Cerom Riçard Kennedi. Oliver Haydinin dəsmallı konserti
Sözə başlamazdan əvvəl deyim, siz də agah olun, danışacağım hekayə həm kədərli, həm qəribə, həm də ürküdücüdür. Ancaq səbirlə oxuyun, bəyənəcəksiniz.
Keçmişdə bir kəndin ayağında — adı lazım deyil — kiçik ferması olan bir kişi yaşayırdı. İllərdir ki, heç kim onun üzünü görmürdü. Təpənin aşağısındakı tarlasında işləyərkən kepkasını gözünün üstünə basır, bir nəfər ona yaxınlaşanda isə təpədəki evində qaçıb gizlənirdi. Kəndin mərkəzindən ərzaq almaq lazım gəldikdə belə özü getmir, bir kağıza yazıb qapıdan asırdı. Ondan qorxmayan diribaş bir oğlan istədiklərini alıb qapısının qabağına qoyurdu. Kəndlilər də oğlanı görəndə sorğu-suala tutur, kişinin məzara bənzəyən evindən necə səslər gəldiyini soruşurdular. Oğlan da həmişə eyni cavabı verirdi:
— Qaranlıq və səssizlik… İçəridən yalnız qaranlıq və səssizlik duyulur.
— Hə, deməli belə, — deyə camaat haldan anlayırmış kimi başlarını dala-qabağa yellədirdi. — Bəs sən qorxmursan?
— Eh, insan gərək özü-özünə arxa-dayaq olsun. Nə edim, mən də bu yolla pul qazanıb dolanıram, — deyib dodaqlarını büzürdü.
Onun, ümumiyyətlə, heç görünmədiyi vaxtlarda kəndin yaramaz uşaqları evinin ətrafına yığışıb uydurduqları bir mahnını qışqıra-qışqıra oxuyur, sonra da qaçıb gedirdilər. Məsələn:
Nə gözəldir Oliver Haydinin gəlini,
Dünyadan köçdü yaşamadan gəncliyini.
Deyilənlər doğru idi. Bu adam dərin ağrı-acılar içində qıvrılırdı. Onun adı Oliver Haydi idi və təzəcə evləndiyi əziz həyat yoldaşı bir gün evə qayıdarkən torpaq sürüşməsi nəticəsində at arabası ilə birlikdə uçuruma yuvarlanmışdı. Gənc qadın yerindəcə canını tapşırmışdı. Bu hadisə illər əvvəl baş versə də, dildən-dilə düşmüşdü. Uşaqlar isə ondan-bundan eşitdiklərini mahnı kimi oxuyub onu lağa qoyurdular.
Oliver Haydi çox qəribə adam,
Başı quma batıb hər zaman.
İnsan görən kimi çıxır aradan,
Oliver Haydi çox qəribə adam.
Yazıq Oliver isə bu sözlərdən kədərlənir, amma heç nə etmirdi.
Əvvəllər Oliverin çoxlu dost-tanışı vardı, həmin vaxtlar onun kimi cəld və gözəl skripka çalan ikinci bir adam yox idi. İşinin ustasıydı. Kəndin yaşlı adamları Oliverin çaldığı həzin, şən, qıvraq musiqiləri indi də xatırlayıb gənclərə danışırdılar. Ancaq o, əziz həyat yoldaşının öldüyünü biləndə skripkasını evin eyvanında sındırmış, özünü soyuq, qaranlıq evə məhkum edərək səssiz-səmirsiz bir həyat sürməyə başlamışdı. İllərdir bircə nəfər də ona baş çəkməyə gəlmirdi. Əlbəttə, bunun da bir səbəbi var idi.
İndi danışacağam…
Bir gün bir nəfər əlində skripka çantası Oliverin evi yerləşən təpəyə dırmaşırdı. Bu adam hər iki-üç addım atandan sonra dayanır, sanki bir kabusdan qaçırmış kimi arxasına baxır, sonra da başını yelləyib yoluna davam edirdi. Üç dəfə bu hal təkrar oldu və nəhayət, o, eyvana çatdı. Evə yaxından baxdı, bütün pəncərələr bağlı idi, pərdələrlə örtülmüşdü, içəridə sanki ölüm səssizliyi hökm sürürdü. Eyvana çıxan pillələri qorxmadan, çəkinmədən qalxdı. Qapını döydü… Səssizlik… Sonra daha bərk döyməyə başladı. İçəridən yellənən kreslonun cırıltısı eşidildi.
Bir səs:
— Qapı açıqdır, içəri girin, — dedi.
Adam qapını azca aralayıb içəriyə göz gəzdirdi.
— Oliver, — dedi, — mənəm, Cim.
Ancaq heç bir cavab gəlmədi. Cim qapını bir az da açıb içəri bir addım atdı. Ev tamamilə qaranlıq və havasız idi. Cim qapını tamam açdı.
Heç işıq düşməyən bir küncdə kresloda oturmuş Oliveri güclə tanıdı. O, qarnına çəkdiyi ayaqlarını qolları ilə bərk-bərk qucaqlayıb ikiqat bükülərək oturmuşdu. Başını tamam örtən dəsmal çiyninə düşürdü. Başsız kabusa bənzəyirdi, nəfəs alıb-verdiyi belə duyulmurdu.
Cim udqunub dedi:
— Nə vaxtdan bəri çölə çıxmırsan?
Ancaq yenə cavab gəlmədi.
Arvadı uçuruma aşandan sonra başsağlığına gələn bütün qohum və tanışlar onu tək qoymamaq üçün əllərindən gələni edirdilər. Buna baxmayaraq, Oliver onda da gəlib-gedəni bu cür — başında dəsmal, bir küncə qısılmış, qaranlıqda oturub səsini belə çıxarmadan, bir kəlmə kəsmədən qarşılayıb yola salırdı. Odur ki, bir müddətdən sonra heç kim bu qəribə vəziyyət qarşısında nə edəcəyini bilmədiyindən daha onu görməyə gəlmədi.
Cimin isə Oliverdən təkcə istəyi var idi: ağzını açıb bir kəlmə nəsə desin — hə ya yox. Ondan bir xahiş edəcəkdi. Axı onlar köhnə dost idilər, Cimin buna ərki çatırdı.
— Oliver, Sue evlənir, — dedi, ancaq cavab almadı. — Oliver, kiçik qızım Sue evlənir. Onu xatırlayırsanmı? Axı sən onu çox istəyirdin. Sue artıq böyüyüb, gənc qız olub… Çox gözəldir.
Əgər həmin vaxt Cimi görsəydiniz, deyərdiniz ki, yəqin, otaqdakı yanmayan soba ilə danışır. Özünü hazırlayıb sözə başladı:
— I-hm, I-hm… Buraya gəlməyimin səbəbi budur ki, istəyirəm qızımın toyunda bizim üçün skripka çalasan. O vaxtlar biz necə möhkəm dost idik, bizdən yaxşısı yox idi. Yadındadır, Oliver? Qızımın toyunda skripka çalmasan, onu necə keçirə bilərəm? Köhnə dost, bir söz de: hə ya yox.
Oliver hələ sağ idi, qəlbindəki duyğular büsbütün ölməmişdi. Əlbəttə, ən yaxın, ən əziz dostu Cimi yaxşı xatırlayırdı. Onlar birlikdə oynamışdılar, yeri gələndə başqa uşaqlar kimi dalaşmışdılar, balıq tutmağa getmişdilər — bir sözlə, birgə böyümüşdülər. Odur ki, Oliver sadəcə “yox” deyib başından edə bilməzdi. Buna görə də çıxmayan canı ilə güclə eşidiləcək bir səslə iki kəlmə dedi:
— Skripkam yoxdur.
Cim elə bil dünəndən bu cavabı gözləyirmiş kimi tez özü ilə gətirdiyi skripkanı çantadan çıxarıb masanın üstünə qoydu.
— Buyur, bu da sənin skripkan. “Porky” skripka mərkəzindən kirayə götürmüşəm.
Oliver əl-qolunun bağlandığını hiss etdi. Uzun müddət susandan sonra, nəhayət, dedi:
— Yaxşı, Cim, gələrəm, ancaq bir şərtlə. Hamının qarşısına dəsmalla çıxası halım yoxdur, ona görə də hamı başını dəsmalla örtməlidir ki, mən çalım.
Susmaq sırası Cიმə gəlib çatdı. Nə fikirləşdi, nə fikirləşmədi, axırda dedi:
— Yaxşı, Oliver. Sən deyən olsun. Ancaq gərək əvvəl qızım və qonaqlarla gedib danışım. Toy sabah axşam Edvardın anbarında baş tutacaq. Skripka səndə qalsın, əgər sabahacan onu aparmaq üçün qayıtmasam, bil ki, razılaşıblar. Demək, toyda musiqi sənlikdir. Mənə söz ver…
Oliver dəsmal altdan gülümsədi və:
— Söz verirəm, — dedi.
“Kim isə bir-birinin üzünü görmədən əylənəcəyini zənn edirsə, bu, axmaqlıqdır. Mən nə edim, öz günahlarıdır”, — öz-özünə söyləndi.
— Sağ ol, dostum, salamat qal, — dedi Cim.
Oliver yenə də heç nə demədi və dostu qapını örtüb yoxuş aşağı təpədən endi.
Oliver dəsmalı başından atıb masanın yanına getdi. Skripkanın bir telini çəkib çıxan səsə qulaq asdı. Onun necə çalındığına bələd idi, çox yaxşı düzəldilmişdi. Hətta öz skripkasını almazdan əvvəl bir neçə dəfə bunu kirayəyə götürdüyünü xatırladı. Akkordunu yoxlamaq istədi, ancaq eləmədi. Ayağını yerə vuraraq ritm tutduğunun fərqinə varıb halına acı-acı güldü. Sonra dəsmalının altında mızıldadı:
— Ah, səfehlər, haradan biləcəksiniz ki?
Güclə ayağa durub toz basmış evin içində ağır addımlarla var-gəl elədi.
Günəş artıq batır, kölgəsi yerdə uzanırdı. Oliverin baxışları da istər-istəməz skripkaya zillənirdi. Skripkanın akkordlarına, tellərinə baxdıqca keçmişi xatırlayıb gəzdiyi bu kiçik otaqda gah o tərəfə, gah bu tərəfə dönürdü.
“Deyəsən, skripkanın telinin birini dəyişdiriblər. Gör neçə il keçib, əlbəttə, dəyişəcəklər”, — deyə düşündü. Ancaq bunun nə əhəmiyyəti var idi ki? Onsuz da skripkanı çalan deyildi. Bəli, bəli, çalmayacaqdı… Nə toyda, nə əyləncədə… O, musiqini çoxdan həyatından çıxarmışdı və bir də heç vaxt skripkaya toxunmayacaqdı.
Səhəri gün tezdən durub təpədən aşağı baxmağa başladı… Ah, bircə Cim gəlib qonaqların razılaşmadığını söyləyərək skripkanı götürüb getsəydi… Amma heç kim gəlmirdi. Gün qalxdı, günorta oldu. Oliver bir az lobya yedi. Vaxt uçurdu, lakin Cim görünmürdü. Oliver artıq hirslənməyə başlamışdı. Nə üçün ona söz verdi axı? Hava qaralırdı…
“Ah, sizi səfehlər, — deyə öz-özünə söylənirdi. — Başınızda dəsmalla necə rəqs edəcəksiniz, necə yeyib-içəcəksiniz? Vaxtınızı hədər yerə çürüdüb toyu yola verəcəksiniz!”
Ancaq söz vermişdi, getməliydi.
Nəhayət, qərara gəldi ki, kepkasını qoymağın, paltosunu geyib yola düşməyin vaxtıdır.
“Mənimlə oyun oynadılar, — Oliver deyinirdi, — amma indi görərsiniz, mən sizin başınıza nə oyun açacağam. Məni toya zorla gətirdiklərinə görə peşman olacaqlar”.
Oliverin ağlında toya mane olacaq böyük bir plan yox idi, sadəcə olaraq, insanların əylənməsinə çətinlik yaratmaq istəyirdi. O fikirləşirdi ki, onların əyləncəsinə nə qədər çox mane olsa, insanlar bir o qədər tez getməsini istəyəcəklər. Bəlkə, hətta kepkası ilə paltosunu belə çıxarmağa ehtiyac qalmayacaq.
Elə bu fikirlə skripkasını götürüb yola düşdü. Yenə həmişəki kimi, kepkasını gözünün üstünə basmış, paltosunun yaxasını boğazına qədər qaldırmışdı. Elə bu halda da Edvardın toy zalına çevrilən anbarına daxil oldu. İki böyük lampanın yanmasına baxmayaraq, içəri qaranlıq idi. Lampalardan biri anbarın düz ortasında, digəri isə səhnənin qurulduğu tərəfdə idi. Oliver bu zalda əvvəllər dəfələrlə ifa etmişdi. Odur ki, başını qabağa əyib üzünü paltosunun yaxalığı ilə örtərək irəliləyirdi, kepkası ilə köynəyinin arasındakı boşluqdan ötəri də qonaqları görürdü.
Öz-özünə:
— Bura lap zülmət qaranlıqdır ki, — dedi, — üstəlik, çox səssizdir. Əsl mən istəyən kimidir. Yəqin, mənim sakitlik sevdiyimi Cim söyləyib. Baxaq görək bundan sonrası nə olur.
Oliver öz-özünə danışa-danışa səhnədəki lampanın altında dayandı. Sonra da skripkasını çantadan çıxartdı.
İştirakçıların sıxıcı baxışı altında yerini tutub çalmağa başladı. Səhnədən salona hüznlü bir musiqi yayıldı.
Hamının ondan şən, oynaq musiqi havaları çalmasını gözlədiyinin fərqində idi. Məhz buna görə sonsuz, uzun yolda təkbaşına addımlayan bir adamın kədərli və hüzn dolu musiqisi ilə başlamışdı: üst-başını toz basan bu yolçunu xoşbəxt edəcək yeganə şey ölüm olduğundan, onu səbirsizliklə gözləyirdi.
Təbii olaraq, heç kim rəqs etmədi, musiqi bitəndə bir nəfər də əl çalmadı. Oliver ürəyində deyirdi:
“Bax elə mənim istədiyim də budur. Əyləncə necə olur, indi görərsiniz…”
İlk musiqidən sonra Oliver səhnə işığının altında bir müddət sakitcə dayandı. Sonra daha da ağrılı və hüznlü ikinci havanı çaldı. Bu musiqi isə qəlbi tikanlığa çevrilən və həyatına girən hər kəsi acılayan bir adamın hekayəsindən bəhs edirdi. Bu musiqini dinləyən acı göz yaşlarına qərq olurdu. Əlbəttə ki, yenə rəqs edib alqışlayan olmadı.
İnsanlar sanki buz bağlamışdılar. Kədər simalarını qaraltmışdı. Oliver özü ilə danışırdı:
“Əcəb oldu sizə. İndi, yəqin ki, kədərin, üzüntünün nə olduğunu anlamısınız”.
Əslində, musiqi nə qədər hüznlü də olsa, çox zərif çaldığı üçün salondan alqış gözləmişdi, ancaq əbəs yerə.
Skripkanı yenidən kökləyəndə kepkasının altından salona ötəri bir nəzər saldı. Cimi görməyə çalışırdı, görəsən, harada idi? Həm toya çağırıb, həm də köhnə dostunu tək qoymaq bağışlanası davranış deyildi. Heç olmasa, yaxınlaşıb bir “xoş gəlmisən” deyə bilməzdimi? Düzü, ondan başqa heç bir musiqiçinin olmaması daha qəribə idi. Səhnənin sağ tərəfində əyləşən dörd nəfəri gördü.
“Hə, deyəsən, bunlar musiqiçilərdir”, — deyə ağlından keçirdi. O, həzin musiqini ifa edərkən fonda armonika səslənsə, arabir mandolina müşayiət etsə, heç pis olmazdı.
“Əşi, mənə nə var, özləri bilərlər”, — deyə özünü ələ aldı. — İndi bir dənə də kədərli musiqi çalsam, işim tamam həll olacaq — artıq mənə getmək vaxtının gəldiyini söyləyəcəklər.
Elə bu düşüncə ilə də üçüncü musiqini ifa etməyə başladı. Bu musiqi isə həyat yoldaşı dünyadan köçmüş bir kişi haqqında idi: qadının məzarı üzərindən çiçəklər əskik olmur, ətrafında rəngbərəng, təravətli güllər cücərirdi. Oliver yarıya çatanda eyni musiqini öz toyunda da səsləndirdiyini xatırladı. Birdən duruxdu, çalmağı dayandırdı, gözlərindən bir damla yaş süzüldü, sonra qaldığı yerdən davam etməyə başladı. Üzünü göstərməməyə çalışarkən gözlərindən süzülən yaşları sildi.
Yenə nə alqış səsi gəldi, nə də ki yerindən tərpənən oldu.
Yarıqaranlıq salonda açıq rəngli paltar geyinmiş bir siluet gözünə dəydi. Bu, ağ gəlinlikli, yəqin, Cimin qızı idi. Gözləri önündə əziz həyat yoldaşının ağ gəlinlikli xəyalı canlandı və birdən çaldığı hüznlü musiqiyə görə qəlbini ağır bir sıxıntı bürüdü. Doğrudan da, düz edirdi? Bu cür davranmağa haqqı var idimi?
Salona girəndən bəri birinci dəfə idi ki, yüksək səslə danışmağa başladı:
— Bəli, deyəsən, hamı tez bir zamanda buradan getməyimi arzulayır. Gedəcəyəm, ancaq əvvəlcə bu xoşbəxt cütlük, xüsusilə gəlin üçün şən bir musiqi havası çalmaq istəyirəm. İstəyən rəqs edə bilər.
Sözünü qurtaran kimi şən, oynaq bir musiqi havası çaldı. Elə çalırdı ki, kim olsa, rəqs üçün yerindən tərpənərdi, salona həyat dolu notlar yayıldı. Amma bircə nəfər də durub rəqs etmədi, musiqi qurtaranda da heç kimdən səs çıxmadı, doğrusu, kiçik bir tərpəniş də yox idi.
Oliver yavaşca öskürdü:
— I-hm, I-hm… Hə, əlbəttə, başında dəsmalla necə rəqs edəsən axı? Üzrli sayın, unutmuşam. Zəhmət olmasa, dəsmallarınızı açın, icazə verin. Sizə başqa bir musiqi də çalım, sonra gedim öz işimin dalınca.
Bu dəfə əvvəlkindən də nəşəli, şən, oynaq bir hava çaldı. Elə çalırdı ki, daş olsa, tərpənərdi, amma, heyhat, salonda nəinki bir titrəyiş, heç səs də yox idi. Musiqi qurtaranda kepkasının altından diqqətlə qonaqları izlədi. Hamısının başında dəsmal büt kimi oturub qalmışdılar.
— Eyy, olmadı ki, — deyə Oliver əsəbiləşdi. — Demədimmi, çıxarın bu dəsmalları? Digər musiqiçi yoldaşlar da dəstək olsunlar. İçək, əylənək artıq. Oturmağa gəlməmisiniz ki? Başlayın əylənməyə!
Ayağını üç dəfə yerə vurub yüksək tempdə sürətli bir musiqi havası çalmağa başladı. Ancaq səhnənin qarşısında dayanan musiqiçilər də, qonaqlar da sanki yerlərində donub qalmışdılar, heç bir həyat əlaməti yox idi.
Musiqini çalıb qurtarandan sonra Oliver səhnə işığının altında bir müddət sakitcə dayandı. Oliver başını qabağa əyib sakitcə gözləyirdi. Onun indi tək istəyi insanlarda bir az həyat işığı görmək idi. Artıq qaranlıq və səssizliklə cavab verməyin qarşısındakı insanda hansı hisslər oyatdığını anlamışdı. Əyilib skripkanı çantasına yerləşdirdi. Son sözləri belə oldu:
— Bu da mənə dərs oldu, ancaq artıq hər şeyi anladım, — deyib səhnədən enərək qapıya tərəf getdi.
Çox çətinliklə qapını açdı və elə bu vaxt qapıya söykənən bir adamın stuldan yıxıldığını gördü. Oliver qeyri-ixtiyari yıxılanı yerdən qaldırmaq istədi, ancaq adam hərəkət etmirdi. Aa, nədir belə? Sən demə, yerə yıxılan “adam” bir cuval buğda imiş. Onun yanındakı “adamlar” buğda çuvallarından başqa bir şey deyilmiş… Yanında dayanan isə saman təpəcikləri imiş.
Oliver dərhal geri qayıdıb, səhnəyə çıxıb ətrafı diqqətlə izlədi. Bayaqdan bu qədər musiqi qarşısında insanların nə üçün səssiz qalmasının səbəbini artıq başa düşdü. Qonaq zənn etdiyi siluetlər, əslində, buğda çuvalları və saman təpəcikləri, gəlin zənn etdiyi isə un torbası imiş. Səhnənin sağında “əyləşən musiqiçilər” də dörd yəhərdən başqa bir şey deyilmiş.
Oliver çaşqınlıq içində qapıya tərəf gedəndə qulağına musiqi səsi gəldi. Çölə çıxıb yolun aşağısına baxdı. Bir az da irəli gəldi, gözlərini qıydı və yolun axırındakı anbarda işıqların yandığını gördü. Dodağının altında deyinə-deyinə ora tərəf addımladı. Sonra insanların ora girib-çıxdığının fərqinə vardı. Tez geri qayıdıb saman təpəciklərinin, buğda çuvallarının stullarda “oturduğu”, cin-şəyatının at oynatdığı boş anbardakı əmanət skripkanı götürdü. Bir neçə dəqiqəyə izdiham olan yerə çatdı. Artıq kepkasını gözünün üstünə endirməmiş, üzünü insanlardan gizlətməmişdi.
Cim qapının ağzında dayanıb qonaqları qarşılayırdı. Köhnə dostunu görüncə tez özünü ona yetirdi.
— Oliver, biz də səni gözləyirdik, düzü, artıq ümidimi üzürdüm. Gəl, dostum, içəri keçək.
Oliver bir addım qabağa, Cim də qolunu ən yaxın dostunun boynuna keçirmiş halda birdən salona daxil oldular. İki köhnə dost… Onlar içəri girən kimi insanların böyük bir qismi susdu, sonra bu səssizlik dalğası hər yana yayıldı, susqun baxışlar Oliverə dikildi.
Səhnənin qabağında əl-ələ dayanan bəylə gəlin, qonaqlar Cimin bir əl hərəkəti ilə canlandılar və yerlərinə keçdilər. Hərə əlində tutduğu dəsmalı açmağa başladı.
— Edvardın təzə anbarı çox qəşəngdir, elə deyilmi? — dedi Oliver.
— Hə, elədir, — dedi Cim, — kaş əvvəlcədən xəbər verəydim. Yuxarıdakı köhnə anbarı daha zirzəmi kimi istifadə edir. Ümid edirəm, gecikməyinin səbəbi bu olmadı.
— Yox, narahat olma, ziyan yoxdur. Əsas odur, buradayam.
Oliver səhnəyə baxdı, başları dəsmalla sarıqlı dörd musiqiçi stulda hazır oturmuşdu. Cimin də böyük bir dəsmalı çıxartmaq istədiyini görən Oliver onun əlini saxladı. Elə bu vaxt bütün qonaqlar bir işarə gözləyirmiş kimi özləri ilə gətirdikləri dəsmalları başlarına saldılar.
— Buna ehtiyac yoxdur, dostum. Qonaqlar nəsə etmək məcburiyyətində deyillər, — deyə Oliver Cიმə göz vurdu. — Həmişəki kimi, mən sevdiyim işi görüm, siz də əylənin.
Dostunun belə deməsi Cimin gözlərini güldürdü. Üzünü qonaqlara tutub bu şad xəbəri yüksəkdən söylədi. Oliver səhnədəki yerini tutdu, toy sahiblərindən biri hörmətli qonağın yanına gəlib ona böyük qabın içində içki verdi. Musiqiçilər alətlərini kökləyərkən artıq salondakı toy havası tavana qədər yüksəlmişdi. Oliver kepkasını çıxarıb paltosunun yaxasını endirməyə başlayanda hər kəs duruxdu, səslər kəsildi. Nəhayət, Oliver paltosunu çıxarıb bir küncə tulladı. Baxışlar bir-birini…
Baxışlar bir-birini izləyərkən toy salonu bir anın içində şən və oynaq musiqi ilə doldu. Qonaqlar səhərəcən çalıb-oxuyub rəqs etdilər.
Ah, nə gözəl toy idi, hər şey necə mükəmməl idi. Əslində, deməyə ehtiyac yoxdur, ancaq yenə də söyləyim. Baş rolda Oliver idi və o gündən etibarən bir də heç vaxt skripkanı əlindən buraxmadı.”
28.09.2026