Nağıllar, hekayələr

Lev Tolstoy. “Baba və nəvə"

Baba lap qocalmışdı. Ayaqları gücdən düşmüşdü, gözlərinin işığı getmişdi, dişləri tökülmüş və qulaqları da ağır eşidirdi. Yediyi zaman xörək ağzından tökülürdü. Oğlu və gəlini babadan çox narazı idilər. Yemək vaxtı babanı masa arxasında əyləşməyə qoymazdılar. Onu sobanın dalında oturdub, xörəyini də orada verərdilər.

 

Bir dəfə, nahar vaxtı babaya bir qabda xörək verdilər. О qabı yaxına çəkmək istəyəndə əlindən salıb sındırdı. Gəlin, babanın bu işindən hirslənib, “Sən bizim evdə avadanlıq, qab-qacaq qoymayacaqsan”- deyə onu danlamağa başladı, sonra dedi: “Bu gündən sonra xörəyi nimçədə deyil, ağac qabda yeyəcəksən”. Qoca cavab verməyib, dərindən bir ah çəkdi.

 

Bu işdən bir neçə gün keçmişdi. Babanın gəlini və oğlu evdə oturmuşdular. Nəvəsi Mişa da döşəmə üstə əyləşib, taxta parçaları ilə əlləşir, nə isə düzəltməyə çalışırdı. Atası maraqlanıb soruşdu:
-     Mişa, nə qayırırsan?
-     Atacan, ağacdan qab qayırıram. Nə vaxt səninlə anam qocalsanız, sizə bu qabda yemək verəcəyəm.

 

Mişanın bu sözlərindən sonra, atası və anası bir-birinin üzünə baxıb ağladılar. Onlar baba ilə pis rəftar etdiklərinə peşman oldular. О gündən babaya hörmət və yaxşı qulluq etməyə başladılar.