
Anamın dəhlizdə birinə -“Gizli həmişə bəlli olur”- dediyini eşitdim. Anam otağa girəndə ondan soruşdum:
- “Gizli həmişə bəlli olur” nə deməkdir, ana?
-"Bu o deməkdir ki, kimsə vicdansız hərəkət etsə, onsuz da onun haqqında biləcəklər və o, etdiyi hərəkətdən utanacaq və cəzalandırılacaq" - anam izah etdi – Başa düşdün? .. İndi isə yat!
Dişlərimi fırçaladım, yatmağa getdim, amma yata bilədim, çünki sirrin necə aşkar olacağı haqqında düşünürdüm. Uzun müddət keçdi, nəhayət yuxuya getdim. Səhər oyandığımda atam artıq işdə idi və anamla mən evdə tək idik. Yenidən dişlərimi fırçaladım və səhər yeməyi yeməyə başladım.
Əvvəlcə yumurtanı soydum. Sonra sarısını yedim və yumurtanın ağının görünməməsi üçün qabıqla birgə çıxardım. Daha sonra anam mənim üçün boşqabda sıyıq gətirdi. Mən isə sıyıq yeməyi sevmirəm.
- Ye! – anam dedi. – Danışmadan ye!
Mən: - Sıyıq yemək istəmirəm!
Anam: - Gör kimə oxşayırsan! Axırda Koşşeyə dönəcəksən! Yeyib kökəlməlisən!
Mən:- Axı boğur məni!...
Anam yanımda oturdu, çiyinlərimdən qucaqladı və incə səslə soruşdu:
- Səninlə Kremlə getməyimi istəyirsən?
- Əlbəttə, Kremlə getmək istəyirəm! Çox istəyirəm! - anama tez bir zamanda cavab verdim.
Sonra anam gülümsəyib dedi:
- Yaxşı, bütün sıyığı ye qurtar, bir yerdə gedərik. Sən yeyib qurtarana kimi mən mətbəxdə qabları yuyacam, yalnız unutma – yeməyini sonuna qədər yeməlisən!
Anam mətbəxə getdi. Mən isə sıyıqla tək başına qaldım. Əvvəlcə qaşıqla qarışdırdım. Sonra duzladım. Çalışdım yeməyə - amma yemək mümkün deyil! Sonra düşündüm ki, bəlkə şəkər çatmır? Şəkər tozu səpdim, dadına baxdım ... daha da pisləşdi. Həm də çox qatı idi. Bəlkə sıyıq olsaydı, bəlkə başqa bir şey olardı, gözlərimi yumub içərdim… Sonra götürüb sıyığa qaynar su tökdüm. Amma yenə də sürüşkən, yapışqan və iyrənc idi. Əsas odur ki, mən sıyığı udanda boğazım istəmədən büzülür və bu sıyığı geri itələyir. Dəhşətli bir şeydi! Axı Kremlə getmək də istəyirəm! Sonra xatırladım ki, qıtıqotumuz var. Bütün bankanı götürüb sıyığın içinə tökdüm və biraz dadına baxanda gözlərim dərhal alnıma qalxdı və nəfəsim kəsildi, yəqin ki huşumu itirdim, çünki boşqabı götürdüm, tez pəncərəyə tərəf qaçdım və sıyığı küçəyə atdım. Sonra dərhal geri qayıdıb masanın arxasında oturdum.

Bu zaman anam içəri daxil oldu. Boşqaba baxdı və sevinərək dedi:
- Deniskam, nə yaxşı oğlandır! Bütün sıyığı dibinə qədər yeyib! İndi isə qalx, paltarını geyin, gedirik Kremlə gəzməyə! Anam məni başladı öpməyə.
Həmin anda qapı açıldı və otağa bir polis girdi. Polis bizimlə salamlaşdı və pəncərəyə yaxınlaşıb aşağı baxdı.
- Sizə nə lazımdır? - anam ciddi şəkildə soruşdu.
- Heç utanmırsız! - polis dedi - Dövlət sizi bütün şəraitli yeni mənzillər və bu arada zibil çöpü ilə təmin edir, siz isə müxtəlif pislikləri pəncərədən çölə atırsız!
- Böhtan atmayın. Heç bir şey çölə tökməmişik!
- Nə, tökməmisiz?! Polis istehza ilə güldü və dəhlizin qapısını açıb qışqırdı: - Zərərçəkən, gir içəri!
Bir dayı bizim evimizə gəldi. Ona baxan kimi dərhal Kremlə getməyəcəyimi anladım.
Bu əminin başında papaq var idi. Papağının üstündə isə bizim sıyığımız. Demək olar ki, sıyıq kişinin papağın tam ortasında, kənarları boyunca, çiyninə belə tökülmüşdü. Kişi içəri girəndə dərhal kəkələməyə başladı:
- Mmmməəənnn… mən şəkil çəkdirəcəydim ... və birdən belə bir hadisə ... Sıyıq ... mm ... sıyıq ... isti, yeri gəlmişkən, isti idi ... yanıqlar var ...... ff ... indi şəklimi necə çəkdirəcəm?!
Sonra anam mənə baxdı. Onun gözləri yamyaşıl olmuşdu və bu, anamın çox qəzəbləndiyinin əmin bir əlaməti idi.
- Bağışlayın, çox xahiş edirəm, - o , sakitcə dedi, - icazə verin, üstünüzü təmizləyim, bura gəlin!

Və üçü də dəhlizə çıxdılar.
Anam qayıdanda ona baxmaqdan çəkindim. Ancaq özümü üstələdim, onun yanına yaxınlaşdım və dedim:
- Ana, sən dünən düz deyirdin. Gizli həmişə bəlli olur!
Ana gözlərimin içinə uzun müddət baxdı və sonra soruşdu:
- Ömrünün sonuna qədər bunu xatırlayacaqsan?
- Bəli! - deyə ona əminliklə cavab verdim.
08.07.2021