“Şeyx Səfi”
Elmdə “Şeyx Səfi” adı ilə tanınan xalça bu günədək qorunub saxlanan Azərbaycan xalçalarının ən məşhuru və ən böyüyüdür. Sahəsi 56 kvadratmetrdən çox olan bu xalça müasir mənzilin ümumi döşəməsini örtə bilərdi. “Şeyx Səfi” xalçası Azərbaycan Səfəvilər sülaləsinin banisi şah İsmayıl Xətainin oğlu I Təhmasibin ideyası ilə 1539-cu ildə Təbrizdə Ərdəbil məscidi üçün yaradılmışdır. Dünya mədəniyyətinə məxsus bu unikal əsərin müəllifləri azərbaycanlı sənətkarlarıdır. Xalçaçılıq sənətinin zirvəsi sayılan “Şeyx Səfi” xalçasını dünyanın səkkizinci möcüzəsi adlandırırlar. O, rənglərinin parlaqlığını bu günədək saxlamış yun saplardan toxunmuşdur. Hər bir xalçanın əsas keyfiyyət göstəricisi olan ilmələrin sıxlığı bu günədək əlçatmaz etalon olaraq qalır - bir kvadrat düymdə 340 ilmə!
1893-cü ildə “Şeyx Səfi” xalçası ingilislərin əlinə keçmişdir və hazırda Londondakı Viktoriya və Albert muzeyində “İslamic Art” (İslam incəsənəti”) zalında saxlanır. Hər gün xalçanın qarşısında turistlər üçün mühazirələr təşkil olunur. Buraya toplaşanlar böyük maraqla bu qiymətli sənət incisinin tarixi haqqında saatyarımlıq hekayəti dinləyirlər.