
BAKI, 30 dekabr (AzərTAc). “Arts Council Azerbaijan” və “Gənclər Şəbəkəsi”nin birgə təşkilatçılığı ilə “Art Villa” qalereyasında “Fidanların arzusu” adlı rəsm sərgisi açılıb. AzərTAc xəbər verir ki, sərgidə “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində yaşayan kimsəsiz – valideyn qayğısından məhrum olmuş uşaqların yaratdıqları bir-birindən fərqli və orijinal əsərlər nümayiş olunub.
Tədbirdə 6-15 yaş arası 25 uşaq iştirak edib. Həmçinin, layihə çərçivəsində müəyyən olunmuş tədbirlərin digər uşaq evlərində də davam etdirilməsi nəzərdə tutulub. Qeyd edək ki, “Gənclər Şəbəkəsi”nin fəaliyyətinin mühüm istiqamətlərindən birini müxtəlif uşaq evlərində rəsm dərnəyi təşkil etməklə bu sahədə müəyyən bacarıq və istedada malik olan uşaqların rəssam kimi yetişməsinə töhfələr vermək təşkil edir. Bu kontekstdə layihəyə ilk olaraq “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti ilə başlanıb.
30.12.2014