Xəbərlər

Uşaqlar sülh istəyir

21 sentyabr - Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər üçüncü çərşənbə axşamı qeyd olunurdu. 2002-ci ildə isə BMT Sülh günü üçün konkret vaxt müəyyənləşdirilib: 21 sentyabr. Təşkilat həmin günü həm də Dünya Atəşkəs günü elan edib.

 

Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın mütləq dünya sülhü” sözləri yazılıb.  2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun həmin “Sülh zəngi” ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.

 

Sülh günü Azərbaycanda da qeyd edilir. Bu münasibətlə hər il ölkəmizdə elan olunan “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir.

 

Sentyabrın 20-də Bakıda “21 sentyabr - Beynəlxalq Sülh günüdür” mövzusunda konfrans keçirilib. Konfransda Beynəlxalq Sülh Gününün haqqında məlumat verilib, dünyada sülhün, əmin-amanlığın, ədalətin bərqərar olunmasının, təhlükəsizliyin təmin edilməsinin hər bir sülhsevər xalqın, bütün insanların, xüsusilə uşaqların arzusu olduğu bildirilib.

 

Konfransda çıxış edən BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard müasir dünyada sülhün, əmin-amanlığın daim qorunmasının zəruriliyini vurğulayıb. M. Herevard bütün ölkələr, insanlar, xüsusilə bəşəriyyətin gələcəyi olan uşaqlar üçün sülhün əhəmiyyətindən bəhs edib.   Məktəblilər sülh və onun qorunması ilə bağlı fikirlərini söyləyib, sülhlə bağlı şüarlar səsləndiriblər.