Uşaqlar üçün ən faydalı 10 qida
Qidalandırıcı və balanslı qidalanma uşaqlarınızın sağlamlığını qoruya bilər. Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı var. Ancaq bəzən ailələr uşaqlarına sağlam yemək yedirtməkdə çətinlik çəkirlər.
Bəzi ləzzətli yeməklər uşaqların aktiv həyat tərzləri üçün zəruri olan hər şeyi təmin etməyə kömək edir. Uşaqların qidalanmasında mühüm yer tutan 10 faydalı yeməklər aşağıdakılardır:
1. Şirin kartof: Bu sağlam və ləzzətli tərəvəz kalium, A və C vitaminləri, lif, folat, kalsium və dəmir ehtiva edir. Dünyadakı ən bəsləyici yeməklərdən biri olan şirin kartof şəkər xəstələri üçün də yaxşı seçimdir, çünki qanda şəkərin miqdarını balanslaşdırmağa kömək edir.
2. Brokoli: Liflə dolu olan brokoli inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və minerallarla zəngindir. Uşağınızın görmə qabiliyyətinə və hüceyrə zədələnməsindən qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşağı öz inkişafı üçün zəruri olan bütün maddələri qazanır. Əgər uşağınız brokoli sevmirsə, yeməklərinə əlavə edə bilərsiniz.
3. Taxıl yeməkləri: Çörək, kraker və yulaf kimi tam taxıllı yeməkləri uşaqlar sevirlər. Bu qidalar folik turşu, sink, dəmir və B vitamini baxımından zəngindir. Bundan əlavə, bəziləri D vitamini və kalsium ilə də zənginləşdirilib. Ürək xəstəliklərinə qarşı profilaktik tədbir olaraq indidən uşaqlarınıza taxıllı yeməkləri verməyə başlayın. Ancaq doymamış yağ, yəni, trans yağ ehtiva edən krakerdən uzaq durun.
4. Pendir: Uşaqlar üçün bir qidadır və uşaqlar onu çox sevirlər. Kalsium, zülal və B12 vitamini baxımından zəngin olan pendir sümüklərin bərkiməsində çox əhəmiyyətli mineral olan fosfor ehtiva edir. Araşdırmalar zamanı müəyyən edilib ki, nahardan sonra pendir yemək dişlərin çürüməsinin qarşısını alır. Uşaqlarınıza pendirli sendviç hazırlaya bilər, pendiri şorbaya, yaxud salata qata bilərsiniz.
5. Qatıq: Pendir kimi qatığı da uşaqlar çox sevirlər. Onun tərkibində kalsium, zülal, karbohidrat, B vitamini, sink və fosfor var. Ona təzə meyvə qataraq, daha çox qida dəyəri almaq olar. Az yağlı qatığa şokoladlı cips və ya yulaf qarışığı, başqa bir alternativ olaraq isə ona meyvə şirəsi qataraq dondurma edə bilərsiniz.
6. Ton balığı: Konserv ton balığı ilə uşaqlarınızın protein, niasin, B vitaminləri, dəmir və sink kimi maddələri olan ehtiyacını ödəyə bilərsiniz. Omeqa 3 yağ turşuları ehtiva edən balıq beynin inkişafına kömək edir və ürək sağlamlığını qoruyur. Uşağınıza ton balığını sendviçlə ya da salatla yedirə bilərsiniz.
7. Qaragilə: Özündə kalium, C vitamini, lif, karbohidrat və antioksidanlar ehtiva edən çöl qaragiləsinin təzə halda hər bir uşağın qida rasionuna daxil edilməsi zəruridir. Şirin olduğu üçün uşaqlar tərəfindən sevilən bu meyvəni qatığa, ya da yulafa əlavə etmək olar.
8. Süd: Kalsium və fosfor sümüyün sağlam inkişafı üçün lazımlı iki mineraldır. Onun tərkibində karbohidrat, A vitamini və maqnezium ilə yanaşı, sümüklər üçün faydalı digər mineralları var. Tam yağlı süd 2 yaşınadək olan uşaqlar üçün yaxşıdır, ancaq 2 yaşından sonra uşağa verilən süddəki yağ nisbəti azaldılmalıdır.
9. Yumurta: Proteinlə zəngin qida olan yumurta olduqca faydalıdır. Zülaldan əlavə, yumurta uşaqlar üçün lazımlı bir çox vitamin və minerallarla da zəngindir. Bununla yanaşı, A, D, E və B qrupu vitaminlərini əhəmiyyətli nisbətdə ehtiva edən yumurta içində olan kolin sayəsində beyin funksiyalarının yerinə yetirilməsində də əhəmiyyətli rol oynayır. Yumurtanı müxtəlif reseptlərlə bişirin, uşağınız hansı formada sevirsə, onu da tətbiq edin.
10. Qırmızı ət: Protein, B vitaminləri, niasin, sink və dəmirlə zəngin olan mal ətində yumurtada olduğu kimi, beynin inkişafını təmin edən kolin var. Yağ və xolesterol baxımından yaşlı insanların çox yeməməli olduğu ət kiçik uşaqların beyninin və orqanizminin inkişafı üçün olduqca faydalıdır. Balanslı qida üçün əti tərəvəz yeməkləri ilə birlikdə verə bilərsiniz.