
Bəzən valideynlər çox çətin bir məsələ ilə qarşılaşırlar: uşaqların ad gününü yaddaqalan etmək üçün bu əziz günü harada şən və maraqlı keçirmək olar? Moskva zooparkı maraqlı bir təşəbbüsə imza atıb. Heyvanxanada “Zooparkda ad günü” adlı yeni xidmət istifadəyə verilib. Bundan sonra yaşı üçdən yuxarı olan uşaqlar, onların valideynləri və qonaqlar ad günü şənliklərini qeyri-adi şəraitdə - heyvanların və nağıl personajlarının əhatəsində qeyd edəcəklər.
Proqrama maraqlı interaktiv tamaşalar, zooparkın ərazisinə ekskursiya, heyvanlarla ünsiyyətdə olmaq daxildir. Balaca səbəbkarların və onların qonaqlarının bəzi heyvanlarla oynamaq, onları yedirtmək, başlarını sığallamaq və hətta əllərinə götürmək imkanı olacaq. Uşaqlar animasiya proqramının iştirakçısı olacaqlar. Ad günü tortu onların ovqatını yüksəldəcək.
İki-üç saat davam edəcək şənliyin proqramı uşaqların yaşına uyğunlaşdırılır. Şənliyin qiyməti sifariş olunan proqrama görə dəyişir. Təşkilatçılar inanırlar ki, Moskva zooparkında təşkil olunan qeyri-adi ad günü şənliyi uşaqlarda və onların valideynlərində unudulmaz təəssüratlar oyadacaq və həqiqətən yaddaqalan bayrama çevriləcək.
28.10.2014