Nağıllar, hekayələr

"Uğur böcəyi"

Gözəl bir yay səhəri idi. Nuray bağda oturub havada uçan kəpənəklərə baxırdı. Kəpənəklər gah güllərə qonur, gah da pırıldayıb havada uçurdular. Elə bu vaxt bir parabüzən uçaraq Nurayın dizinə qondu. Balaca qızcığazı gülmək tutdu:
-Aaa sən haradan gəldin, ay uğur böcəyi?


Parabüzən xoşlanaraq:
-Mən parabüzənəm. Uğur böcəyi nədir?
-Nə?
-Parabüzən də...
-Axı, anam sənə uğur böcəyi deyir. Onun danışdığı nağılda sən var idin, adın uğur böcəyi idi.
-Hə, başa düşdüm. Nağılda olar, amma həqiqətən mənim adım parabüzəndir. 


Birdən Nuray parabüzəni götürüb evə qaçdı. Gülə-gülə dedi:
-Ay parabüzən, daha səni bağda qoya bilmərəm. Səni evimizə aparıram. 


Parabüzən kədərləndi:
-Yox, yox! Aparma. Bu bağ mənim doğma yerimdir. Bu bağda dünyaya göz açmışam. Başqa yerdə qala bilmərəm. 
-Qala bilərsən, səni pəncərəmdəki güllərin üzərinə qoyacağam. Orada yaşayarsan. Mənim otağımda.


Parabüzən ağlamağa başladı:
-Yox, mən ancaq bağdakı çiçəklərin əhatəsində yaşaya bilərəm. Başqa çiçək istəmirəm. 
-Eee... Nə haray-həşir salmısan? İstəyirəm mənimlə qalasan.  Mənim otağımdakı çiçəklər bunlardan gözəldir.


Nuray parabüzəni gətirib pəncərədəki güllərin üzərinə qoydu. Pəncərəni bərk bağladı ki, uçub gedə bilməsin.


Parabüzən Nurayın bu hərəkətin görüb sakitcə ağlayırdı. Nuray elə hey onun könlünü almağa çalışırdı, amma parabüzən sakitləşmirdi. Ağlaya-ağlaya deyirdi:
-Niyə başa düşmürsən ki, o bağ mənim Vətənimdi. Sən Vətənsiz yaşaya bilərsən?


Nuray duruxub qaldı. Yadına keçənilki əhvalat düşdü. Onda uzaq şəhərdə yaşayan xalasıgilə getmişdi. Anası üçün, doğma yurdu, evləri üçün çox darıxırdı. Bir anlıq fikirləşdi ki, parabüzən indi o hissləri keçirir... Odur ki, sevinclə dedi:
-Yaxşı, səhər səni öz bağına aparacağam.


Parabüzən göz yaşlarını sevinə-sevinə sildi:
-Doğurdan?
-Əlbəttə...


Səhər açılmışdı. Günəşin al şəfəqlərı ətrafa səpələnmişdi. Nuray yuxudan qalxıb parabüzəni ehmalca əlinə götürdü. Sakitcə pıçıldadı:
-İndi səni o bağa aparacağam.


Parabüzənin sevincinin həddi-hüdudu yox idi. O, qırmızı qanadları ilə Nurayın yanaqlarını sığallayıb dedi:
-Məni başa düşdüyün üçün çox sağ ol.


Nuray parabüzəni bağa aparıb havaya buraxdı. O uçub gözəl bir çiçəyə qondu. Şən mahnı oxumağa başladı. Parabüzənın dünənki kədərindən əsər-əlamət qalmamışdı....

 

Müəllif: Mehriban Nağıyeva
Rəssam: Mərziyyə Tağıyeva