Qırğız nağılı. Mahmud
Biri var idi, biri yox idi, keçmiş zamanlarda Mahmud adlı bir kişi var idi. Mahmud ağılsız adam deyildi, amma elə gəl ki, çox zəif və gücsüz idi. Arvadı ilə birlikdə çox kasıb dolanırdılar. Onların mal-qaradan ancaq keçiləri var idi. Hər gün Mahmud keçilərini otarmağa aparardı. Ancaq otlağa çatan kimi o saat tülkü gəlib çıxardı. Tülkü quyruğu ilə vurub Mahmudu yerə yıxardı, sonra da turş qatığı içərdi. Tülkünün dalınca da canavar peyda olurdu, daraşırdı keçilərin canına, parçalayıb yeyirdi.
Mahmudun otuz keçisi var idi, ancaq bir azdan sonra cəmi on beş keçisi qalmışdı, özləri də acından arıqlayıb çöpə dönmüşdülər. Üstəlik də, yaxın dağlardan birində nəhəng bir pəhləvan peyda olmuşdu.
Günlərin bir günü həmin pəhləvan Mahmudun yanına gəlib dedi:
– Mahmud, keçilərini ver mənə!
Mahmud tərsliyinə salıb dedi:
– Vermirəm.
Pəhləvan ona belə təklif etdi:
– İndi ki öz xoşunla vermirsən, onda gəl gücümüzü sınayaq. Kim güclü çıxsa, keçiləri o götürsün.
Mahmud qorxsa da, razılıq verdi. Pəhləvan ona dedi:
– Əvvəlcə biz adamabir dağ yıxaq. Sabah gələrsən, bax, elə bu yerə. Cənub tərəfə ucalan dağı mən yıxaram, şimal tərəfə ucalan dağı sən yıxarsan.
Mahmud qorxa-qorxa dedi:
– Yaxşı.
Ertəsi gün pəhləvan gəlib çıxdı. Cənuba ucalan dağın zirvəsindən yapışıb o biri dağa toxundurdu. Dağlar uçub töküldü, onların yeri boş bir düzənliyə çevrildi.
Mahmud da şimal tərəfdəki uca bir dağa yaxınlaşdı. Gah dağın bu tərəfinə toxundu, gah o biri tərəfinə toxundu, ancaq heç bir şey eləyə bilmədi.
Pəhləvan soruşdu:
– Bəs niyə dağı uçurub dağıtmırsan?
Mahmud ona belə cavab verdi:
– Əşi, bu dağ yerin lap mərkəzində durub e. Əgər mən onu yerindən tərpətsəm, uçursam, yerin altı tamam üstünə çevrilər!
Pəhləvan özlüyündə təəccüb etdi: “Gör bir bu adam nə qədər zəkalı, bilikli və qüvvətlidir”. Tez ehtiramla ona dedi:
– Mahmud əka, dağa toxunma, mən elə onsuz da bu dəfə özümü məğlub olmuş hesab edirəm. Sabah yenə bir yerdə görüşərik, meşəyə gedib ağac qırarıq. Mən cənub tərəfdən meşəyə girərəm, sən də şimal tərəfdən.
Mahmud razı oldu. İndi ürəklənmişdi, o qədər də qorxmurdu. Gördü ki, rəqibi güclüdür, amma ağıldan dayazdır.
Səhər pəhləvan çətinlik çəkmədən cənub tərəfdəki ağacların hamısını qırıb sındırdı. Mahmud da şimal tərəfdən meşəyə girib tək-tək düzülmüş qovaq ağaclarının yanına gəldi, başladı onları təpəsindən ta kökünə kimi gözdən keçirməyə.
Pəhləvan Mahmudа yaxınlaşıb ondan soruşdu:
– Niyə belə gözünü zilləyib diqqətlə baxırsan?
Mahmud da ona belə cavab verdi:
– Bu qovaq ağacı bütün ağacların padşahıdır. Mən indi əgər onu qırıb töksəm, onda bütün ağaclar məhv olacaq. Belə olanda odun tapmayacağıq ki, yeməyə bir şey bişirək. Hamımız acından tələf olub gedəcəyik.
Pəhləvan qışqırdı:
– Toxunma qovaq ağacına! Bu dəfə də mən özümü məğlub olmuş hesab edirəm. Yaxşısı budur, gəl sabah görüşək, var gücümüzlə yerə bir təpik vuraq: kim yeri yara bilsə, qalib gəlmiş hesab olunur.
Belə deyib ayrıldılar.
Mahmud qayıdıb gəldi evinə, arvadına dedi:
– Arvad, qatıq çal, tök tuluğun içinə.
Arvad ərinin tapşırığına əməl etdi. Səhər sübhəcən Mahmud təyin olunan yerə getdi, yeri qazıb qatıq olan tuluğu basdırdı torpağa. Sonra da heç bir şey olmayıbmış kimi durub pəhləvanın gəlməsini gözlədi. Elə ki pəhləvan gəlib çıxdı, Mahmud təklif etdi ki, birinci o başlasın. Pəhləvan yerə bir təpik vurdu, buduna kimi yerin içinə girdi.
Növbə Mahmudа çatdı. O keçib həmin yerdə dayandı ki, ora tuluğu basdırmışdı, ayağı ilə yerə bir təpik vurdu. Tuluq partladı, qatıq ətrafa sıçradı.
Mahmud dedi:
– Sən bir təpik vurdun, buduna kimi yerə girdin, mən isə bir təpik vurdum, yerin beynini dağıtdım!
Pəhləvan bu dəfə də özünü məğlub olmuş hesab etdi. Çıxıb gedəndə o, Mahmudu sabaha evinə qonaq çağırdı.
Ertəsi gün Mahmud pəhləvanın evinə qonaq getdi. Pəhləvan onu yedizdirdi, içirtdi, yerini rahatlayıb yatırtdı. Özü də fikirləşdi ki, onu öldürsün. Mahmud ev sahibinin fikrini başa düşdü. Elə ki pəhləvan yuxuya getdi, o, ehmalca yatağından qalxdı, yerinə isə kötük qoydu. Pəhləvan yuxudan oyandı, dəyənəyi götürüb kötüyü vurdu.
– Hə, axır ki, Mahmudun axırına çıxdım! – deyib yenə uzanıb yatdı.
Bir qədər keçəndən sonra Mahmud kötüyü götürüb əvvəlki yerinə qoydu, özü isə yorğan-döşəyə uzandı. Səhərə yaxın Mahmud pəhləvandan tez durdu. Pəhləvan yuxudan ayıldı, Mahmudu şappasağ görüb qorxdu. O, qonağa çay verəndə soruşdu:
– Rahat yata bildinmi, Mahmud əka? Yuxuda nə gördün?
Mahmud dedi:
– Çox bərk yatmışdım, yuxu-zad görmədim. Ancaq gecənin bir yarısı hiss elədim ki, ağcaqanad məni dişləyir. Bəlkə də, dişləyən heç ağcaqanad deyilmiş, milçək imiş.
Pəhləvan mat-məəttəl qaldı, fikirləşdi: “Bu nə güclü pəhləvandır! Mən onu dəyənəklə vurmuşam, amma ona elə gəlib ki, milçək dişləyib. Yox, mən bununla bacara bilmərəm!”
Odur ki, pəhləvan böyük bir ehtiramla Mahmudu evinə ötürdü.
Çıxıb gedərkən Mahmud sabaha pəhləvanı öz evinə qonaq çağırdı. Pəhləvanın etiraz eləməyə cəsarəti çatmadı.
Mahmud evə qayıdandan sonra arvadını öyrədib dedi:
– Sabah pəhləvan bizə qonaq gələcək. Sən əvvəlcə ona çay gətirib verərsən, sonra alaçıqdan çıxarsan, ucadan məni səsləyib soruşarsan: “Mahmud, qonağa hansı ətdən xörək bişirək?” Onda mən də sənə belə cavab verəcəyəm: “Qazana birinci pəhləvanın başını at, ikinci pəhləvanın da döş hissəsini. Əgər bu, azlıq eləsə, onda bir parça da budundan kəsərsən”.
Pəhləvan Mahmudgilə qonaq gəldi. Ev sahibi onu çaya qonaq elədi. Sonra Mahmudun arvadı alaçıqdan çıxdı və ucadan səslədi:
– Mahmud, qonağa hansı ətdən xörək bişirək?
Mahmud arvadına dedi:
– Qazana birinci pəhləvanın başını at, ikinci pəhləvanın da döşünü. Əgər bu, azlıq etsə, onda onun budundan da bir parça kəsib atarsan qazana.
Pəhləvan onların danışığını eşidəndə yaman qorxdu, yerindən hövlnak qalxıb qaçdı.
Pəhləvan qaçarkən yolda qarşısına tülkü ilə canavar çıxdı. Pəhləvandan soruşdular:
– Kimdən belə qorxub qaçırsan?
Pəhləvan onlara dedi:
– Mahmud adlı bir pəhləvanın əlindən qaçıram.
Tülkü təəccüb edib dedi:
– Sən nə danışırsan! Mahmudda qətiyyən güc yoxdur, hətta mən onu quyruğumla vurub yıxa bilirəm. Dəfələrlə quyruğumla vurub onu yıxmışam, qatığını içmişəm.
Canavar isə dedi:
– Mən də onun keçilərini yemişəm.
Pəhləvan onların sözünə inanmadı. Canavarla tülkü onu dilə tutdular ki, üçü birlikdə getsinlər Mahmudun yanına.
Pəhləvan, tülkü və canavar birlikdə Mahmudun evinə doğru getdilər. Gördülər ki, Mahmud onlara sarı gəlir və qışqırır:
– Ay sizin qadanızı alım, mənim sadiq dostlarım! Nə yaxşı oldu ki, qorxaq qaçqını tutub gətirdiniz.
Bu vaxt pəhləvan əvvəlkindən də betər qorxdu. Bir həmlədə tülkünü də, canavarı da vurub öldürdü.
– Hamı məni ələ salıb deyəcək ki, mən Mahmuddan qorxub qaçmışam. Bu sözü eşitməkdənsə, ölməyim daha yaxşıdır, – pəhləvan belə deyib hündür qayadan özünü atdı və o dünyalıq oldu.
Beləliklə də, Mahmud öz düşməninə qalib gəldi.
Haqlı deyiblər: “Güclü birin basar, ağıllı minin”.
30.09.2026