Nağıllar, hekayələr

Mişkinaz Cavid. Bir xatirə

Bir gün yol ilə gedərkən bir nəfər dayanıb mənə salam verdi və dedi:


- Siz məni tanımasanız da, mən sizi tanıyıram. Hüseyn Cavid mənim müəllimim olmuşdur.

 

Biz asta-asta yeriyirdik. O öz keçmişini danışmağa başladı: “Mənim oxumağıma Hüseyn Cavid səbəb olubdur. Yaxşı yadımdadır, bir dəfə dərsdə qəmgin oturmuşdum. Həmişə tələbələrinə qarşı qayğıkeş olan Cavid müəllim dərsdən sonra məni yanına çağırıb dedi:

 

- Ay bala, nə olub, niyə belə qəmginsən? Gəmilərin dəryada batmayıb ki...”

 

Mən ona həqiqəti demək istəmirdim. Bilirdim ki, bu, müəllimimi kədərləndirəcəkdir. O, təkidlə kədərimin səbəbini soruşdu. Mən bildirdim ki, təhsilimi yarımçıq qoyub getmək istəyirəm. O, təəccüblə və bir az da acıqlı soruşdu ki, niyə? Mən ona danışmağa başladım:

 

- Anam xəstədir. İşləyə bilmir. İşləyib onu saxlamalıyam. Məndən başqa, qoca anamın heç kəsi yoxdur.

 

Cavid müəllim mülayim, lakin qəti bir səslə mənə dedi: ”Yox, bala, məktəbi yarımçıq qoyma. Ananı saxlamaq və xalqına xeyir vermək üçün sən mütləq oxumalısan...”

 

Səhərisi gün dərsdən sonra müəllim məni yenə yanına çağırdı və bir ata mehribanlığı ilə söhbət etdi. Söhbətdən sonra mənə bir kitab verdi. Oxumağımı tapşırdı. Kitabı yataqxanaya apardım. Kitabın içində balaca bir məktub, məktubun içində də 100 manat pul vardı. Məktubda yazılmışdı ki, pulu anana göndər, təhsilini də davam etdir. O, dəfələrlə mənə kömək etdi. Mən məktəbi oxuyub qurtardım. Neçə illərdir müəllimlik edirəm.