Vüqar Haqverdiyev. Şir südü
Biri vardı, biri yoxdu, Aysel adında balaca bir qız vardı. Bu qız qoca nənəsi ilə kənddə yaşayırdı. Aysel nənəsini çox sevirdi.
Bir gün nənə bərk xəstələnmişdi, qızdırma içində yatırdı.
Bunu eşidən kəndin həkimi Loğman baba köməyə gəldi. O, özü ilə gətirdiyi məlhəmi xəstənin üz-gözünə, alnına sürtdü. Nənənin istiliyi o saat düşdü, rəngi açıldı. Aysel sevincək dedi:
- Baba, deyəsən, nənəm sağalır?!
- Əlbəttə, bu dərman ona kömək edəcək.
- Dərmanın adı nədir?
- Şir südü, gözəl bala.
- Şir südü?! Baba, o böyüklükdə şirdən südü necə almısan? – deyə Aysel təəccüblə soruşdu.
- Aysel bala, bu südü Şirdən mən yox, balaca qız alıb.
- Bəs, o qız şirdən qorxmur.
- Əksinə, o qız şirin balaları ilə dostluq edir.
- Necə də maraqlıdır, baba, xahiş edirəm, nənə durana kimi, o qız haqqında danış.
- Yaxşı, mənim balam, - deyə Loğman baba pəncərəyə yaxınlaşdı.
- Həmin qız bax o dağın ətəyindəki meşədə nənəsi ilə yaşayır,- deyə Loğman baba əli ilə dağı göstərdi. Sonra masa arxasına keçib söhbətinə davam etdi:
- Aysel bala, o qızın adı Günəşdir. Sənin kimi o da nənəsini çox sevir. Bir gün günəşin də nənəsi bərk xəstələnir. Qız çox pis olur, ağlayıb gözünün yaşını axıdır. Nənə yuxuda olduğu üçün Günəşin bu halından xəbəri olmur.
Bu zaman qara bir qarğa pəncərədən baxıb qarıldayır:
- Qar, qar... nənənin dərmanı şir südüdür. Qar, qar... nənənin dərmanı şir südüdür... Şir südü içməsə, nənə sağalmayacaq!...
Qarğa bu sözləri deyə-deyə uçub gedir. Qız onun sözlərindən qorxuya düşüb öz-özünə deyir: “Nə qədər ki, nənə yuxudadır, gedim şir südü gətirim”.
Günəş balaca su qabını götürüb evdən çıxır.
Qız yolda Çaqqala rast gəlir. Sən demə Çaqqal neçə gündür ac imiş. Balaca qızı görən kimi ağzının suyunu axıda-axıda deyir:
-Günəş bala, hara gedirsən belə?
Günəş deyir:
-Nənəm xəstələnib, gedirəm onun üçün Şirdən süd alam!
Çaqqal Şirin adını eşidən kimi qorxuya düşür, oğrun-oğrun ətrafa göz gəzdirib deyir:
- Birdən Şir süd vermədi?!
Günəş çiynindən asdığı su qabını əlinə götürüb deyir:
- Verməz, təpəsinə bir qab vuraram, canı çıxar!
Çaqqal necə aradan çıxırsa, izi-tozu da qalmır.
Günəş bir az gedir, Qurda rast gəlir. Sən demə Qurd da ac imiş. Qızı görən kimi deyir:
-Günəş bala, hara gedirsən?
Günəş deyir:
Nənəm xəstələnib, gedirəm onun üçün Şirdən süd alam!
Qurdun canına vəlvələ düşür, gözünü qıyıb yan-yörəsini nəzərdən keçirərək deyir:
- Birdən Şir süd vermədi?!
Günəş çiynindən asdığı su qabını əlinə götürüb deyir:
- Verməz, təpəsinə bir qab vuraram,canı çıxar!
Qurd necə əkilirsə, izi-tozu da qalmır.
Günəş bir qədər də gedib Ayıya rast gəlir. Ayı sevinə-sevinə yekə qarnını sığallayıb deyir:
- Günəş bala, hara gedirsən belə?
- Gedirəm Şirdən süd alam!
Qorxudan ayının tükləri biz-biz durur, başını aşağı əyib pıçıltı ilə deyir:
- Birdən Şir süd vermədi?!
Günəş çiynindən asdığı su qabını əlinə götürüb deyir:
- Verməz, təpəsinə bir qab vuraram,canı çıxar!
Ayı necə aradan çıxırsa, onu bir də “gördüm” deyən olmur.
Sonra Günəş yoluna davam edir. Nəhayət, gəlib Şirin yuvasına çatır.
Görür ki, yuvanın ağzında qablarda süd qoyulub. İki şir balası ləzzətlə içir. Balalar qızı görən kimi onun yanına qaçırlar, sevinə-sevinə ətrafında dövrə vururlar. Günəş də onlara qoşulur, bir yerdə oynayırlar, mahnı oxuyurlar.
Bu zaman ana Şir gəlib çıxır, maraqla onlara tamaşa edir. O, balalarını ömründə belə xoşbəxt görməmişdi. Günəş Şir balalarından ayrılmaq istəmirdi. Ancaq yadına düşür ki, nənəyə süd aparmalıdır. Ana şir məsələni biləndə Günəşin su qabını südlə doldurur. Sonra qızı belinə alıb evlərinə kimi aparır.
Günəşin nənəsi şir südündən içir və o saat sağalır,- deyə Loğman baba Ayselin başını sığalladı.
Bu zaman Ayselin nənəsi yuxudan ayıldı. Loğman baba ona bir qaşıq şir südü verdi. Nənə içən kimi ayağa qalxdı, mətbəxə keçib çay hazırladı. Sapsağlam idi, elə bil heç xəstələnməmişdi.
20.09.2021