Makedoniyalı İsgəndər
Makedoniyalı İsgəndər qədim dünyanın ən qüdrətli sərkərdələrindən və dövlət xadimlərindən biri olub. O, eramızdan əvvəl 356-cı ildə Makedoniyanın paytaxtı Pella şəhərində dünyaya gəlib. İsgəndərin 13 yaşı olanda atası çar II Filip ona tərbiyə vermək üçün görkəmli yunan filosofu Aristoteli saraya gətirir. Aristotel gələcək hökmdara davranış qaydalarını, hakimiyyəti idarəetmə elmlərini öyrədir.
Yaşıdlarından fərqlənən gənc İsgəndər fədakar, müdrik və alicənab idi. Atasının ölümündən sonra 20 yaşlı İsgəndər Makedoniyanın çarı olur. Rəvayətə görə, o, bütün xalqları bir dövlətdə birləşdirmək istəyirmiş ki, müharibələr olmasın. O, bu ideyaya uşaqcasına və sadəlövhcəsinə inanırdı.
Makedoniyalı İsgəndər ilk mühüm qələbəni İran qoşunları ilə döyüşdə qazanır. Qarşı tərəfin qoşunu iki dəfə çox olsa da, makedoniyalılar Kiçik Asiyanı bütünlüklə zəbt edirlər. İsgəndərin ordusu İran ordusunu darmadağın edir.
Eramızdan əvvəl 327-ci ilin yazında Pəncab şəhərində Makedoniya ordusu sürprizlə üzləşir. Onların qarşısına 200 döyüş fili çıxarılır. Əvvəllər heç vaxt fil görməyən makedoniyalılar özlərini itirmir və cəsur döyüşçü olduqlarını bir daha təsdiqləyirlər.
Makedoniyalı İsgəndərin qurduğu dövlət Dunaydan Hind çayınadək uzanan böyük bir ərazini əhatə edirdi. Yunanıstan, Makedoniya, Kiçik Asiya, Suriya, Fələstin, Misir, İran, Orta Asiya, Şimal-Qərbi Hindistan bu əraziyə daxil idi. Maraqlıdır ki, fəth etdiyi dövlətlər sonradan İsgəndərin müttəfiqinə çevrilir, onun himayəsində olmaqdan qürur duyurdular.
Makedoniyalı İsgəndər başqa sərkərdələrdən xeyirxahlığı və ədalətliliyi ilə fərqlənirdi. O, zəbt etdiyi ərazilərdə yerli hakimləri dəyişmir, devrilmiş imperiyaların ənənələrinə hörmətlə yanaşırdı. Siciliyanı, Karfageni, Şimali Afrikanı və İspaniyanı da tutmaq istəyirdi. Lakin xəstəliyi buna imkan vermir və o, eramızdan əvvəl 323-cü ildə vəfat edir. İsgəndərin qurduğu imperiya onun ölümündən dərhal sonra parçalanır.
İsgəndərin Azərbaycanda olması haqqında müxtəlif rəvayətlər var, nağıllarımızda onun adı çəkilir. Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında hökmdar-sərkərdənin həyatından, hərbi səfərlərindən, fəlsəfi görüşlərindən bəhs edilir, onun Bərdə hakimi Nüşabə ilə görüşü təsvir olunur.
Makedoniyalı İsgəndərin yaşadığı dövrdən iki min ildən artıq keçsə də, onun adı bir sıra xalqların tarixində və folklorunda xeyirxah və böyük hökmdar kimi qalmaqdadır.
05.09.2013