Təəssüf ki, çox zaman bizim xətrimizə ən yaxın insanlarımız dəyir. Psixoloqların fikrincə uşaqların valideynlərinə qarşı incikliyi həyatı boyu unudulmur. Bəs uşaqların incikliyinə ən çox nə səbəb olur?
Uşağın fikri ilə razılaşmamaq
Böyük uşaqlarda valideynlərinə qarşı ən sıx rast gəlinən inciklik onların fikri ilə razılaşmamaq və ya ona hörmətsiz yanaşmaqdan, nifrət və alçaldıcı cavabdan yaranır. Valideynlərinin “Sənin deməyinlə deyil”, “Nə olsun ki, istəyirsən, mən də çox şey istəyirəm”, “Mən necə deyirəm, elə də edəcəksən” kimi ifadələrini uşaqlar uzun müddət unutmurlar.
Ədalətsizlik
Yaxın insanın ədalətsizliyi qədər uşağın xətrinə dəyən başqa bir münasibət yoxdur. Təəssüf ki, çox vaxt valideynlər öz uşaqlarını tutduqları əmələ görə ədalətsiz mühakimə edirlər, əsasən də etmədikləri bir şeyə görə. Bu cür münasibət də uşaqların həyatı boyu unuda bilməyəcəkləri incikliyə səbəb ola bilir.
Xəyanət
Yaxın insanın xəyanəti uşaqların heç zaman yadından çıxmayan incikliklərdəndir. Ünsiyyətin pozulması, uşağa aid sirlərin kənar insanlara deyilməsi, digər insanların maraqlarının daha üstün tutulması kimi hərəkətlər uşaqlarda güclü əks-təsirə və valideynlərə qarşı münasibətin korlanmasına səbəb olur.
Etinasızlıq
Valideynlərin “Nə istəyirsən et, vecimə də deyil” kimi sözləri uşağın xətrinə ən azı daimi qadağa və əmrlər qədər dəyir. Etinasızlıq, uşaqlara yad münasibət bütün ömür boyu iz buraxa biləcək ciddi psixoloji sarsıntılarla nəticələnə bilər.
Başqa uşaqlarla müqayisə
Övladlarınızı bacı, qardaş və ya digər yaşıdları ilə müqayisə etmək, əsasən də əgər bu müqayisə sözü gedən uşağın keyfiyyətləri ilə nisbətdə onun əleyhinə yönəlirsə uşağı ən çox incidən amillərdəndir.
Yalan
Bir çox hallarda valideynlər ən yaxşı hisslərdən qaynaqlanaraq övladlarından hər hansı bir qəmgin və ya xoşagəlməz hadisəni gizlətmək, onu belə hadisələrdən, yaxud məlumatlardan uzaq tutmaq üçün yalan danışırlar. Lakin belə yalan nə qədər yaxşı hisslərdən qaynaqlansa da, gələcəkdə uşağın valideynlərinə qarşı ciddi incikliyinə səbəb ola bilər.
İnamsızlıq
Əksər hallarda valideynlər uşağın gücünə inanmadıqlarını büruzə verərək ciddi səhvə yol verirlər. “Ver bura, mən daha yaxşı edərəm”, “Onsuz da səndə heç nə alınmayacaq”, “Kimin nəyinə lazımdır belə uşaq” kimi ifadələr uşağın şüurunda daim qalır və onun gələcək həyatına mənfi təsir göstərir.
Uşaqlar valideynlərindən bir çox səbəbə görə inciyə bilərlər. Bu incikliklərin bir hissəsi heç bir iz qoymadan, tez bir zamanda unudulsa da, bəziləri uzun müddət, hətta bütün ömür boyu dərin izlər buraxa bilər. Buna görə də, valideynlər gərək övladlarının gələcək həyatında hansı hərəkətin, sözün və emosiyanın mənfi təsir buraxacağını bilsinlər və uzun müddətli inciklik yarada biləcək hərəkətlərə yol verməsinlər.