görmürsən.

Ayüzlü, gümüşbədənli Fitnə baş əyib şaha dua oxudu və dedi: - Çox qəribədir ki, öküz adət ilə olur, ceyran isə hünər ilə. Nədəndir mənim öküz götürməyim adət sayılır, şahın ceyran vurmağına adət deyənlər cəzalanırlar?

Şah kinayəli sözündən Fitnəni tanıdı. Qızın yanına gəldi, rübəndini açdı, onun gül camalına baxdı, qucaqlayıb ağladı. Göz yaşları ay üzünə mirvari kimi səpildi. Şah qızdan üzr istədi. Fitnə isə nərgiz gözlərindən gülab yağdırdı. Şah evi xəlvət edib gözəl pərisinə gileylənirdi: - Səni zindana saldırmağıma min dəfə üzr istəyirəm. Bağışla məni, ağılsızlıq edib, yandırdığım odda özüm qovruldum, sən isə şükür ki, salamatsan.

ah Fitnəni öz yanında əyləşdirib qolunu boynuna saldı, Fitnə də ürəyinin sözünü dedi: - Sevimli şahım, ey məni ayrılığı ilə öldürən, mehribanlığı ilə dirildən sirdaşım, ayrılıq məni şam kimi əritdi. Qəm dağı yerindən qoparar. Sənə olan məhəbbətim sayəsində az qaldı həyatım getsin. Sən ovlaqda ceyranın dırnağını qulağına tikəndə hünərinə yerlər deyil, göylər də afərin dedi. Mən şahı tərifləməkdə qəsdən gecikdim, səbr elədim. Bədnəzəri şahdan uzaqlaşdırmaq üçün tərifə dil açmadım. Tərifli şeyə hər zaman bədnəzərin gözü dəyə bilər. Lakin nə edim ki, fələk məhəbbətim əvəzində mənə əziyyət və töhmət qismət elədi. Fitnənin bu sözü şaha çox xoş gəldi.

Şah dedi: - Haqqın var! Sənin vəfana inanıram. Bu hünərə sahib olan qızın dünyada əvəzi yoxdur. Sərkərdəm qorumasaydı, mənim bu gövhərimi daşlar parçalamışdı. Şah sərkərdəni çağırıb razılıq etdi, qolunu onun boynuna salıb, şaha layiq xələt və bəxşişlər verdirdi, yaxşılığına birə-min əvəz elədi, onu çox əzizlədi və Rey mülkünü tamam ona bağışladı. Şah böyük şadyanalıqla öz şəhərinə qayıdıb məclisinə şirin sözlü şairlər çağırdı. Ruhani başçılarını çağırıb, Fitnənin kəbinini özünə kəsdirdi. Hər ikisi kef-ləzzətlə gün keçirməyə başladı.