Azərbaycanlı uşaqlar 17-ci Avropa düşərgəsində iştirak etmişlər
Almaniyanın Zaksen-Anhalt əyalətinin Güntersberge/Harz şəhərində iyulun 28-dən avqustun 7-dək “Bütün dünyanın uşaqları ilə Avropa macərası” adlı 17-ci Beynəlxalq Avropa düşərgəsi (Europacamp) təşkil edilmişdir.
Düşərgədə 15 müxtəlif ölkədən 380, o cümlədən ilk dəfə olaraq Almaniyada yaşayan azərbaycanlı uşaqlar da iştirak etmişlər. Bu, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) əməkdaşı Naibə Hantelin təşəbbüsü və dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) və AAKM-nin təşkilatçılığı, eləcə də Bilefeld şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin əməkdaşlığı sayəsində mümkün olmuşdur.
Cəmiyyətin sədri Təranə Tağıyeva 8 azərbaycanlı uşaqdan ibarət qrupa rəhbərlik edərək 17-ci Avropa düşərgəsində müvəffəqiyyətlə çıxış etmiş və Azərbaycanı layiqincə təmsil etmişdir. Uşaqlar düşərgənin proqramında nəzərdə tutulmuş müxtəlif beynəlxalq oyunlarda, müsabiqələrdə və idman yarışlarında çıxış edərək 3-cü yeri qazanmışlar.
Beynəlxalq əhəmiyyətli tədbirdə Azərbaycanı təmsil edən qrup ölkəmiz haqqında, onun tarixi, mədəniyyəti, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri, Xocalı soyqırımı, erməni işğalı nəticəsində azərbaycanlı ailələrin və uşaqların öz doğma yurd-yuvasından didərgin düşməsi haqqında geniş məlumat vermişdir. Eyni zamanda, nümayəndə heyəti Azərbaycanın musiqi mədəniyyətini nümayiş etdirərək milli geyimlərdə xalq rəqslərimizi və Azərbaycan mətbəxindən nümunələr təqdim etmişlər.
Sonuncu gün ölkəmizi milli geyimlərlə təqdim edən və tanıdan azərbaycanlı iştirakçılar Maqdeburqda Zaksen-Anhalt əyalətinin daxili işlər naziri Holqer Ştalknext, Maqdeburq şəhərinin bələdiyyə rəisi Lutz Trümper, Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix və digər siyasətçilərlə görüşmüşlər. Hər ölkəni təmsil edən qrupdan bir uşaq siyasətçilərə sual vermək üçün seçilmişdir. Azərbaycanlı qrupu Almaniyada yaşayan və gimnaziyada təhsil alan Rəvanə Orucova təmsil etmişdir. O, siyasətçilərə bu sualları vermişdir: “Nə üçün Xocalı faciəsi soyqırımı kimi qəbul edilmir?”, “Nə üçün ABŞ və Avropa İttifaqı Dağlıq Qarabağla bağlı ədalətsizliklərə və Xocalı faciəsinə göz yumur?”, “Niyə 9 yaşlı qarabağlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsinə siyasi qiymət verilmir?”.
Sualları cavablandıran siyasətçilər bu sualları Almaniya parlamentinin üzvlərinə və digər siyasətçilərə ünvanlayacaqlarını vəd etmiş və onlarla bilavasitə əlaqə yaratmaq üçün elektron poçt ünvanını uşaqlara vermişlər.
Azərbaycanlı uşaqlar, həmçinin Almaniyanın təhsil sistemi ilə maraqlanmışlar. Gələn il keçiriləcək növbəti Avropa düşərgəsinə 10 nəfər azərbaycanlı uşaq dəvət almışdır. Bundan əlavə, Azərbaycan və Almaniya arasında məktəbli uşaqların qarşılıqlı fikir mübadiləsinə dair plan tərtib olunmuşdur.
13.08.2013