Vitaliy Bianki. Kim nəyi ilə nəğmə oxuyur
Yəqin ki, meşədə nəğmə eşitmisiniz? Bu nəğməni dinləyəndə, bütün heyvanların, quşların və böcəklərin müğənni və musiqiçi olaraq doğulduğunu düşünmək olar.
Bəlkə də belədir: axı hamı musiqini sevir və oxumaq istəyir, lakin hamı gözəl səsə sahib deyil və elə canlılar var ki, heç səs telləri belə yoxdur.
İndi səsi olmayanların necə və hansı üsulla oxuduğunu dinləyin!
Əvvəl göldəki qurbağalar gecədən başladılar oxumağa: qulaqlarının arxasındakı torbanı şişirib, başlarını sudan çıxarıb, ağızlarını isə geniş açıb bu səsləri çıxartdılar... "Kva-kva-kva!.."
Kənddəki Leylək bu nəğməni uzaq məsafədən eşidib çox sevindi və öz-özünə dedi: - Lap orada yeməli orkestr toplaşıb ki! Deyəsən, bugün yeməyim bol olacaq!
Leylək səhər yeməyi üçün gölə uçub sahildə oturdu. Oturub öz-özünə düşündü: “Qurbağalardan nəyim əksikdir? Onlar səssiz oxuya bilirlərsə, deməli, mən də bacararam. Gərək yoxlayım!”.
Leylək uzun dimdiyini qaldırıb bir-birinə vurdu – ya sakit, ya da yüksək səs çıxardı: sanki, taxtanı taxtaya vururdu. Leyləyin başı o qədər oxumağa qarışmışdı ki, hətta səhər yeməyi barəsində də unutmuşdu.
Qamışların arasında bir ayağının üstündə Danquşu dayanmışdı, yaxınlıqdan gələn səsə qulaq asdı və öz-özünə düşündü: "Mən səsi olmayan bir quşam! Leylək də mənim kimi nəğmə quşu deyil, lakin necə də gözəl nəğmə oxuyur! İzləyin görün, indi suyun üzərində necə oynayacam!"
Danquşu dimdiyini suya soxdu, boğazına kimi dimdiyinə su yığdı və necə üfürdüsə…. göl boyu yüksək səs-küy eşidildi. "Prumb-bu-bu-bumi! .."- sanki, öküz guruldayırdı.
Danquşunun səs küyünü meşədən eşidən ağacdələn dedi: "Bu ki, nəğmədir!" və öz-özünə düşündü: “Onlarda olmayan, məndə isə olan gözəl alətim var: ağac baraban, dimdiyim isə musiqi çubuğum olacaq". Ağacdələn quyruğu ilə ağaca tutundu, başını arxaya hərəkət edib, dimdiyi ilə ağaca elə vurdu ki - sanki Nağara çaldı. Ağac qabığının altından uzun bığlı bir böcək çıxdı. Başını bükdü, sərt boynunu qırışdırdı - incə cırıltı eşidildi.
Aşağıda, ağacın altında bu cırıltını eşidən Eşşəkarısı yuvasından çıxdı və oxumaq üçün çəmənliyə uçdu. Çəmənlikdəki çiçəyin ətrafında dairə vurur, tez-tez qanadlarını çırpır, sanki simli musiqi aləti çalırdı.
Eşşəkarısının nəğməsi çəmənlikdəki çəyirtkəni oyatdı. Çəyirtkə də ona qoşulub özünə məxsus cingiltili, skripkaya bənzər səslər çıxarmağa başladı. Çəmənlikdə bir çox çəyirtkə var: bütöv çəyirtkələrin səsi – sanki, simli orkestr kimi ətrafa yayıldı.
"Eh," – kolun altındakı uzun burunlu Tənbəlcüllüt düşündü: "Mən də oxumalıyam! Yalnız nə ilə? Boğazım, burnum, boynum, qanadlarım işə yaramayacaq ... Eh! Alınsa da, alınmasa da uçacam, ancaq susmayacam, bir şeylər bağıracam!"
Bu sözləri deyib Tənbəlcüllüt kolun altından atıldı göyə. Lap buludlara kimi uçdu. Quyruğunu yelpək kimi açdı, qanadlarını düzəltdi, burnunu yerə çevirdi və aşağı istiqamətdə sürətlə uçdu. Başı havanı ele bil ki, iki yerə kəsdi, quyruğundakı nazik lələklər isə havaya dəyərək məzəli səslər çıxardı. Yerdən eşidilən nəğmə bu idi: sanki yuxarıda quzu mələyirdi.
İndi bildiniz - tənbəlcüllüt nəyi ilə nəğmə oxuyur? …. Quyruğu ilə!
07.10.2021