Zahid Xəlil. “Qarınqulu qarpız”
Bu qarpızlar qonşu idi. Hər ikisi kolun dibində uzanıb tağın şirəsini ləzzətlə sorurdu. Dənizçilər kimi zolaqlı köynək geyinən birinci qarpız gözünün altı ilə baxıb gördü ki, o biri qarpız deyəsən daha çox şirə əmir. Axı həmin qara qarpız səsini çıxartmadan ancaq gələcək haqqında şirin xəyallara dalırdı.
—Belə, — deyə zolaqlı qarpız elə həmin andan daha çox şirə sorub qarnına doldurmaq haqqında düşündü. Axı belə şey olmazdı. Necə ola bilərdi ki, qara qarpız daha çox şirə əməydi, buna dözmək olmazdı.
Zolaqlı qarpız tağı əmməyə başlayanda qara qarpızın ona yazığı gəldi. Çünki, zolaqlı qarpız gələcək haqqında qətiyyən şirin xəyallara dala bilmirdi. Amma qara qarpız düşünürdü ki, bir az da böyüyəcək və onu dərib süfrəyə qoyacaqlar. Zolaqlı qarpız isə belə şeyləri qətiyyən düşünmür, sadəcə olaraq qarınqululuq edirdi.
Onların ikisi də böyüdü. Zolaqlı qarpız o qədər şişmişdi ki, az qalırdı partlaya. Gecələr səhərə qədər qonşuları yatmağa qoymurdu. Qarnına o qədər su dolmuşdu ki, bilmirdi neyləyə.
Bir dəfə dovşan zolaqlı qarpızı balalarına aparmaq istədi. Onu tağdan üzüb elə təzəcə itələmişdi ki, qarpız balaca bir daşa dəyib partladı. Günlərlə sorub qarnına doldurduğu su bir andaca axıb boşaldı. Amma qəribə olsa da onun zarıltısı kəsmişdi. Axı qarnı boşalmışdı.
Qara qarpız isə yavaş-yavaş böyüyürdü. Hərdən kürəyini günə verirdi ki, qoy günəş onu qızdırsın, dadlı və ləzzətli olsun. Bir dəfə bu qarpızı dərib apardılar. Onu kəsib yeyəndə dedilər:
—Lap dadlı qarpızdı. Sağ olsun bostançı! Bax, bu ədalətsizlik oldu! Axı qarpızın dadlı olması üçün bostançıdan çox çalışan onun özü idi. Amma insanlar bu barədə düşünmək belə istəmədilər. Bir də insanlar bilmədi ki, bu qarpızın yanında başqa bir qarpız vardı və o qədər böyük idi ki, bir balaca daşa toxunmaqla parçalandı. Yox, insanlar zolaqlı qarpızı heç yadlarına da salmadılar. Bu isə ədalətsizlik idi.
15.07.2019