Xalidə Hasilova. Yaşıl ayna
Uşaqlar moruqla dolu vedrələri yerə qoyub sevincək pillələri yenidən aşağı düşdülər. İradənin anası da onların dalınca düşürdü, özü də tez-tez deyirdi:
- Ay uşaqlar, yavaş-yavaş düşün, tələsməyin.
Uşaqlar pilləkənləri düşüb dayandılar.
Artıq hava qaralmağa başlayırdı. Göldə bir dənə də olsa, qayıq yox idi. Qayıqların hamısı sahilə yan almışdı. Göl elə sakit idi ki, sanki yuxuya dalmışdı.
İlkin qarşıdakı meşəliyi göstərib dedi:
- İradə, bax, moruğu ordan yığmışıq.
Lalə tez dilləndi.
- Orda çoxlu çiyələk də var.
Anası gölün suyundan bir ovuc götürüb İradəyə göstərdi:
- Bir bax, gör necə də durudur. Göl lap yaşıl aynaya oxşayır.
İlkin:
- İradə, gölün necə əmələ gəlməsini bilirsənmi? - deyə soruşdu.
İradə çoxbilmiş adamlar kimi dilləndi:
- Vaxtilə buradan çay axırmış. Bir gün zəlzələ olub, dağlar uçub, həmin çayın hər tərəfini kəsib. Sonra da Göygöl əmələ gəlib.
İlkin onun sözünə əlavə etdi:
- Həmin çay elə Ağsu çayıdır.
Axşam düşürdü. Onlar bir az üşüdülər də. Tələsik pilləkənləri çıxmağa başladılar. Həyətə çatanda artıq hava qaralmışdı.
09.07.2021