
Bakı, 2 aprel (AZƏRTAC)
Aprelin 4-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında VIII Milli Uşaq Kitab Sərgisi açılacaq. Beynəlxalq Uşaq Kitab Gününə həsr ediləcək sərginin təşkilində məqsəd uşaqların informasiya tələbatının təmin edilməsi ilə əlaqədar onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, kitaba və mütaliəyə həvəsi artırmaq, milli dəyərlərimizi yaşatmaqdır.
Tədbirdə uşaq yazıçılarından Zeynal Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova və nəşriyyat işçiləri iştirak edəcəkdir.
Son dövrlərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri sərgidə 25 mövzunu əhatə edən bölmədə, o cümlədən “Folklor yaradıcılığı paytaxtları”, “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sirli-sehrli ilmələr”, “Azərbaycan – yurdum mənim”, “Gözlə bizi, Qarabağ”, “Kitablarda mən hələ…”, “Dərədən, təpədən”, “Tarix – keçmişdən gələcəyə”, “Multikulturalizm – Azərbaycan xalqının həyat tərzidir”, “Dünya uşaq ədəbiyyatı inciləri” və digər bölmələrdə nümayiş olunacaq.
Aprelin 8-dək davam edəcək sərgidə iştirak edən bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə olunacaq.
02.04.2016