Gənc bioloqların yaradıcılıq müsabiqəsinin ikinci mərhələsində 276 komanda iştirak edib
Bakı, 3 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinin ikinci mərhələsi keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin ikinci mərhələsində 12 rayon üzrə 276 komanda iştirak edib.
Müsabiqə Nərimanov rayonu üzrə 57, Nəsimi rayonu üzrə 46, Səbail rayonu üzrə 49, Xətai rayonu üzrə 249, Qaradağ rayonu üzrə 233, Nizami rayonu üzrə 229, Xəzər rayonu üzrə 156, Yasamal rayonu üzrə 158, Suraxanı rayonu üzrə 270, Sabunçu rayonu üzrə 128 nömrəli tam orta məktəblərdə, Binəqədi rayonu üzrə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, Pirallahı rayonu üzrə isə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutub.
Komandalar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və iki məsələni həll edib. Hər bir test sualının doğru cavabı bir, məsələ isə beş balla qiymətləndiriləcək.
İkinci mərhələdə hər rayon üzrə birinci yeri qazanmış komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə qazanacaq. Final mərhələsində (üçüncü mərhələdə) hər rayondan bir komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək. İlk üç yeri tutmuş komandalar qalib hesab olunacaq.
Qeyd edək ki, məktəblilərin biologiya elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə keçirilən müsabiqədə IX, X və XI sinif şagirdləri iştirak edirlər.
02.05.2018