Xəbərlər

Pandaları nəsli kəsilmək təhlükəsi gözləyir

BAKI, 12 yanvar (AzərTAc). ABŞ və Çin ekoloqları böyük pandaların sayının azalmasının yüksək ehtimalı barədə xəbərdarlıq ediblər. Müəlliflər bu tədqiqatların nəticələri barədə “Biological Conservation” jurnalında məlumat veriblər.
 
AzərTAc xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, heyvanların populyasiyasının kütləvi azalmasının səbəbi iqlim dəyişiklikləridir. Böyük pandaların sayı artıq 2070-ci ilə qədər iki dəfə azala bilər. Həmin vaxtadək bu canlıların yaşayış məskənlərinin sahəsinin 52,9-71,3 faizə qədəri itirilə bilər. Bu halda qalan ərazilər bir-birindən aralı düşəcək və demək olar ki, bir-biri ilə əlaqələri kəsiləcək. Bu da gələcəkdə pandaların sayının daha da azalmasına gətirib çıxaracaq.
 
Alimlər bu nəticəyə modelləşdirmədən sonra gəliblər. Onların mühakimələri 2100-cü ilədək orta temperaturun bir dərəcə artmasını, həmçinin Çində pandaların təbii məskənlərində bu canlıların əsas qida rasionu olan bambuk meşələrinin qırılmasına gətirib çıxaran yol və şəhər tikintisinin azalmayan sürətini nəzərdə tutur.