Sergey Kozlov. Tikanlı kürk geyinmiş donuz balası
Qış idi. O qədər soyuq idi ki, Kirpi bir neçə gün evindən bayıra çıxmır, ancaq sobanı qızdırıb pəncərədən çölə baxırdı. Şaxta pəncərəni fərqli naxışlarla bəzəmişdi. Kirpi vaxtaşırı pəncərənin üstünə çıxıb nəfəs alır, donmuş şüşəni pəncəsi ilə silirdi.
"Bunlara bax" - kirpi evin qarşısındakı şam ağacına və tarlaya baxıb dedi. Qar dənələri isə ardıcıllıqla dövrə vuraraq ya yuxarı qalxır, ya da tarlanın üstünə düşürdü.
Kirpi burnunu pəncərəyə dikdi, bu zaman bir qar dənəsi şüşənin digər tərəfindən kirpinin burnuna oturdu, nazik ayaqları üzərində ayağa qalxıb dedi:
- Bu sənsən, Kirpi? Niyə bizimlə oynamağa gəlmirsən?
- Çöldə soyuqdur, - deyə Kirpi cavab verdi.
- Xeyr, - Qar dənəsi gülərək dedi - Bizə heç soyuq deyil! Gör necə uçuram!
Qar dənəsi Kirpinin burnundan uçdu və tarlanın üzərində fırlandı.
"Görürsən? Görürsən?" - deyə qar dənəsi pəncərənin yanından keçərkən yüksək səslə dedi.
Kirpi burnunu pəncərəyə ele sıxmışdı ki, burnu qırışlaşıb, donuz balasına bənzəyirdi; qar dənəsinə elə gəldi ki, bu Kirpi yox, tikanlı kürk geyinmiş donuz balasıdır.
- Donuz balası! Bizimlə gəzməyə çıx!- qar dənəsi qışqıraraq dedi.
"Görəsən kimə səslənir?" - Kirpi öz-özünə fikirləşdi və çöldə donuz balasının olub-olmadığını görmək üçün daha da burnunu pəncərənin şüşəsinə sıxdı.
Artıq qar dənəsi əminliklə bildi ki, pəncərənin kənarında duran məhz tikanlı kürk geyinmiş donuz balasıdır.
- Donuz balası! - qar dənəsi daha da bərkdən qışqırdı.- Axı sənin kürkün var. Bizimlə oynamaq üçün çıx çölə!
"Belə, - Kirpi düşündü. - Orada, çox ehtimal ki, pəncərənin altında kürklü donuz balası oturub və oynamaq istəmir. Onu evə dəvət edib çay vermək lazımdır."
Kirpi pəncərədən endi, əlcəklərini, ayaqqabılarını geyinib çölə çıxdı.
- Donuz balası?- o, yüksək səslə dedi: "Gəl evimə, çay iç!"
- Kirpi, - Qar dənəsi səsləndi - Donuz qaçıb getdi. Sən gəl bizimlə oyna!
- Gələ bilmərəm. Soyuqdur! - Kirpi deyib evə girdi.
O, qapını bağlayıb, çəkmələrini çıxarıb, sobaya odun atıb, yenidən pəncərənin üstünə çıxdı və burnunu şüşəyə sıxdı.
- Donuz balası - Qar dənəsi yenə qışqırdı - Qayıtdın? Çıx çölə! Gəl birlikdə oynayaq!
"Geri döndü" deyə Kirpi düşündü. Yenidən çəkmələrini geyinib çölə qaçdı.
- Donuz balası! - o, qışqırdı. - Donuuu-zzzz! ...
Külək sakitcə əsirdi və qar dənələri səmada şən şəkildə fırlanırdılar.
Axşama qədər Kirpi çölə qaçıb, donuz balasını çağırdı, sonra evə qayıdıb pəncərənin üstünə çıxıb, burnunu şüşəyə sıxdı.
Qar dənəsi üçün "kiminlə oynadığı" heç fərq etmirdi: ya tikanlı kürk geyinmiş donuz balasını çağırır, ya da çölə qaçan Kirpini səsləyirdi.
Kirpi isə yuxuya gedərkən belə, şaxtalı bir gecədə tikanlı kürk geyinmiş donuz balasının donub qalacağından qorxurdu.