Nağıllar, hekayələr

Heraklın doqquzuncu qoçaqlığı. “Herakl Amazonkalar ölkəsində”

Həmişə qaşqabaqlı və kədərli gəzən qorxaq Evrisfey adamlara qarşı kinli idi, çünki ətrafındakıların çoxu ondan ağıllı, qoçaq və qüvvətli idi. Amma dünyada Evrisfey üçün hər kəsdən əziz bir nəfər vardı- altun telli qızı Admeta. Qızı güləndə Evrisfey də gülümsəyərdi. Admeta ağlayanda isə o, qəzəblə dişlərini qıcayardı. Onda hamı başa düşürdü ki, hökmdar qızının göz yaşlarına bais olmuş adamın axırı çatıb. Admetanın “istəyirəm” kəliməsi Evrisfeyin səltənətindəki bütün qanunlardan güclü idi.

 

Bir gün dayəsi Admetaya qəribə hekayət danışdı:
-Şəhərimizdən çox-çox uzaqlarda, Qara dənizin o tayında sirli bir ölkə var. Bu yer Amazonkalar ölkəsi adlanır. Həmin ölkədə bir nəfər də kişi yaşamır, ölkənin bütün sakinləri qadınlardır. Amma bunlar adi qadınlar deyillər. Bu qadınlar vuruşmağı hələ beşikdə ikən öyrənməyə başlayırlar. Oyuncaqları isə iti qılınc və sərrast vuran ox-kamandır. Hələ kiçik yaşlarından onlar at minib öz ölkələrinin dağlarında və dərələrində çapır, qorxmaz süvari kimi yetişməkdən ötrü məşq edirlər.

 

Dayə daha sonra bunları söylədi:
-İndiyədək heç bir sərkərdə nə hiylə, nə də güc işlətməklə bu amazonkaları məğlub edə bilməyib. Onların paytaxtı olan sirli Temeskir şəhərinə hələ heç bir düşmən ayağı dəyməyib. Bu şəhər coşğun Termodon çayının Qara dənizə töküldüyü yerdə salınıb. Şəhərin ortasında yüksələn dəbdəbəli sarayda isə amazonkaların hökmdarı gözəl Hippolita yaşayır. Onun sarayının xəzinəsində saysız-hesabsız qiymətli əşyalar saxlanır. Burada hər şey var- qiymətli daş-qaşlar, zərif qızıl zəncirdən toxunmuş libaslar, uzaq Şərq ölkələrindən gətirilmiş büllur qablar. Bunların hamısını cəsur süvari qadınlar döyüşlər zamanı əldə ediblər. Lakin bu qiymətli əşyalar arasında hökmdar Hippolitanın ən çox əzizlədiyi şey döyüşə yollanarkən bağladığı sehrli kəmərdir. Bu kəmərin elə bir yaraşığı, daş-qaşı yoxdur, ensiz, kiçik bir kəmərdir. Bu kəmərin qiyməti ondadır ki, onu qəzəbli hərb ilahı Apollonun özü Hippolitaya bağışlayıb. Kəməri bağlayan döyüşçü mütləq qalib gəlir. Buna görə də amazonkalar onu göz bəbəyi kimi qoruyurlar. Sehrli kəməri amazonkaların əlindən almaq istəyən hər bir kəsi ölüm gözləyir.

 

Altun telli Admeta bu maraqlı hekayəti eşitcək sehrli kəməri əldə etmək istəyinə düşdü. O, öz zərif səndəllərini geyib sarayın daş döşəməsini tappıldada-tappıldada Evrisfeyin otağına tərəf qaçdı. Atasının boynuna sarılan gənc şahzadə qız dedi:
-Atacan, mənim bir arzum var, gərək yerinə yetirəsən.
Evrisfey qızının altun tellərini sığallayıb soruşdu:
-O nə arzudur ki, sən belə həyəcanlanmısan? De, bu saat yerinə yetirim.
-Amazonkalar ölkəsinin hökmdarı Hippolitanın sehrli kəməri mənim olmalıdır.

 

Evrisfeyi fikir götürdü. Qızının istəyinə əməl etmək üçün canından belə keçməyə hazır olsa da, sehrli kəməri ələ keçirmək onun bacardığı iş deyildi. Bu yerdə o, Heraklı xatırladı. İlahların ona göndərdiyi nökər üçün bu, çox yaxşı tapşırıq idi. Qoy getsin, şahzadə qızın istəyini yerinə yetirsin. Öhdəsindən gəlməsə, ölüb getsin, Evrisfeyin də canı ondan qurtarsın.

 

Bəli, Herakla əmr edildi ki, Amazonkalar ölkəsinə səfər etsin və hökmdar Hippolitanın sehrli kəmərini ələ keçirib şahzadə Admetaya gətirsin.

Yay günlərinin birində Herakl gəmi ilə səfərə çıxdı. Gəminin iti burnu dağları yarıb keçirdi. Sevimli Yunanıstandan ayrılmış qoçaq gündoğan tərəfə xeyli yol getdi. Nəhayət, uzaqdan amazonkaların paytaxtı Temeskir şəhəri göründü. Herakl öz yüngül gəmisini sahilə çıxarıb qayalara bağladı. Sonra o, böyük şəhərin divarlarına yaxınlaşdı. Burada düşərgə salıb tonqal qaladı.

 

Çox keçmədən şəhər tərəfdən şeypur səsləri eşidildi. Qəribin nə məqsədlə onun vilayətinə gəldiyini öyrənmək üçün padşah Hippolita özü düşərgəyə təşrif buyurmuşdu. Herakl amazonkaların cəsur hökmdarını mehribanlıqla və hörmətlə qarşıladı. O, özünün kim olduğunu və nə üçün Evrisfeyə xidmət etdiyini açıb ona danışdı. Bu əhvalatı eşidən Hippolita çox təsirləndi. 


O dedi:
-Ey Zevsin oğlu, arxayın ol, bu sehrli kəmərin üstündə sən qan axıtmalı olmayacaqsan. Doğrudur, mən onu xəzinəmdəki bütün qiymətli əşyalardan əziz tuturam, ancaq bununla belə, onu səndən əsirgəmərəm. Sən mənim qonağımsan! Asudəliklə dincəl! Bir neçə gündən sonra mən o kəməri sənə verərəm.

 

Bəzən səmimiyyət və qorxmazlıq iti qılıncdan da təsirli olur. Beləcə, ilk söhbətdən sonra iki cəsur və alicənab adam dost oldular.

Herakl öz düşərgəsində dincəlməkdə olsun, görək onun qatı düşməni Hera nə tədbir tökür. Kinli ilahə hələ də nifrət bəslədiyi Heraklı tələf etmək üçün məqam gözləyirdi. O, əmin idi ki, Herakl nə qədər güclü olsa da, sehrli kəmər sahibinə qalib gələ bilməyəcək və döyüşdə məğlub olacaq. Lakin Amazonka padşahının Herakla xoş münasibətini görən Hera hiddətləndi, başa düşdü ki, Herakl bu dəfə gücü, qüvvəti ilə yox, mehribanlığı, xoş rəftarı ilə qalib gələcək.  O, amazonka cildinə girərək gecənin qaranlığında Temeskir şəhərinə gəldi və şəhərin qaranlıq küçələrini dolaşaraq qarşısına çıxanlara yalan xəbərlər yaymağa başladı. Hera yerli amazonkalara deyirdi:
-Herakla inanmayın. Onun mehribanlığı aldadıcıdır. Ona kəmər yox, bizim hökmdarımız lazımdır, o, gözəl və məğrur Hippolitanı oğurlayıb uzaq ölkələrə aparmaq  niyyətindədir.

 

Hiyləgər Hera sadəlövh amazonkaları çox dilə tutdu. Axırda qara niyyətli ilahəyə inanan cəngavər qadınlar silahlanıb atlarına minərək Heraklın düşərgəsinə tərəf qaçmağa başladılar. Savaş başladı. Amazonkalar sayca çox, Herakl isə tək idi. Cəsur amazonkalar bir-birinin ardınca qəhrəmanın üzərinə hücum edir, lakin Herakl bir-bir onları vurub yerə sərirdi. Budur, ildırım sürətli amazonka Aella da yerə sərildi. Yeddi igid cəngavəri məğlub etmiş qəhrəman Protoya da həlak oldu. Sərkərdə Melanippanı isə Herakl əsir götürdü.Sərkərdələrinin əsir düşdüyünü görən amazonka qoşunu pərən-pərən düşdü.

 

Amazonkaların ondan icazəsiz Herakla hücum etdiyini görən Hippolita cəld atına minib özünü döyüş yerinə çatdırdı. Əlini yuxarı qaldırmağı ilə hamı yerində donub qaldı. Hippolita Herakla yaxınlaşıb sehrli kəməri ona uzatdı. Cəsur qəhrəman pərişan halda başını yırğalayıb amazonka hökmdarına dedi:
-Ey Hippolita, Hippolita!-dedi. –Mən qan tökülməsini, sənin bacılarının həlak olmasını istəmirdim. Axı niyə onlar ilahə Heranın hiyləsinə uydular?!

 

Herakl ayrılarkən amazonkaların hökmdarını dostcasına qucaqladı. Hippolita yaxın dostlarının ölümünə acı-acı ağlasa da, Heraklı günahkar hesab etmirdi. Onlar dostcasına bir-birindən ayrıldılar.

 

Altun telli Admeta arzusuna çatmışdı. İndi artıq Hippolitanın kəməri ilə oynayırdı. Lakin zahirən yaraşıqlı olmayan, ucuz bir şeyə oxşayan kəmər tezliklə onun yadından çıxdı və sandıqlardan birində atılıb qaldı. Bu sehrli kəməri lazımınca dəyərləndirməkdən ötrü böyük və cəsur ürəyə sahib olmaq gərəkdi. Admetada isə bu böyüklükdən  əsər-əlamət belə yox idi. Ola da bilməzdi, çünki o, qorxaq Evrisfeyin qızı idi.


(Ardı var...)