Mixail Zoşenko. Yalan danışmaq lazım deyil
Uzun müddət bundan öncə hələ məktəbdə oxuyan vaxtlarımda, müəllimlər hər bir soruşulan dərs üçün gündəliyə 1-dən 5-dək qiymət yazırdılar.
Gimnaziyaya, hazırlıq sinifinə daxil olanda mən çox balaca idim. Cəmi yeddi yaşım var idi. Gimnaziyalarda baş verənlər haqqında hələ heç nə bilmirdim və ilk üç ay sanki dumanda gəzirdim.
Bir gün müəllim bizə bir şeir əzbərləməyi tapşırdı:
Kəndin üzərində Ay şən işıq saçır,
Ağ qar mavi alov kimi parlayır ...
Mən isə müəllimənin dediklərini eşitmədiyim üçün şeiri öyrənmədim. Eşitmədim, çünki arxada oturan oğlanlar ya kitabla başıma çillə vurur, ya qulağıma mürəkkəb sürtür, ya da saçlarımı çəkirdilər. Bu səbəbdən sinifdə qorxacaq oturub, hər zaman arxada oturan oğlanların mənə qarşı nələr hazırladıqlarını düşünürdüm.
Ertəsi gün, müəllim məni lövhəyə çağırdı və verilmiş şeiri əzbər söyləməyimi istədi. Nəinki şeir haqqında eşitməmişdim, hətta dünyada belə bir şeir olduğunu belə bilmirdim. Amma qürurumdan, müəllimə şeiri bilmədiyimi söyləməyə cəsarət etmədim. Heç bir söz demədən masamın yanında dayandım.
Amma sonra sinfin oğlanları mənə şeiri yerlərindən deməyə başladılar. Bunun sayəsində mənə pıçıldadıqlarını danışmağa başladım. O vaxt qrip olmuşdum və bir qulağım çətinliklə eşidirdi; buna görə də mənə dediklərini çətinliklə başa düşürdüm.
İlk sətirləri bir təhər söylədim, ancaq "Buludların altındakı xaç şam kimi yanır" ifadəsinə gəldikdə, "Çəkmələrin altındakı çat bir şam kimi ağrıyır" dedim.
Bu zaman şagirdlər arasında gülüş yarandı, hətta müəllim belə güldü və dedi:
- Gündəliyini gətir bura! Sənə yağlı bir “1” qoyacam!
Mən ağlamağa başladım, çünki bu mənim ilk “1” qiymətim idi və nə olduğunu hələ bilmirdim.
Dərsdən sonra bacım Lelya evə getmək üçün məni götürməyə gəldi.
Yolda çantamdan gündəliyimi çıxarıb “1” yazılan səhifəni açdım və Lelyaya dedim:
- Lelya, bax bu nədir? Bunu mənə müəllim "Kəndin üzərində Ay şən işıq saçır" şeirinə görə verdi.
Lelya baxdı və gülərək dedi:
- Minka, bu pis qiymətdir! Müəllim sənə Rus dili dərsindən çox pis qiymət verib, bu o qədər pisdir ki, atamızın, sənin iki həftədən sonra olacaq ad gününə fotokamera verəcəyinə artıq şübhə edirəm.
Mən soruşdum:
- Bəs nə edim?
Lelya dedi:
- Mənim sinif yoldaşlarımdan biri “1” aldığına görə gündəliyində iki səhifəni götürüb yapışdırmışdı. Atası barmaqlarını islatdı, amma vərəqləri bir-birindən ayıra bilmədi və orada nə olduğunu görmədi.
Mən isə dedim:
- Lelya, valideynləri aldatmaq yaxşı deyil!
Lelya gülüb evə getdi, mən isə kədərli bir ruh halında şəhər bağçasına girdim, bir skamyada oturub, gündəliyimi açıb “1”ə qorxu ilə baxdım.
Uzun müddət bağda oturdum. Sonra evə getdim. Amma evə yaxınlaşanda birdən yadıma düşdü ki, gündəliyimi bağdakı skamyada unutmuşam. Geri qaçdım. Amma gündəliyim artıq bağdakı skamyada yox idi. Əvvəl qorxdum, sonra sevindim ki, artıq bu dəhşətli “1” qiyməti olan gündəlik yoxdur.
Evə gəldim və atama gündəliyimi itirdiyimi dedim. Lelya mənim bu sözlərimi eşidəndə mənə güldü və gözlərini qırpdı.
Ertəsi gün müəllim gündəliyimi itirdiyimi öyrəndi və mənə yenisini verdi. Bir daha səhv etməmək ümidi ilə bu yeni gündəliyi açdım, amma yenə də Rus dili dərsinin qarşısına əvvəlkindən daha yağlı “1” qiyməti durmuşdu. O qədər hirslənib, əsəbiləşdim ki, bu gündəliyi sinifimizdəki kitab şkafının arxasına atdım.
İki gün sonra müəllim, bu gündəliyimin də olmadığını öyrənib yenisini doldurdu və gündəlikdə Rus dili dərsindəki “1”-dən başqa, artıq davranışa görə “2” qiyməti dururdu. Müəllim gündəliyi mənə verib tapşırdı ki, atan mütləq gündəliyinə baxsın.
Dərsdən sonra Lelya ilə görüşəndə o, mənə dedi:
- Səhifəni müvəqqəti olaraq yapışdırsaq bu yalan olmaz. Ad günündən bir həftə sonra, fotokamera alandan sonra, səhifəni açıb ataya içində nə olduğunu göstərərik!
Fotokameramın olmasını çox istəyirdim və Lelya ilə gündəliyin, pis qiymətlərim olan səhifəsini bir-birinə yapışdırdıq.
Axşam ata evə gəldi və dedi:
- Gündəliyini göstər görüm! Maraqlıdır “1” qiyməti alıbsanmı?
Atam gündəliyə baxmağa başladı, amma orada heç nə görmədi, çünki səhifə yapışdırılmışdı. Bu vaxt pilləkəndən kimsə atamı çağırdı.
Bir qadın gəlib dedi:
- Ötən gün şəhər bağçasında gəzirdim və orada skamyada gündəlik tapdım. Ünvanı soyadla öyrəndim. Yəgin oğlunuz itirib.
Atam gündəliyə baxdı və oradakı “1”-i görüb hər şeyi başa düşdü. Mənə qışqırmadı. Sakitcə dedi:
- Yalan danışan və aldadan insanlar gülməli və komikdirlər, çünki gec -tez yalanları həmişə üzə çıxacaq. Dünyada heç bir yalan gizli qalmamışdır.
Mən xərçəng kimi qızardım, atamın qarşısında dayandım və onun sakit sözlərindən utandım. Mən dedim:
- Ata, məktəbdə kitab şkafının arxasına içində “1” qiyməi olan başqa bir, üçüncü gündəliyi atmışam.
Atam, mənə daha da qəzəblənmək əvəzinə, gülümsədi və məni qucağına alıb öpməyə başladı.
O, dedi:
- Bunu etiraf etməyin məni son dərəcə xoşbəxt etdi. Sən uzun müddət gizli qala biləcək bir şey haqqında etiraf etdin. Bu, artıq yalan danışmayacağına ümid verir. Bunun üçün sənə bir fotokamera hədiyyə edəcəm.
Lelya bu sözləri eşidəndə fikirləşdi ki, atanın ağlı başında deyil və indi “5” əvəzinə “1” qiyməti alanlara hədiyyə verir.
Lelya atanın yanına gələrək dedi:
- Atacan, mən də dərsimi öyrənmədiyim üçün bu gün fizikadan “2” qiyməti almışam.
Lakin Lelyanın gözləntiləri özünü doğrultmadı. Ata ona hirsləndi, otağından qovdu və dərhal dərslərini öyrənməsini söylədi.
Axşam isə yatmağa gedəndə birdən qapının zəngi çalındı. Atamı görməyə gələn müəllimim idi. O, atama dedi:
- Bu gün sinfimizi təmizləyəndə oğlunuzun gündəliyini kitab şkafının arxasından tapdıq. Gündəliyini görməməyiniz üçün onu atan bu kiçik yalançıya nə deyirsiz?
Atam isə dedi:
- Bu gündəlik haqqında şəxsən oğlumdan eşitmişəm. Özü mənə bu hərəkətini etiraf edib. Odur ki, oğlumun düzəlməyəcək bir yalançı olduğunu düşünmək üçün heç bir səbəb yoxdur.
Müəllim atama dedi:
- Deməli belə. Bu barədə artıq bilirsiniz. Bu vəziyyətdə bir anlaşılmazlıq baş vermişdir. Bağışlayın. Gecəniz xeyrə!
Yatağımda uzanıb bu sözləri eşidəndə çox ağladım və hər zaman həqiqəti söyləyəcəyimə özümə söz verdim.
Həqiqətən də indi həmişə bunu edirəm. Düzdür, bəzən bunu etmək çox çətindir, amma ürəyim şən və sakitdir!
30.07.2021