Nağıllar, hekayələr

Tülkü və ilan

Tülkü və İlan dostluq edirdilər. Bir gün onlar səfərə çıxası oldular. Üç gün - üç gecə yol getdilər. Qabaqlarına böyük bir çay çıxdı. Tülkü üzmək bilirdi, ilan isə yox. İlan yalvarıb dedi:

 

– Ay qardaş, mən üzmək bilmirəm, qoy boğazına dolanım, məni çaydan keçir.

 

Tülkü razı oldu.

 

Çayı o taya keçdilər. Tülkü dedi:

 

– Di boynumdan açıl, gedək.

 

İlan gülüb dedi:

 

– Hara açılıram? Mən elə bundan ötrü sənlə yoldaş olmuşdum. Acmışam, qanını içəcəyəm.

 

Tülkü gördü İlan namərdlik eləyir, o da hiyləyə əl atdı:

 

– İlan lələ, mən onsuz da dünyadan bezmişəm, ölmək istəyirəm. Elə sənə deyəcəkdim ki, mənə yaxşılıq elə vur ölüm, dünyanın qayğısından qurtarım. Amma sənlə çörək yemişəm, yoldaşlıq etmişəm.

Ömrümün axır çağında qoy üzündən öpüm, sonra məni çal.

 

İlan Tülkünün şirin dilinə inandı. Başını onun ağzına tərəf uzatdı ki, üzündən öpsün, Tülkü o saat ilanın boğazından tutub elə boğdu ki, İlanın gözləri kəlləsinə çıxdı. Tülkü dedi:

 

– Yoldaşına xain olanın axırı bax budur!