Musiqi fədaisi - Frans Şubert (1797-1828)
XIX əsrin əvvəli. Vyana dünyanın musiqi paytaxtlarından biri sayılır. Hər yerdən - küçələrdən, evlərdən, çoxsaylı kafe, teatr və konsert salonlarından musiqi sədaları eşidilir. Vyana Avropanın hər yerindən musiqiçiləri cəlb edir. İtalyanlar da, çexlər də, slovak, macar və almanlar da axışıb bura gəlir, hər biri öz musiqisini, öz xalqının melodiyasını gətirir.
Uzağı zəif görən, bəstəboy və utancaq Frans Şubert də Vyanada anadan olub. Uşaqlıqdan Vyana küçələrinin havası ilə nəfəs alıb. Onun ailəsində musiqini çox sevirdilər. Evdə daim musiqi sədaları eşidilirdi. O, musiqiçi olmaya bilməzdi. O, musiqiçi oldu.
Frans ilk skripka və fortepiano dərslərini prixod məktəbinin müəllimi olan atasından və böyük qardaşlarından alıb. Onun həm də gözəl səsə malik olmasını biləndə imperatorun saray kapellasına qəbul ediblər. Üstəlik, kapella nəzdindəki uşaq orkestrində alt çalırdı. Şubert gözəl ifaçı ola bilərdi. Axı o, Haydn, Mosart və Bethovenə pərəstiş edir, onların musiqisini gözəl başa düşürdü. Bəs səhərdən axşamacan başında səslənən musiqi ilə nə etməli?
Şubert musiqi bəstələməyə uşaq yaşlarında başlayıb. Bir gün əsərlərindən biri kapellanın direktoru Antonio Salyerinin gözünə sataşır. Oğlanın istedadlı olduğunu görən Salyeri ona bəstəkarlığın sirlərini öyrətməyə başlayır. Tərbiyəli şagird nadir inadkarlıq nümayiş etdirir. Dərslərdə müəlliminin tələblərini yerinə yetirir, italyan üslubunda gözəl ariyalar üzərində çalışır. Evdə isə onu daha çox cəlb edən alman mahnılarını yazmağa davam edir.
Bütün yeniyetmə oğlanlar kimi Fransın da səsi dəyişməyə başlayanda o, kapelladan getməli olur. Onun gələcəyi barədə məsələ qalxır. Atası oğlunun bacarığına şübhə etməsə də, musiqiçi, xüsusən bəstəkar kimi uğur qazanmaq üçün istedaddan başqa, həm də özünə əminlik hissi, inadkarlıq və təşəbbüskarlıq tələb olunduğunu yaxşı başa düşür. Onun utancaq oğlunda bu keyfiyyətlərin heç biri yox idi. Atası oğlu üçün musiqi müəllimi peşəsi seçir və onu məktəbdə işə düzəldir. Frans tabe olur. O vaxtdan həyatı iki hissəyə bölünür: məktəbdə əsla xoşlamadığı dərslər və musiqi dinləmək və bəstələmək üçün ayıra bildiyi cüzi vaxt.
Şubert yorulmadan çalışır. Mahnılar, xor musiqiləri, simfoniyalar, sonatalar, kvartetlər bir-birinin ardınca not vərəqinə düzülür. Bəstəkar təkcə 1815-ci ildə 150 mahnı bəstələyir.
Lakin onun səbir kasası daşır. 1822-ci ildə Şubert doğma evini həmişəlik tərk edir və məchul bir həyata qədəm qoyur. Atasının irəlicədən hiss etdiyi kimi, onu ağır sınaqlar gözləyirdi. Bacarıqsız olduğu üçün öz əsərlərinə görə qəpik-quruş alırdı. Otaq kirayə etməyə, pal-paltar almağa pulu yox idi. Bəzən həftələrlə quru çörək və qəhvə ilə dolanırdı. Amma etibarlı dostları var idi. Özü kimi yoxsul, lakin musiqiyə onun qədər vurğun, musiqini onun qədər duyan dostları. Vaxt gələcək, məhz onların sayəsində bütün Vyana Şuberti tanıyacaq.
1828-ci ildə bəstəkar yatalaq xəstəliyinə yoluxur. Üzləşdiyi məhrumiyyətlər nəticəsində zəifləmiş orqanizmi xəstəliyə tab gətirmir. Həkimlər onun dərdinə heç bir əlac tapa bilmirlər.
Cəmi 31 il ömür sürən bəstəkar qısa həyatı ərzində 8 simfoniya, 8 kvartet, 2 trio, fortepiano üçün 20 sonata və bir sıra başqa əsərlər yazıb. Şubertin “Qış yolu”, “Meşə hökmdarı”, “Serenada”, “Ave Mariya” kimi gözəl mahnıları onu XIX əsrin ən böyük lirik bəstəkarı adlandırmağa əsas verir.
28.08.2013