Təbiət

Fiziki kəmiyyətlər

Fiziki hadisələri öyrənən alimlər müşahidə və ölçmə aparmaqla bu hadisələr haqqında məlumat toplayırlar.


Məsələn, almanın ağacdan düşməsini öyrənərkən onun hansı hündürlükdən düşdüyünü, yerə çatma müddətini, yerə çatdığı andakı sürətini və kütləsini ölçmək lazım gəlir. Fiziki hadisələri öyrənmək üçün fiziki kəmiyyətlərdən istifadə olunur.

 

Kütlə, zaman, uzunluq, sürət, qüvvə və tezlik kimi fiziki kəmiyyətlər artıq sizə tanışdır.


Cismin və ya hadisənin ölçmə və ya hesablama ilə müəyyən olunan xüsusiyyətləri fiziki kəmiyyətlər adlanır.


Məsələn, su damcısının kütləsi, suyun sıxlığı və damcının buxarlanma müddəti fiziki kəmiyyətlərdir. Biz damcının buxarlanma müddətini, kütləsini və həcmini ölçə, sıxlığını isə hesablaya bilərik.

 

Qarışdan və addımdan istifadə edərək dəqiq ölçmələr aparmaq mümkün deyil. Çünki insanların qarışlarının və addımlarının uzunluqları fərqlidir. Buna görə də vahidlər üçün ümumi qəbul edilmiş etalonlardan istifadə etmək daha əlverişlidir. Müəyyən bir fiziki kəmiyyəti ölçmək – onu bu kəmiyyət üçün vahid qəbul edilmiş etalonla müqayisə etməkdir.

 

Məsələn, otağın uzunluğunu ölçdükdə onu uzunluğun ölçü vahidi olan metrlə, almaların kütləsini ölçərkən onu kütlənin ölçü vahidi olan kiloqramla müqayisə edirik.


Uzunluq etalonu xüsusi hazırlanmış çubuq üzərindəki iki cizgi arasındakı məsafədir. Kütlə etalonu olaraq isə xüsusi hazırlanmış silindr formasındakı cismin kütləsi qəbul edilmişdir.

 

Sadəlik üçün bir çox ölkələr fiziki kəmiyyətləri ortaq vahidlərlə ölçür. Qəbul edilmiş ortaq vahidlər sistemi Beynəlxalq Vahidlər Sistemi (BS) adlanır.


BS-də uzunluq, kütlə və zaman kimi bəzi kəmiyyətlərin vahidləri əsas vahidlər qəbul edilir. Fiziki kəmiyyətin vahidini göstərmək üçün həmin kəmiyyətin şərti işarəsi kvadrat mötərizə içərisində yazılır. Məsələn, [t]=1 san ifadəsi zamanın vahidinin saniyə olduğunu bildirir.

1998-ci ildə NASA tərəfindən Marsa göndərilən iqlim zondunun işini proqramlaşdırarkən bəzi kəmiyyətlərin vahidləri BS-də olmayan vahidlərlə ifadə edilmişdi. Bu isə zondun öz işini yerinə yetirə bilməyib sıradan çıxmasına səbəb olmuşdu.

 

Fizikada əsas vahidlərlə yanaşı, törəmə vahidlərdən də istifadə edilir. Bir və ya bir neçə əsas vahidin köməyi ilə ifadə olunan vahid törəmə vahid adlanır. Həcm, sıxlıq, sürət və qüvvə kimi kəmiyyətlərin vahidləri törəmə vahidlərdir. Məsələn, sürətin vahidi 1  m/san
 törəmə vahiddir, çünki o, əsas vahidlərdən olan uzunluq və zaman vahidləri ilə ifadə olunur.


Həcm vahidi isə bir əsas vahidin köməyi ilə ifadə olunan törəmə vahiddir.


Düzbucaqlı düz prizmanın həcmi onun tillərinin uzunluqları hasilinə bərabərdir:


V = a ∙ b ∙ c.


Uzunluğun ölçü vahidinin metr olduğunu nəzərə alsaq, həcm vahidi üçün [V]= m · m · m = m3 (metr kubu) alarıq.

Bəzən fiziki kəmiyyətlər onların BS-də olmayan vahidləri ilə ifadə olunur. Bunun üçün BS-dəki vahidin misillərindən və ya hissələrindən istifadə edilir. Məsələn, nəhəng bir gəminin kütləsini tonla, almanın kütləsini isə qramla ifadə etmək daha əlverişlidir.