Xəbərlər

Yenidən məktəbə!

Yay bitdi. Üç ay yarım sürən isti, günəşli və füsunkar günlər geridə qaldı. Çaylar, dağlar və dəniz, kəndə və ya xarici ölkələrə səyahət, uzun-uzadı gəzintilər, dost-tanışlarla görüşlər — hər şey geridə qaldı. Biz yeni dərs ilini qarşılayırıq. Bəzilərimiz üçün  ilk, bəzilərimiz üçün isə sonuncu dərs ilini.

 

Bilik günü uzun yay tətilindən sonra balacaların böyük həvəslə gözlədikləri bayramdır. Birinci sinif şagirdləri və ali məktəblərin birinci kurs tələbələri  yeni, böyük və naməlum bir aləmə qədəm qoyurlar. Onları  yeni-yeni  insanlarla tanışlıqlar, yeni  dostlar gözləyir.

 

Bu il Azərbaycanda 141166 uşağın, o cümlədən  74998 oğlan və  66168 qızın  birinci sinfə gedəcəyi gözlənilir. Keçən il isə birinci sinfə 135541 uşaq (73182 oğlan, 62359 qız) getmişdi.  Bu il təkcə Bakı şəhərində 36102 məktəbli ilk dəfə parta arxasında əyləşəcək, 33745 gənc isə yeni dərs ilinə ali məktəbin birinci kurs tələbəsi kimi başlayacaq.

 

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bu il ümumtəhsil müəssisələrinin 5-11-ci  siniflərində ilk dərs "Mənim Vətənim –  doğma yurdum" mövzusuna həsr olunacaq.

 

Xatırladaq ki,  sentyabrın 15-i istirahət gününə təsadüf etdiyi üçün yeni tədris ili sentyabrın 16-da başlayır.

 

“Uşaq bilik portalı” sizə təhsildə uğurlar və müvəffəqiyyət arzulayır. Bu dərs ilini əvvəlkindən də yaxşı nəticələrlə  bitirmək lazımdır! Qarşınıza məqsəd qoyun və buna nail olun!