Görkəmli şəxsiyyətlər

Uilyam Şekspir (1564-1606)

Dünya Şekspirdən dahi, Şekspirdən məşhur dramaturq tanımır. Şekspir  həm də  istedadlı şair,  aktyor və teatr xadimi idi.  Dünyanın bütün rejissorları  onun pyeslərini tamaşaya qoymağı, aktyorlar isə  həmin tamaşalarda rol almağı arzulayırlar.

Şekspirin  şəxsiyyəti başdan-başa müəmmadır.  Həyatı barədə məlumat çox azdır. Yalnız bu məlumdur ki, o,  Stratford şəhərindən  Londona gəlib,  Riçard  Berbecin truppasında işləməyə başlayıb,  onun üçün pyeslər yazıb, çox keçmədən Londonda “Qlobus” adlı teatrın  yaradıcısı və sahiblərindən biri olub.

“Qlobus” qeyri-adi teatr idi.   Hündür divarlarla  dövrələnmiş, üstü açıq oval  meydançanı təsəvvürünüzə gətirin.  Tikilinin  divarları boyu  kübar cəmiyyətindən olan tamaşaçılar üçün  lojalar düzülərdi, nisbətən yuxarıda  varlı şəhər sakinləri üçün  qalereyalar düzəldilmişdi, sadə camaat  isə səhnənin ətrafına toplaşardı.  “Qlobus” teatrında dekorasiyaların yerinə lövhələrdən istifadə olunur, bu lövhələrdə hadisələrin hansı məkanda cərəyan etdiyi yazılardı. Məsələn, “meşə”, “saray”, “küçə”, “dəniz sahili”.

Yalnız böyük sənətkar  boş bir səhnədə bütöv bir dünyanı -  İtaliyadan  tutmuş Bermud adalarınadək uzaq və yaxın ölkələri;  bəşəriyyətin  Qədim Romadan başlamış XVI əsrin  İngiltərəsinə qədər  keçmişini və indisini canlandıra bilərdi. “Qlobus” teatrının adının mənalarından birinin  “Yer kürəsi” olması da rəmzi məna daşıyır.

“Qlobus”un binası müasir arxitektorların və rejissor Sem Uanameyker tərəfindən bərpa olunub. Özü də əvvəllər necə idi, eləcə. Bu teatrda hər şey Şekspirin dövründə olduğu kimi saxlanılıb: nə dekorasiyalar, nə də elektrik naqilləri  var.  Gündüzlər gün işığı ilə kifayətlənir, gecələr isə şam yandırırlar. 

Dahi Şekspir 37  dram əsəri yazıb. Bu əsərlər arasında ən məşhurları “Romeo və Cülyetta”, “Hamlet”, “Otello”, “Kral Lir”, “Maqbet”  dünya dramaturgiyasının  inciləridir.  Güclü ehtirasların, böyük hisslərin hakim kəsildiyi bu əsərləri yalnız qədim yunan  faciələri ilə müqayisə etmək olar.

Antik teatr ənənələrindən bəhrələnən Şekspir əsərlərində, sadəcə, qəhrəman deyil,  özünəməxsus xarakteri, məziyyət  və qüsurları olan  canlı insan yaradıb. Nəcib, daim tərəddüd içində olan Hamlet; azğın  və şayiələrə inanan  Otello; şöhrət düşkünü Maqbet; təkəbbürlü və xalqa nifrət edən Koriolan; ürəyi məhəbbətlə çırpınan Cülyetta, sədaqətli və xəyalpərvər Romeo...  Tamaşaçı  bu personajların hər birində  öz xarakterinə uyğun cəhətlər  tapa bilər.  Bəlkə də elə buna görə Şekspirin əsərləri  artıq 400 ildir dünyanın teatr səhnələrindən düşmür.