
Oktyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Moskva ‘Eksperiment’ Musiqili Teatrı “Pəri klubu - sehrbaz qadın məktəbi" animasiya müziklini təqdim edəcək. Bu monstrlardan qorxmaq lazım deyil. Onlar sadəcə olaraq qeyri-adi valideynlərin adi uşaqlarıdır. Onları yeniyetmələrə aid məsələlər maraqlandırır. Axı bu uşaqlar monstrlar məktəbində oxuyurlar.
Tamaşaçılar Böyük Sehr Məktəb Şurasının eksperiment keçirmək, yəni bu məktəbdə pəriləri, cadugər qadınları, monstrları, ola bilsin adi uşaqları da bir yerdə oxutmaq istəyi və sonra baş verən hadisələri izləyə biləcəklər. Tamaşada, həmçinin arzularımızın heç də hamısının həyata keçməli olmaması, xeyir və şərin daim qarşıdurması, ən mürəkkəb problemin həllində isə həqiqi dostluğun qələbəsi öz əksini tapacaq.
O da məlum olacaq ki, monstrlar pərilərdən xeyirxah və cadugərlərdən ağıllıdırlar. Onlar mübahisə və ixtilafı qətiyyən istəmir və pərilərlə, cadugər qadınlarla, eləcə də tamaşaçılarla dost olmaq istəyirlər. Uşaqlar və böyüklər tanış personajların, sevimli musiqinin, maraqlı süjetin peşəkar səhnə quruluşunda təqdiminə, müasir xoreoqrafiya, teatr və səhnə effektlərinə laqeyd qala bilməyəcəklər. Tamaşa saat 12:00, 15:00, 17:00-də nümayiş olunacaq.
15.10.2015