Nağıllar, hekayələr

Yuriy Koval. Günəbaxanın içində yatmış pələng balası

Uzaq Ussuriya tayqasında bir pələng balası yaşayırdı. O, ayı balaları və kürəyində zolaqları olan sincab ilə dostluq edirdi.


Pələng balası bütün yayı dostları ilə oynayıb gününü xoş keçirirdi. Günü necə xoş keçirdi? İndi ətraflı danışarıq: Dostlar birlikdə ən qoca və ən böyük sidr ağacına dırmaşıb orada olan ən böyük qozanı dərib yerə atırdılar. Zərbədən qozanın çatlayacağını və içində olan bütün qoz-fındıqların çıxacağını düşünürdülər. Ancaq qabıq çatlamırdı və qoz-fındıqları dişləri ilə çıxarmalı olurdular. Bu hərəkətlər dostlara əyləncəli gəlirdi və onlar bu oyuna "Zərbə ilə vuruş" adı verdilər. Beləliklə, bütün yay boyu oynayıb əyləndilər. 


Birdən soyuqlar düşdü və qar yağmağa başladı. Artıq qış fəsli gəlmişdi. Əvvəlcə qış elə də sərt deyildi. Otların və kolların üstündə nazik qar yığını toplanmışdı, sonra qış gücləndi, şaxta artıq daha sərt və kəsici oldu.


Bir səhər pələng balası soyuqdan üşüyüb yuxudan oyandı. Ətrafa baxdı, gördü ki, dostları heç bir yerdə yoxdular. 


- Görəsən dostlarım hardadırlar? - o, dedi.


- Hamısı qış yuxusuna gediblər, - sidr ağacının ustündə oturan qarğa ona cavab verdi. - Bilmirsən ki, ayılar və sincablar qışda yatırlar?


Pələng bunu bilmirdi və çox təəccübləndi. Bu necə olur axı? Hamısı yatır, amma o yatmır. Qəribədir.


Əgər oyaqsansa, nə etməlisən? Əlbətdə ki, oynamalısan. Pələng balası bu cür də etdi. Başladı qarla oynamağa. Pəncəsi ilə qar atdı, sonra qar dənəciklərini tutdu. Doyunca oynadı-oynadı, axırda yoruldu.


Daha sonra qar fırtınası başladı. Çox soyuq oldu. Pələng o qədər donmuşdu ki, hətta titrəməyə başladı.


- Nədir, donmusan? - birdən səs eşidildi.


Bu, ağacın gövdəsində qazdığı yuvasından başını çıxaran sincab idi.


- Gəl yanıma, - sincab dedi, - İsinəcəksən. Mənim yuvam istidir.


Pələng balası ha çalışdı amma sincabın yuvasına daxil ola bilmədi. Birinci sincabın üzərinə çıxdı və ayaqları ilə başladı onu əzməyə. Daha sonra böyük bədənini içəri soxmaq istədi, amma yuvaya sığa bilmədi, çünki yuva kiçik, pələng isə böyükdür.


Pələng balası dırmaşmaqla məşğul idi, sincabı bərk yuxu basdı, əsnədi və yaza qədər yuxuya getdi.


Pələng tayqaya üz tutdu. Birdən kiminsə xoruldamasını eşitdi. Xoruldayan qarğa idi.


- Sən də yuxuya getmisən? - pələng bərkdən soruşdu.


- Nə danışırsan!? - Qarğa yüksək səslə cavab verdi - Qarğalar heç vaxt qış yuxusuna getmir. 


- Bəs onda, kim belə yüksək səslə yatır? - Pələng balası dırmaşıb sidr ağacının başına qalxdı.


Ağacın zirvəsindən bir qədər aşağıda nəhəng bir oyuq var idi. Oyuğun içərisində isə ana ayı balaları ilə yatırdı.


Qəhvəyi ayılar yerdə, torpağın üstündə yuva qurar və orada yatırlar, amma Ussuriya ayıları ağacda yaşayır, ağacda böyüyür, ağacın üstündə də yuva qurarlar.


Pələng yuvaya baxdı. Ana ayı bir gözünü açıb dedi:


- Sən kimsən, balaca, donmusan? Yuvamiza gir, burada istidir.


Pələng balası ayı yuvasının içərisinə girdi və təzəcə yuvarlanıb uzanmaq istəyirdi ki, ana ayı elə dərin nəfəs alıb verdi ki, pələng balası yuvadan bayıra uçdu. Havada uçub sonra qarın içinə düşdü. Ancaq yerə bərk dəymədi, sadəcə qarın içərisinə batdı. Pələng balası uçarkən belə öz-özünə düşünməyə davam etdi: "Qızmaq üçün nəyinsə içinə bükülüb yatmaq lap yaxşı olardı". 


Pələng balası qarın içinə düşəndə dərhal top kimi yumrulandı və bir az isindi.


Yuxuya getmək üçün gözlərini yummaq istəyirdi ki, birdən qarın altında, yerdə bir günəbaxan toxumu gördü. Pələng dərhal bu toxumu gəmirib yemək istədi, amma sonra düşündü: “Dünyadakı hər şeyi yemək olmaz. Bu toxuma yazığım gəlir, çünki donub" və pələng balası toxumun üzərində nəfəs verdi.


Toxum bir az hərəkət etdi. Pələng balası daha çox nəfəs verdi - toxum çatladı və ondan yaşıl bir cücərti göründü. Pələng yumşaq pəncələri ilə onu əhatə etdi, başını pəncələrinin üstünə qoyub qar çovğununun səsi altında yuxuya getdi.


Pələng balası yuxuda ikən toxum isindi və böyüməyə başladı, böyüdü, böyüdü və hətta tədricən çiçək açmağa başladı. Sonra əsl möcüzə baş verdi: tayqanın və qışın ortasında günəbaxan çiçək açdı.


Günəbaxan günəşə doğru elə boy atdı ki, boyu bütün ağacları belə keçdi.


Beləliklə, günəşin altında, içərisində pələng balası yatmış, günəbaxan açdı.


Əlbətdə ki, artıq pələng balası üçün isti idi, çünki bütün fırtınalar və çovğunlar aşağıda qalmışdı.


- Günəbaxanın içində pələng balası var! - qarğa qışqırdı.- Günəbaxanın içində pələng balası var!


Tezliklə bahar gəldi. Sincab və ayı balaları oyandılar.


Günəbaxana çıxdılar, pələng balası isə hələ yuxuda idi. Onu oyatdılar.


- Bura necə gəlib çıxmışam? - pələng balası təəccübləndi.


- Sən toxumu isitdin, - müdrik sincab dedi, - İndi isə o səni isidir!


Beləliklə, isti yay gəldi. Pələng balası günəbaxana qulluq edir, pəncələri ilə ətrafındakı torpağı şumlayır, ayı balaları dərədən su daşıyır, günəbaxanı sulayırdılar. Bütün heyvanlar xoşbəxt idilər.


Payız gəldi. Bir axşam dostlar günəbaxanın içində yığışıb giləmeyvə, qoz-fındıq yeyirdilər.


- Buradan hər yan necə də gözəl görsənir! - sincab dedi.- Buradan hər yanı uzaqdan görmək mümkündür!


- Kaş hamımız günəbaxanın içində yaşasaydıq!


- Olmaz! Olmaz! Olmaz! - söhbəti eşidən qarğa qışqıraraq dedi - Hamınız üçün yer kifayət etməz!


Sonra soyuq külək əsdi. Günəbaxan yelləndi. Sincab və ayı balaları yuvalarına qaçdılar. Yenə pələng balası tək başına qaldı.


Bir qədər sonra yenidən qar yağmağa başladı. Günəbaxan küləkdən və qardan başını yerə əydi. Pələng kədərləndi. Günəbaxanının altına keçdi və yerdə bir neçə axırıncı günəbaxan toxumlarını  gördü.

Onları bir yığına yığıb, pəncələrinin içində saxladı və beləcə, yuxuya getdi.


Nə fikirləşirsiz? Pələng balası bütün toxumları isitdi?


Qışın soyuğunda, tayqanın tən ortasında, bir dəstə günəbaxan böyüdü. Nəhəng çiçəklər açdı və hər bir günəbaxanın içində ya ayı balası, ya tülkü balası, ya da canavar balası günəşin altında qızınırdı. Ən yüksək günəbaxanda isə pələng balası yuxuya getmişdi.