Qarabağ memarlığının incisi – Yuxarı Gövhər Ağa məscidi
Qədim Şuşa şəhərində mövcud olan 17 məsciddən ən qədimi Yuxarı Gövhər Ağa məscidi və ya Şuşa cümə məscididir. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
Yuхarı Gövhər Ağa məscidinin inşası Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə eyni vaxtda inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə məscidin yerində daşdan yeni iki minarəli məscid tikilmişdir. XIX əsrdə, 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı, Azərbaycan şairəsi və xeyriyyəçisi Gövhər Ağa Cavanşirin vəsaiti hesabına məscidin yerində qoşa minarəli məscid inşa edilmişdir. Bu səbəbdən də məscidin adı şairənin adı ilə bağlıdır. XIX əsrin memarlıq abidəsi olan Yuхarı Gövhər Ağa məscidinin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.
Şuşa şəhəri işğaldan azad edildikdən sonra Yuxarı Gövhər Ağa məscidi bərpa olunub. Məscid Şuşa şəhərinə səfər edən yerli və xarici qonaqların ən çox ziyarət etdikləri məkanlardandır.
Tahir Ağaməmmədov, AZƏRTAC
11.12.2025