
Varşava Konservatoriyasının tələbələrindən birinə verilmiş imtahan vərəqəsində musiqi müəllimi, bəstəkar Yuzef Elsner yazmışdı: “Friderik Şopen – musiqi dühası”.
Həmin qeydin yazıldığı vaxt Şopen doğma Polşada virtuoz pianoçu, fortepiano üçün iki böyük konsertin, çoxsaylı mazurka və polonezlərin müəllifi kimi məşhur idi.
Şopenin dostları və doğmaları əmin idilər ki, onu Polşanın hüdudlarından kənarda da müvəffəqiyyət gözləyir. Lakin fransız dili müəllimi olan atasının öz oğlunu xaricə səfərə göndərmək imkanı yox idi. Xoşbəxtlikdən, musiqiçinin pərəstişkarları arasında varlı və nüfuzlu adamlar tapılır.
Onların dəstəyi ilə Şopen dostu Tito Voytsexovski ilə birlikdə 1831-ci il noyabrın 1-də Varşavanı tərk edir. Gənc bəstəkar bir qab doğma Polşa torpağını özü ilə aparır. Şöhrət qazanıb evə dönmək arzusunda olan Şopen hələ bilmir ki, bu arzusu ürəyində qalacaq.
Vyanaya gələn dostlar öz həyatlarını yenicə qurmağa başlayırlar ki, Varşava üsyanı barədə xəbər gəlir. Qeyd edək ki, o vaxt Polşa müstəqil dövlət deyildi. Rusiya, Avstriya və Prussiya onu öz aralarında “bölmüşdülər”.
Polşada artıq çoxdan yetişməkdə olan milli-azadlıq hərəkatı 1830-cu ildə açıq üsyan şəkli aldı. Qiyamçılar arasında Şopenin çoxlu dostları vardı. Atası da onlara rəğbət bəsləyirdi. Odur ki, gənc bəstəkar vətənə dönməyə can atır. Lakin Tito Voytsexovski onu öz gələcəyini təhlükəyə atmaq fikrindən daşındırır. Bəstəkarın doğmaları da eyni fikirdə olurlar.
Qeyri-müəyyən vəziyyət və yaxınlarının taleyindən nigarançılıq uzun aylar çəkir. Bəstəkar bu hisslərə o dərəcədə qapılır ki, yaradıcılıqla məşğul olmağa qüvvəsi qalmır. Şopen Vyanada yaşadığı 8 ay ərzində bircə not sətri də yazmır.
Varşavada üsyanın yatırılması xəbəri musiqiçini Almaniyada yaxalayır. Şopen sarsılır, başa düşür ki, daha Polşaya qayıda bilməyəcək. Bundan sonra o, doğma Polşaya olan bütün məhəbbətini musiqisində yaşadır. Onun yeni əsərlərində daha əvvəlki kimi qayğısız gəncliyin ruhu duyulmur. Bu əsərlərdə coşqun məhəbbət və daim sızıldayan kədər sədaları eşidilir.
Şopen 1831-ci ildə Parisə köçür və Avropanın ən böyük mədəniyyət xadimləri ilə dostlaşır. Yazıçı Balzak, şairlər Henri Heyne və Adam Mitskeviç, bəstəkar Feliks Mendelson, rəssam Ejen Delakrua onun tanışları və dostları arasındadır. Şopen virtuoz pianoçu kimi şöhrət qazanır, çoxlu konsert verir. Lakin gərgin konsert fəaliyyətinə baxmayaraq, çətinliklə dolanır. Maddi durumunu düzəltmək üçün dərs deməyə başlayır, eyni zamanda macal tapıb musiqi bəstələyir.
Şopeni “fortepiano nəğməkarı” adlandırırdılar. O, nə opera, nə də simfoniya yaradıb. Bütün əsərləri fortepiano ilə orkestr üçün yazılıb. Dünyanın bütün pianoçuları Şopenin ecazkar polonezlərini, mazurka, vals və etüdlərini, prelüd, ballada və sonatalarını öz repertuarlarına daxil edirlər.
Bəstəkar çox gərgin işləyir. Belə iş rejimi onun onsuz da zəif olan səhhətinə təsir göstərməyə bilməzdi. 1838-ci ildə Şopendə vərəm xəstəliyi aşkar olunur. Şopen ömrünün sonunadək vətənpərvər olur. Parisdə ölüm yatağında ürəyinin Polşada dəfn olunmasını vəsiyyət edir. Böyük bəstəkarın arzusu yerinə yetirilir, onun ürəyi vətənə gətirilir və Müqəddəs Xaç Kilsəsində dəfn olunur.
Polşanın hitlerçilər tərəfindən işğalı zamanı Varşavada Şopenin abidəsi dağıdılır, faşistlər onun musiqisinin ifa olunmasına ciddi qadağa qoyurlar. Həmin dəhşətli günlərdə bəstəkarın məzarı da təhlükəyə məruz qalır. Polşa vətənpərvərləri həyatlarını təhlükəyə qoyaraq, Şopenin ürəyini kilsədən çıxarıb müharibənin sonunadək etibarlı yerdə gizlədirlər.
14.10.2013