Xəbərlər

Məktəblilər ekoloji təmiz məhsulun alınmasına öz töhfələrini veriblər

Bakı, 11 mart, AZƏRTAC 
 
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə olunmasında məktəblilərin fəal iştirakını təmin etmək və bu sahədə bilik və bacarıqlarını genişləndirmək məqsədilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsini keçirir.
 
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsəd regionlar üzrə ekoloji təmiz məhsulların yetişdirilməsi, aqrobiomüxtəlifliyin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, onların ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi və mühafizəsi ilə bağlı maarifləndirilməsidir.
 
Müsabiqənin əsas vəzifələri məktəblilərə Azərbaycanın aqrobiomüxtəlifliyinin, torpağın münbitliyinin qorunması üsullarının öyrədilməsi, ölkəmizdə kənd təsərrüfatı sahəsində yeniyetmələrin fəal iştirakının təmin edilməsi və onlara “yaşıl fermer” anlayışının aşılanması, xüsusi bilik, bacarıq və səriştəyə malik olan şagirdlərin kənd təsərrüfatı sahəsində ixtisas seçiminin və peşəyönümünün istiqamətləndirilməsidir.
 
2015-ci ilin oktyabrından başlayaraq ölkənin müxtəlif regionlarında təhsil alan məktəblilər böyük maraqla bitkiçilik və heyvandarlıq sahəsində ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, mədəni bitki sortları və heyvan cinsləri barədə geniş məlumat toplamaqla təcrübəçilik işlərini davam etdirirlər. Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ərazi kənd təsərrüfatı idarələrinin mütəxəssisləri yerli bitki sortlarının və heyvan cinslərinin təyin olunmasında, təcrübə sahələri üçün bitki toxumları və şitillərin ayrılmasında məktəblilərə yaxından köməklik göstərirlər. Mütəxəssis aqronomlar şagirdlərə aparılan təcrübə işləri barədə rəy verərək ekoloji təmiz məhsulların alınması üsullarını tövsiyə edirlər. 
 
Meyvəçilik, tərəvəzçilik, subtropik bitkilər, gülçülük, dənli bitkilər, meşə məhsulları, arıçılıq, heyvandarlıq nominasiyaları üzrə 450 iştirakçı qrup fərdi, kollektiv və ailəvi formada qeydiyyatdan keçib. Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri barədə məlumatları, fotoşəkilləri müntəzəm olaraq təşkilat komitəsinə göndəriblər.  
 
2016-cı ilin mayında Abşeron, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Şamaxı, Quba regionlarında müsabiqənin zona mərhələləri keçiriləcək.Məktəblilər zona mərhələsində gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış edəcəklər. Mövsümə uyğun olaraq yetişdirilən ənənəvi bitki sortları və heyvan cinslərindən ibarət ən yaxşı nümunələr 2016-cı ilin oktyabrında “Ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsulları”nın yekun sərgisində nümayiş olunacaq.