
Noyabrın 19-da AZƏRTAC-ın Uşaq Bilik Portalının əməkdaşları Quba şəhəri 2 saylı tam orta məktəbində "Təhsil sektorunda "Açıq hökumət" konsepsiyasının tətbiqi və təşviqi" layihəsi çərçivəsində təlim-seminarda iştirak ediblər.
Tədbir Azərbaycan Keyfiyyət Assosiasiyası tərəfindən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Təhsil Nazirliyinin köməkliyi ilə interaktiv formada keçirilib.
Təlimdə rayon təhsil şöbəsinin nümayəndəsi, məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.
Təlimin məqsədi şagirdləri və müəllimləri elektron təhsil resurslarları ilə tanış etmək və onlardan istifadə etməyi öyrətmək, təhsil sektorunda "Açıq hökümət" konsepsiyasının tətbiqi və təşviqinə dəstək verməkdir.
Təlimin əvvəlində iştirakçıların "Açıq hökumət" konsepsiyası və təhsil sahəsində elektron resurslar haqqında məlumatlılığın səviyyəsinin öyrənilməsi üçün sorğu keçirilib. Hər bir təqdimatdan sonra təlim iştirakçıları diskussiyalarda iştirak edib.
AZƏRTAC-ın Uşaq Bilik Portalının nümayəndələri məktəbliləri bu internet resursunun çoxsaylı rubrikaları ilə tanış ediblər. Məlumat verilib ki, 2013-cü ildən fəaliyyətə başlayan portal müxtəlif yaş qruplarından olan uşaqlar üçün nəzərdə tutulub. Burada tarix, mədəniyyət, elm və digər sahələr, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar toplanır. Əsas məqsəd yetişməkdə olan gənc nəslin intellektual səviyyəsini və biliklərini artırmaq, uşaqlara vətənpərvərlik hissləri, milli və ümumbəşəri dəyərlərə hörmət aşılamaq, onların estetik zövqünü formalaşdırmaqdır.
Məktəblilər Uşaq Bilik Portalının uşaqların dünyagörüşünü, zehni inkişafını artıran vasitələr sırasında önəmli yer tutduğunu söylədilər.
21.11.2016