
XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi, kvant nəzəriyyəsinin və statistik fizikanın yaradıcılarından biri Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində anadan olub. Uşaqlıq illəri Münxen şəhərində keçib. Albertin anası musiqiçi olub və oğluna musiqiyə məhəbbət aşılayıb. Musiqiyə vurğunluğu Eynşteyni ömrü boyu müşayiət edib.
Uşaq yaşlarında Eynşteyndə heç bir dahilik əlaməti müşahidə olunmayıb. O, səbr və hövsələ, yadda saxlamaq üçün böyük zəhmət tələb edən cəbr və həndəsə fənlərini sevməyib. Nəzəri fizika isə tamamilə başqa məsələ idi! Zəngin fantaziyaya geniş meydan açan fizika “yenicə başlayan” dahini müəllimlərindən bir-iki pillə üstün edirdi.
Ailə tez-tez bir yerdən başqa yerə köçdüyündən, Albert təhsil aldığı məktəb və gimnaziyaları dəyişməli olurdu. 1900-cu ildə Münxen Politexnikumunu bitirərək, riyaziyyat və fizika müəllimi diplomu alır. 1901-ci ildə İsveçrə vətəndaşlığı alsa da, 1902-ci ilin yazına qədər daimi iş yeri tapa bilmir. İşsiz olduğuna görə günlərlə ac qalır. Nəticədə qara ciyəri xəstələnir. Alim ömrünün sonunadək qara ciyər xəstəliyindən əziyyət çəkir.

Eynşteyn 1900-1902-ci illərdə məhrumiyyətlərlə üzləşməsinə baxmayaraq, fizikanı daha dərindən öyrənməyə başlayır və xüsusi nisbilik nəzəriyyəsi üzərində çalışır. Hazırda bu nəzəriyyənin əsaslarını yuxarı siniflərdə öyrənirlər. 1905-ci il fizika tarixinə “möcüzələr ili” kimi daxil olur. Həmin il Almaniyanın fizika sahəsində aparıcı jurnalı olan “Fizika salnaməsi”ndə Eynşteynin yeni elmi inqilabın başlanğıcını qoyan üç sanballı məqaləsi dərc olunur. 1905-ci ildə onun xüsusi nisbilik nəzəriyyəsi - işıq sürətinə yaxın sürətlə hərəkət edən cisimlərin mexanikası və elektromexanikası açıqlanır. Elə həmin il Eynşteyn bütövlükdə nüvə energetikasının əsasını təşkil edən kütlə və enerjinin (E=mc²) qarşılıqlı əlaqəsi qanununu kəşf edir.
Eynşteynin əsərləri böyük şöhrət qazanır. 1909-cu ildə o, Sürix Universitetinin, sonra Praqada Alman Universitetinin professoru seçilir. 1914-cü ildə Eynşteyn dərs demək üçün Berlin Universitetinə dəvət olunur. Berlində yaşadığı illərdə ümumi nisbilik nəzəriyyəsini başa çatdırır, şüalanmanın kvant nəzəriyyəsini inkişaf etdirir. Onun fotoeffekt nəzəriyyəsində işıq kvant (foton) axını kimi nəzərdən keçirilir. Fotonların varlığı 1922-ci ildə amerikalı fizik A.Komptonun eksperimentlərində təsdiq olunur. Eynşteyn fotokimyanın əsas qanununu (Eynşteyn qanunu) kəşf edir. Həmin qanuna görə, hər udulan işıq kvantı bir elementar fotokimya reaksiyası doğurur. O, 1916-cı ildə kvant elektronikasının əsasını təşkil edən atomların induksiyalı (məcburi) şüalanması hadisəsini nəzəri cəhətdən göstərir.

Eynşteynin 1916-cı ildə başa çatdırdığı ümumi nisbilik nəzəriyyəsi onun elmi yaradıcılığının zirvəsidir. Eynşteynin ideyaları fizikada məkan, zaman və cazibəyə Nyutonun dövründə formalaşan mexaniki baxışları dəyişib və dünyanın yeni, materialist mənzərəsini açıqlayıb.
1921-ci ildə A.Eynşteynə Nobel mükafatı verilir. Amma o, bu nüfuzlu mükafata dahiyanə ümumi nisbilik nəzəriyyəsinə görə deyil, fotoeffekt nəzəriyyəsinə və nəzəri fizika sahəsində digər böyük işlərinə görə layiq görülür. 1933-cü ildə Almaniyada hakimiyyətə faşistlər gəlirlər. O, ABŞ-da, kiçik və sakit Prinston şəhərinə köçür və yerli universitetdə dərs deməyə başlayır. Eynşteyn ömrünün sonlarında çox səyahət edir, müxtəlif ölkələrdə nisbilik nəzəriyyəsinə dair mühazirələr oxuyur. Dünyanın ən dahi alimi nüfuzu qazanan Eynşteyn sözün əsl mənasında sülhün carçısına çevrilir.
Eynşteyn dünya şöhrətli alim olsa da, hamıya açıq, təvazökar, sadə, mehriban bir insan kimi tanınıb. Yaxın tanışları onu ünsiyyətcil, gülərüz bir insan kimi təsvir edir, onun xeyirxahlığını, insanlara yardım etməyə tələsməsini, təkəbbürdən uzaq olmasını, dəfedilməz cazibəsini vurğulayırlar. Tez-tez onun əla yumor hissindən danışılır. Eynşteyndən laboratoriyasının harada yerləşdiyini soruşanda, gülümsəyərək qələmini göstərirmiş.

Eynşteyn musiqini, xüsusən XVIII əsr bəstəkarlarının musiqisini hədsiz dərəcədə sevirmiş. O, müxtəlif illərdə Bax, Motsart, Şuman, Haydn və Şubert kimi bəstəkarlara üstünlük verirmiş, amma ömrünün son illərində ən çox Bramsı dinləyirmiş. Skripkada gözəl çalan Eynşteyn ondan heç vaxt ayrılmazmış.
Çox böyük elmi nüfuzuna baxmayaraq, təkəbbür hissindən uzaq olan Eynşteyn Səhvə yol verə biləcəyini mümkün sayırmış və belə olduqda yanıldığını etiraf edirmiş. “Zwang” sözü (zoraklılıq, məcburiyyət) onun alman dilində ən çox nifrət etdiyi söz olub.
Albert Eynşteyn 76 yaşında vəfat edib. Böyük alimin çox sadə dəfn mərasimində onun ən yaxın 12 qohumu və dostu iştirak edib.
14.01.2015