Xəbərlər

“Smeşariklər” cizgi filminin sevimli qəhrəmanları Bakıya gəlir

Noyabrın 14-15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Dostların əhatəsi” Sankt-Peterburq Kukla Teatrı tərəfindən “Smeşariklərin yeni sərgüzəştləri” tamaşası nümayiş olunacaq. “Smeşariklər” cizgi filminin sevimli qəhrəmanları yeni sərgüzəştləri, məzəli və şən əhvalatları ilə nəinki balaca tamaşaçılarda, hətta böyüklərdə də unudulmaz təəssürat yaradacaqlar. Tamaşaçılar sevimli qəhrəmanları ilə birgə macəralar aləminə düşəcəklər.
 
Şounun qeyri-adi və cəzbedici olmasının, balacalar və valideynlər tərəfindən sevilməsinin başlıca səbəbi tamaşanın uşaqlara xeyirxahlıq aşılamasındadır. Tamaşanın əsas məqsədi uşaqlara əmin-amanlığın, mənəvi dəyələrin yüksək tutulduğu dünya qurmağın vacibliyini, mərhəmətin, insansevərliyin ali hisslər olduğunu göstərməkdir. “Smeşariklər” dünyasında qəddarlığa, xəsisliyə və zülmə yer yoxdur. Tamaşanın özünəməxsus cəhəti isə burada mənfi personajın olmamasıdır. Yəni bütün personajlar xeyirxahlığı ilə seçilən müsbət qəhrəmanlardır. Zahiri primitivlik və uşaq sadəlövhlüyü ilə qurulmuş süjetlərdə əslində olduqca vacib və ciddi məsələlərə, fəlsəfi mənalara toxunulur.