Odlar Yurdu

Əsrlərdən boylanan Lahıc

Yəqin çoxları kimi sız də səyahəti xoşlayırsınız. Ürəyinizdən uzaq-uzaq ölkələri gəzib dolaşmaq keçir. Amma atalar deyib ki, əvvəl evin içi, sonra çölü. Azərbaycanın gəzməli, görməli yerləri çoxdur. Yadınıza salın görək hansı birində olmusunuz. Olmamısınızsa, gedin, gəzin. Biz isə istəyirik sizi virtual səyahətə dəvət edək. Odur ki, vaxtaşırı olaraq Vətənimizin tarixi guşələrindən, axar-baxarlı yerlərindən söhbət açırıq. Ən azından insan gərək öz vətəni haqqında hər şeyi bilsin, onu yaxından tanısın.

Bu dəfə Azərbaycanın ən qədim və nadir yaşayış məskənlərindən biri olan Lahıc haqqında söhbət açmaq istəyirik. Niyə Lahıcı seçdik? Oxusanız biləcəksiniz.

Böyük Qafqazın ətəyində, Girdimançayın sahilində, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu qədim qəsəbə-kəndin 1500 illik tarixi var.  Babadağ və Niyaldağ silsilələrinin, sərt sıldırım qayaların və dərin dərələrin əhatəsində yerləşməsi Lahıc üçün təbii istehkam rolunu oynayıb. Qəsəbə öz arxitekturası və tarix- mədəniyyət abidələri ilə diqqəti cəlb edir.

Bir sıra tədqiqatçıların fikrincə,  Lahıc Sasani şahı l Keyxosrov tərəfindən salınıb. Onun idarəçiliyi dövründə İran–Turan müharibələri gedirdi və l Keyxosrov hakimiyyətdən əl çəkərək dağlara üz tutur. Bu yerlərin bənzərsiz təbiəti onu özünə o qədər cəlb edir ki, ömrünün axırına qədər İranın Lahican əyalətinin şərəfinə Lahıc adlandırdığı kənddə yaşayır. Hətta köhnə kənd qəbiristanlığında Keyxosrovun da qəbrinin olduğu söylənilir. Amma bunlar hələ tam təsdiqini tapmayan fərziyyə və gümanlardır.

Lülo çayı qəsəbəni iki hissəyə bölür. Cənub tərəf Lahıc, şimal tərəf isə Aragird adlanır. Qəsəbədə beş məhəllə var: Zəvəro, Muradan, Ağalı, Bədəvan və Piştə. Vaxtilə hər məhəllənin öz bulağı, dəyirmanı, hamamı, məscid və mədrəsəsi olub.

Tarixi abidələrlə zəngin olan Lahıc Şahdağ Milli Parkının tərkibinə daxildir. Ərəb xilafətinə qarşı  mübarizə aparmış məşhur alban hökmdarı Cavanşirin yay iqamətgahı burada yerləşib. Niyaldağın yamacında Cavanşir dövrünün yadigarı olan Niyal qalasının qalıqları nəzərə çarpır. Bu qaladan Lahıca təkrarsız bir mənzərə açılır. Lahıc ərazisindəki digər qədim qala - Fit qalası isə Şirvanın sonuncu xanı Mustafa xanın yay iqamətgahı imiş.

Lahıcdakı ən möhtəşəm abidə Girdiman çayının sahilində ucalan 3 mərtəbəli, 72 otaqlı Hacı Paşa evidir. Abidə özündə Lahıcın XVIII əsr memarlıq üslubunun bütün komponentlərini əks etdirir. Yerli camaat bu abidəni "Hacılar həyəti" adlandırır. Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına daxil edilib.

Lahıc bənzərsiz memarlıq nümunələri ilə yanaşı, özünəməxsus adət-ənənələri, yüksək sənətkarlıqla işlənmiş tətbiqi-sənət əsərləri ilə də məşhurdur. XVIII-XIX əsrlərdə qəsəbə mis qablar və silah istehsalının əsas mərkəzlərindən biri sayılırdı. Bu qab və silahlar yüksək zövqlə hazırlanır, xarici bazara çıxarılırdı.

Bəlkə də dünyanın heç bir yerində misgərlik Lahıcdakı qədər inkişaf etməyib. Vaxtilə tacirlər Bakıdan, Tiflisdən, Borçalı və Zəngəzur mədənlərindən Lahıca karvan-karvan xam mis daşıyırdılar. Bu da bəs eləmirdi.  Suriya, Türkiyə, İngiltərə və Həbəşistandan da mis gətirilirdi. Buradan isə hazır məhsul  uzaq ölkələrə aparılırdı. Misgərlik sənəti Lahıcda bu gün də qorunub saxlanır. Sənətkarların əl işlərinə xüsusən əcnəbi turistlər daha çox maraq göstərirlər. Onlar misgər emalatxanasının qarşısında hökmən ayaq saxlayır, heç olmasa bir mis əşya alıb aparırlar.

Lahıcın digər bir özəlliyi daş döşənmiş küçə və meydanlardır.  Bu daş küçələrin altından dörd yüz il bundan əvvəl çəkilmiş kanalizasiya xətlərinin keçdiyini isə çox adam bilmir. Ən maraqlısı odur ki, saxsı borulardan ibarət bu kanalizasiyanın hara gedib çıxdığını, hara töküldüyünü indiyədək müəyyənləşdirmək mümkün olmayıb. 

Hər addımda nəzərə çarpan qədimlik, nadir təbiət lövhələri, xalq sənətkarlığının heç də hər yerdə olmayan maraqlı nümunələri... Bütün bunlar Lahıcı populyar turist məkanlarından birinə çevirib. Bu ucqar dağ kəndində İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan, İspaniyadan gəlmiş turistlərin gəzib dolaşması o qədər adiləşib ki, artıq kəsi təəccübləndirmir.