Xəbərlər

Gənc həmvətənimizin növbəti medalı

 Macarıstanın "Veçeş" ("Vecsés FC")  klubunun idman şərəfini  qoruyan gənc gimnast, həmvətənimiz Fidan Seyidova öz aktivinə növbəti medal yazdırıb. O, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda  keçirilən  “Olimpik Cup 2015” Kuboku uğrunda XII Beynəlxalq turnirdə “B-light” kateqoriyasında gümüş medal qazanıb. Turnirdə 29 ölkədən 32 klubu təmsil edən 430 idmançı iştirak edib. 
 
Fidan ötən ilin  noyabrında Macarıstan Kuboku uğrunda turnirdə qazandığı qızıl medal kimi,  bu mükafatı da  bu ilin yayında Azərbaycan paytaxtında keçiriləcək  Birinci Avropa Oyunlarına həsr edib. 2014-cü ilin Macarıstan Kubokunun sahibi və Sarayevo oyunlarının gümüş mükafatçısı  tarixi Vətəndəki idmançıların  Avropa oyunlarda müvəffəqiyyətlə çıxış etməyini ürəkdən arzuladığını AZƏRTAC vasitəsilə onlara çatdırmağı xahiş edib.  
 
Qarşıda Fidanı növbəti gərgin məşqlər və yeni-yeni medallar uğrunda çətin mübarizə gözləyir. Gənc həmvətənimizə yeni idman zirvələri fəth etməyi arzulayırıq.